Ayaqlara qulluq (diabetik pəncəyə qulluq)


Diabetik xəstələrdə pəncəyə qulluğun əhəmiyyəti

Diabet zamanı qanda şəkərin miqdarının uzun müddət normadan yuxarı olması ayaqlarda xırda damarların və sinirlərin zədələnməsinə səbəb olur ki, bu da diabetə xas olan və ən çox rast gəlinən ağırlaşmalardandır. Belə hallarda diabet xəstəsinin ayaqları, xüsusilə də pəncələri, yaralanmalara daha çox məruz qalır. Diabet zamanı ayaqlarda hissiyyatın azalması səbəbindən xəstə aldığı kiçik zədə və yaraları adətən diqqətindən yayındırır. Bu cür zədələnmələr isə sonradan ağır və bərpa edilməz ağırlaşmalara gətirib çıxara bilər.

Diabet xəstəsi, pəncələrə qulluqla bağlı sadə qaydalara riayət etməklə, belə halların baş verməsinin qarşısını ala bilər.

Ayaq arteriyalarında hissiyyatın və pulsasiyanın təyin edilməsi məqsədilə ildə bir dəfədən az olmamaq şərtilə həkim müayinəsindən keçmək məsləhət görülür. 

Pəncələrə qulluq qaydaları

1. Hər gün ayaqlarınızı/pəncələrinizi yoxlayın. Xüsusilə ayaq altının, daban və barmaqlararası nahiyələrin dərisinin vəziyyətini qiymətləndirmək vacibdir. Bunu etmək çətindirsə, güzgüdən istifadə edin və ya qohumlarınızdan xahiş edin.

2. Pəncələrinizi hər gün axar su altında sabunla yuyun. Ayaq üçün vanna qəbul edirsinizsə, mütləq suyun temperaturunu yoxlayın (370C-dən yüksək olmamalıdır). Su termometri yoxdursa, suyu dirsəyinizlə yoxlayın. Duş qəbulundan və ayaqlarınızı yuduqdan sonra yumşaq dəsmalla pəncələrin dərisini, xüsusilə barmaq aralarını diqqətlə qurulayın.

3. Həddən artıq quru dəri olduqda pəncə dərisinə qulluq üçün xüsusi vasitələrdən (ayaqlar üçün nəmləndirici kremlərdən) istifadə edin.

4. Dırnaqlarınızı müntəzəm olaraq (həftədə 1 dəfədən az olmayaraq) dırnaq yeyəsi ilə səliqəyə salın. Döyənəkləri təmizləmək üçün süngər daşından istifadə edin. Qalınlaşmış dırnaq və ya döyənəyin öhdəsindən özünüz gələ bilmirsinizsə, həkim-endokrinoloqa müraciət edin.

5. Xüsusi seçilmiş ayaqqabı geyinirsinizsə, pəncələriniz etibarlı şəkildə qorunur. Ayaqqabı seçimi ilə bağlı həkim endokrinoloqdan məsləhət ala bilərsiniz. Hər dəfə ayaqqabını geyinməzdən əvvəl onun içini yoxlamağı adət şəklinə salın. Bu, ayaqqabının içinə düşmüş yad cisimləri və çıxan mismarları, onun bükülmüş içliklərini aşkarlayıb kənarlaşdırmağa kömək edir.

6. Pəncənizdə hər hansı bir zədə aşkarlandıqda onun ətrafındakı dərini antiseptic məhlulla (furasilin, miramistin, xlorheksidin) təmizləyin, zədələnmiş nahiyəni steril sarğı ilə bağlayın və həkimə müraciət edin. Evdə saxlanılan dərman qutusunda antiseptiklər, həmçinin steril salfet və bintlər, bakterial plastırlar olmalıdır. Səfərə hazırlaşanda bunların hamısını özünüzlə götürməyi unutmayın. Problem yaranıbsa (ayaqlarda ağrı, sağalmayan yaralar və s.), həkim-endokrinoloqa müraciət edin. Geyindiyiniz ayaqqabını həkimə göstərmək arzu olunandır.

7. Ayaqlarınız üşüyürsə, yun corab geyinin. Pəncələr üçün sadə məşqlər edin: barmaqların bükülməsi və açılması, pəncənin dairəvi hərəkətləri.

Bunlar təhlükəlidir!

1. Zədələnmə riskini nəzərə alaraq, dırnaqların və döyənəklərin təmizlənməsi zamanı iti və kəsici əşyalardan (qayçı, döyənək bıçaqları, ülgüc) istifadə etməyin. Həmçinin döyənək və ya dırnaqları yumşaldan vasitələrdən (döyənək məlhəmlərindən, plastırlardan) heç vaxt istifadə etməyin.

2. Pəncələrdə zədələnmiş dərini təmizləmək üçün spirtli məhlullardan (yodun spirtli məhlulu, brilliant yaşılı – “zelyonka”), həmçinin qatılaşdırılmış tünd kalium permanqanatı məhlulundan istifadə etməyin.

3. Ayaqları qızdırıcının (elektrik daxil olmaqla), buxar istilik batareyalarının, elektrik qızdırıcılarının köməyilə isitməyin.

4. Ayaqqabısız gəzməyin (hətta evdə belə). Bu, həm pəncənin dərisinin zədələnmə riski, həm də pəncəyə düşən ağırlığın artması ilə bağlı məsləhət görülür. Yüksək sürtülmə ehtimalı olduğu üçün yalın ayağa ayaqqabı geyinməyin.

5. Bütün gün ərzində və ya intensiv fiziki yük (tez yürüş, başqa hərəkət aktivliyi) nəzərdə tutulubsa, yeni ayaqqabı cütü geyinməyin.

6. Siqaretçəkmə orqanizminizə ziyandır, xüsusən də ayaqlarınızın sağlamlığı baxımından təhlükəlidir. Siqareti atmaq heç zaman gec deyil!

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...