Palliativ yardım tibbi və sosial fəaliyyət sahəsi olub, sağalması mümkün olmayan (və ya xəstəliyin son mərhələsində olan) xəstələrin əzabəziyyətinin qarşısının alınması və vəziyyətinin yüngülləşdirilməsi, həmçinin onların ailə üzvlərinin həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə ölüm vəziyyətində olan bütün xəstələrin 60%-nin palliativ yardıma ehtiyacı olur.
"Palliativ" tibbi termini latınca palio (örtürəm, qoruyuram) sözündən olub, xəstəyə müvəqqəti yüngüllük gətirən, lakin xəstəliyin tam sağalmasına hədəflənməyən dərman müalicəsi və yaxud cərrahi əməliyyat deməkdir.
Palliativ yardımın təminatı əlacsız xəstələrə diaqnoz qoyulan vaxtdan başlayır.
Palliativ yardımın əsas məqsəd və vəzifələri:
* Ağrının yüngülləşdirilməsi və xəstəliyin törətdiyi digər narahatedici simptomların azaldılması
* Xəstəyə və qohumlarına psixoloji dəstəyin verilməsi
* Ölümə insan həyatının təbii mərhələsi kimi baxılması
* Xəstə və yaxınlarının mənəvi-ruhi ehtiyaclarının ödənilməsi
* Sosial və hüquqi məsələlərin həll edilməsi
* Bioetik məsələlərin həll edilməsi
Palliativ yardım xidmətlərinin göstərilməsi aşağıdakı məkanlarda mümkündür:
- Xəstəxanada
- Ambulator şəraitdə
- Evdə
Palliativ yardım növünün seçimi xəstənin vəziyyəti, ailə durumu, ev şəraiti, xəstəxana və ya tibb məntəqəsindən uzaqlığı və xəstənin istəyi nəzərə alınmaqla təyin edilir. Palliativ yardım gündə 24 saat, həftədə 7 gün olmaqla təmin edilir.
Ömrünün son dövründə müalicənin effekt vermədiyini nəzərə alaraq, belə xəstələrə xəstəxana şəraitində hospis tibbi xidməti göstərilir. Hospisdə göstərilən palliativ yardım əsasən xəstədə fiziki və mənəvi əzabəziyyəti azaltmaq məqsədini daşıyır.
Həyatlarının sonunda ixtisaslaşdırılmış palliativ yardıma ehtiyacı olan xəstələr 3 əsas qrupa bölünürlər:
* Bədxassəli şiş xəstəliyinin 4-cü mərhələsində olan xəstələr
* QİÇS-in son mərhələsində olan xəstələr
* Son mərhələsinə çatmış qeyri-onkoloji xronik xəstəlikləri (ürək xəstəliyinin dekompensasiyası, ağciyər, qaraciyər və böyrək çatışmazlığı, dağınıq və ya ümumi skleroz, beyin qan dövranının disfunksiyasının ağır nəticələri və s.) olan xəstələr
Evdə palliativ yardım aşağıdakı qrup xəstələrə göstərilə bilər:
* Qan-damar sistemi orqanlarının xronik xəstəlikləri ilə 1-ci qrup əlilliyi olan xəstələr
* Xronik beyin-damar xəstəlikləri ilə 1-ci qrup əlilliyi olan xəstələr
* İİV/QİÇS-ə yoluxmuş, xəstəliyin 5-ci mərhələsində olan xəstələr
* Onkoloji xəstəliyin 4-cü mərhələsində olan xəstələr
İnsanlara mərhəmət etməyənə Allah mərhəmət etməz.
Hz. Məhəmməd (s.a.v)
Mərhəmət hissi insan varlığının əsas, bəlkə də yeganə qanunudur.
Fyodor Dostoyevski
Hər bir insan ... işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq halında və ondan asılı olmayan digər səbəblərə görə dolanışıq vəsaitlərini itirdiyi halda təminat hüququna malikdir.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Maddə 25