İşlə bağlı stress
Son yeniliklərTapşırıqların quruluşu. Ağır iş yükü, az istirahət, uzun iş saatları və növbəli iş; gərgin və əhəmiyyəti az olan gündəlik təkrarlanan tapşırıqlar işçi bacarıqlarına arxalanmır, onlara qiymət vermir.
Nümunə: Məhəmməd yorulana qədər işləyir. Təranə bütün günü kompüterlə işləyir, buna görə də şəxsi təşəbbüs və istirahət üçün çox az vaxtı qalır.
İdarəetmə üslubu. Qərar qəbulunda işçilərin iştirak etməməsi, təşkilat daxilində məlumat axını və ya kommunikasiyasının zəif təşkili, ailəli əməkdaşların fərdi ehtiyaclarının nəzərə alınmaması və ya ailə ilə iş arasında tarazlığın təmin olunmaması.
Nümunə: Təranə hər məsələ ilə bağlı müdirdən təsdiq alır , həmçinin şirkət onun ailə ehtiyaclarına qarşı laqeyddir.
Şəxsiyyətlərarası münasibətlər. Zəif inkişaf etmiş sosial mühit və həmkarlar və supervayzerlərin dəstək və ya köməyinin olmaması.
Nümunə: Təranənin fiziki baxımdan təcrid olunması onun digər işçilərlə ünsiyyət qurmaq və yaxud onlardan kömək almaq imkanını azaldır.
İş Rolları. Ziddiyyətli və ya qeyri-müəyyən iş gözləntiləri, həddindən artıq məsuliyyət, “ bir əldə bir neçə qarpız saxlamaq”.
Nümunə: Təranə həm sifarişçinin tələbatını, həm də şirkətin gözləntilərini qarşılayarkən tez-tez çətin vəziyyətdə qalır.
Karyera ilə bağlı narahatlıqlar. İşdə etibarsızlıq, habelə inkişaf, təkmilləşmə və ya irəliləyiş imkanlarının olmaması; işçilərin hazır olmadığı sürətli dəyişikliklər
Nümunə: Afətin işlədiyi zavodda yenidənqurma işləri aparıldığından, hər kəs şirkətin gələcəyi və sonra nə baş verəcəyi barədə narahatdır.
Ətraf Mühit Şərtləri. Sıxlıq, səs-küy, havanın çirklənməsi və ya erqonomik problemlər kimi xoşagəlməz və ya təhlükəli şəraitin mövcudluğu.
Nümunə: Əhməd iş yerində davamlı səs-küyə məruz qalır.
İşdə stress və sağlamlıq
Stress orqanizmi müdafiəyə hazırlanmaqla beyində həyəcan siqnalı yaradır. Sinir sistemində oyanma yaranır, hissləri artırmaq, nəbzi sürətləndirmək, tənəffüsü dərinləşdirmək və əzələləri gərginləşdirmək üçün hormonlar ifraz edilir. Təhlükəli vəziyyətlərə qarşı müdafiə olunmağa kömək etdiyi üçün bu reaksiya (bəzən mübarizə və ya mübarizə reaksiyası adlanır) zəruridir. Cavab reaksiyası bioloji olaraq əvvəlcədən proqramlaşdırılıb. Stressli vəziyyətin işdə və ya evdə baş verməsindən asılı olmayaraq hər kəs eyni şəkildə reaksiya verir.
Qısa müddətli və nadir hallarda baş verən stress hallarının sağlamlığa təsiri azdır.
Stess halları aradan qalxmadıqda və ya uzun müddət davam etdikdə, orqanizm daimi oyanıqlıq vəziyyətində olur ki, bu da orqanizmin bioloji sistemlərinin “işlənməsini, köhnəlməsini” və zəifləməsini artırır. Nəticə etibarilə, yorğunluq və zədələnmə halları və orqanizmin özünü bərpa və müdafiə etmə qabiliyyəti ciddi təhlükəyə məruz qala bilir. Beləliklə, xəsarət və ya xəstəliyə tutulma riskləri artır.
Son 20 il ərzində işlə bağlı stresslə müxtəlif xəstəliklər arasındakı əlaqələrə dair bir çox tədqiqatlar aparılmışdır. Əhval-ruhiyyənin aşağı olması, yuxunun pozulması, mədə fəaliyyətinin pozulması və baş ağrısı, ailə üzvləri və dostlarla münasibətlərin pozulması stresslə bağlı problemlərdir və adətən bu tədqiqatlarda tez-tez rast gəlinib. İşlə bağlı stressin ilkin əlamətlərini müəyyənləşdirmək adətən asandır. İşlə bağlı stressin xronik xəstəliklərə təsirini müəyyən etmək isə daha çətindir, çünki xronik xəstəliklər adətən uzun müddət ərzində inkişaf edir və stresslə bərabər bir sıra digər faktorların təsiri ilə bağlı olur. Buna baxmayaraq, araşdırmalarda müxtəlif növ xronik xəstəliklərin, xüsusilə də ürək-damar xəstəlikləri, skelet-əzələ pozuntuları və psixoloji pozuntuların inkişafında stressin mühüm rol oynadığı artıq sübuta yetirilib.
Səhiyyə xərcləri böyük stress ilə üzləşmiş işçilərdə təxminən 50% daha çox olur.
İşlə bağlı Stressin İlkin Xəbərdarlıq Əlamətləri
Bir sıra araşdırmalarda müəyyənləşdirilmişdir ki, psixoloji gərginliklə müşayiət olunan iş şəraiti işçilərdə ürək-damar xəstəliklərinin inkişaf riskini artırır.
Skelet-əzələ pozuntuları
Bir sıra tədqiqatlardan məlumdur ki, iş stressi bel və yuxarı ətrafların skelet-əzələ sisteminin xəstəlikləri riskini artırır.
Psixoloji Pozulmalar
Bir sıra araşdırmalara əsasən müxtəlif vəzifələrdə işləyənlər arasında psixi sağlamlıq problemlərinin dərəcəsi (depressiya və tükənmə sindromu kimi) qismən işlə bağlı müxtəlif dərəcəli stressləəlaqədardır. (Müxtəlif vəzifə daşıyıcıları arasındakı iqtisadi və həyat tərzi ilə bağlı fərqlər də bu problemlərin yaranmasına səbəb ola bilər).
İş yerində Zədələnmə
Daha çox tədqiqatların aparılmasına ehtiyac olsa da, stressli iş şərtlərinin təhlükəsiz iş fəaliyyətinə mane olması və işdə zədələnmələrə səbəb olması ilə bağlı narahatlıq vardır.
İntihar, Xərçəng, Xoralar, və İmmun Sistemin zəifləməsi
Bəzi araşdırmalar stressli iş şəraiti ilə yuxarıda verilmiş sağlamlıq problemləri arasında əlaqənin olduğunu göstərir. Buna baxmayaraq, bu sahədə daha çox tədqiqatların aparılmasına ehtiyac vardır.
Stress, sağlamlıq və məhsuldarlıq
Bəzi işəgötürənlər düşünür ki, bugünkü iqtisadi vəziyyətdə şirkətin məhsuldar və mənfəətli qalması üçün işçilərə təzyiqin göstərilməsi və sağlamlıqla bağlı problemlərin bir kənara qoyulması ilə müşayiət olunan stressli iş şəraiti zərurilikdən irəli gəlir.
Lakin araşdırmaların nəticələri bunu təkzib edir. Tədqiqatlar göstərir ki, stressli iş şərtləri həqiqətən işdən qalma və gecikmə hallarını artırır, habelə işçilərin işdən çıxmaq niyyətlərinin artmasına səbəb olur.
Bunlar isə biznesə mənfi təsir göstərir.
Sağlam mühitli təşkilatlarda aparılmış son araşdırmalar göstərib ki, işçilərin sağlamlığına diqqət yetirən və onun yaxşılaşdırılmasına yardımçı olan daxili təlimatlara malik təşkilatlar daha yaxşı nəticələrə malikdir. Sağlam təşkilatlarda işçilər arasında xəstələnmə və zədələnmə halları daha az olur, əlillik almış şəxslərin sayı isə azalır. Tədqiqatlardan sağlam, aşağı dərəcəli stressli iş və yüksək səviyyəli məhsuldarlıq aşağıdakı təşkilati xüsusiyyətlərlə əlaqələndirilib:
• Yaxşı iş qabiliyətinə və iş fəaliyyətinə malik işçilərin qiymətləndirilməsi
• Karyera inkişafı üçün imkanlar
• Hər bir fərdi işçini dəyərləndirən təşkilatdaxili mədəniyyət
• Təşkilati dəyərlərə uyğun idarəetmə tədbirləri
Stressin Qarşısının alınması və İş bacarığı
ABŞ-da “St. Paul Fire” və “Marine Insurance Company” şirkətləri tərəfindən xəstəxanada stressin qarşısının alınması proqramlarının təsirinə dair bir neçə tədqiqat aparmışdır. Bu tədqiqatlarda aşağıdakılar öyrənilmişdir:
- işçi və işlə bağlı stressin idarə olunması.
- təşkilatda stressin mənbələrinin aradan qaldırılması məqsədilə xəstəxanadaxili prosedur və siyasətlərdə dəyişikliklər.
- işçilərə dəstək proqramlarının yaradılması.
Tədqiqatların birinə əsasən 700 nəfərlik xəstəxanada stressin profilaktikasına yönəlik tədbirlər aparıldıqdan sonra dərmanların təyin edilməsi və qəbulu ilə bağlı həkim və orta tibb işçilərinin səhvləri 50%-dək azalmışdır. Digər tədqiqata əsasən stressin qarşısının alınması tədbirlərinin tətbiqi sayəsində 22 xəstəxanada həkim səhvi ilə bağlı şikayətlər və məhkəmə iddiaları 70%-dək azalmışdır. Bundan fərqli olaraq stressin qarşısının alınmasına yönəlik heç bir profilaktik tədbirlər görməyən kontrol qrupundan olan digər 22 xəstəxanada məhkəmə iddiaları və şikayətlərin sayı azalmamışdır.
İş Stressi ilə bağlı nə etmək olar?
İş stressi ilə bağlı aşağıda verilmiş nümunələrdə iki fərqli yanaşma nümayiş etdirilir.
Stressin idarə olunması. Mürəkkəb iş vəziyyətlərində işçilərin davranış qabiliyyətini inkişaf etdirmək və stressə davamiyyətini artırmaq üçün Təranənin şirkəti stressin idarə olunması ilə bağlı işçiləri üçün təlimlər təşkil edir və işçilərə dəstək proqramını icra edir. Məsələn, ABŞ-da böyük şirkətlərin təxminən yarısı işçiləri üçün stressin idarə olunması ilə bağlı müəyyən növ təlim keçirir. Stressin idarə olunması ilə bağlı bu cür təlim proqramları vasitəsilə stressin xarakteri və mənbəyi, stressin sağlamlığa təsiri, stressi azaltmaq üçün vaxtın idarə olunması və relaksasiya kimi fərdi bacarıqlarla bağlı işçilərə məlumat verilir (bu cür proqramlar həm iş, həm də şəxsi problemləri olan işçilərə fərdi məsləhətlər də verir). Stressin idarə olunması ilə bağlı təlim həyacan və yuxu pozuntuları kimi stress simptomlarını qısa zamanda azalda bilər. Stressin idarə olunmasına yönəlmiş bu cür təlim proqramları həmçinin bahalı olmur və onları həyata keçirmək asandır. Buna baxmayaraq, stressin idarə olunması proqramlarının iki mühüm əlverişsizliyi vardır:
• Stress simptomlarının aradan qaldırılmasına faydalı təsirləri adətən qısa müddətli olur.
• Onlar adətən stressin əsas səbəblərinin aradan qaldırılmasına yönəlmir, çünki işçinin işlədiyi mühiti yox, işçi ilə bağlı problemləri həll etməyə yönəlmiş olur.
Təşkilati dəyişiklik. Stressin idarə olunması ilə bağlı təlim və işçilərə dəstək proqramlarından fərqli olaraq, Əhmədin şirkəti iş şəraitinin yaxşılaşdırılmasına yardım etmək üçün kənardan məsləhətçi dəvət edir. Bu yanaşma işdə stressi azaltmaq üçün ən effektiv və dürüst yoldur. Bura işin stressli aspektlərinin (məs., həddindən artıq iş yükü, ziddiyyətli gözləntilər) müəyyənləşdirilməsi və stressə səbəb olan amillərin azaldılması və yaxud aradan qaldırılması üçün müvafiq strategiyaların tərtib edilməsi daxildir. Bu yanaşmanın üstünlüyü işdə stressin birbaşa əsas səbəblərinin müəyyənləşdirilməsidir. Buna baxmayaraq, menecerlər bəzən bu yanaşma ilə bağlı narahat olurlar, çünki bu zaman iş planında və ya istehsal qrafikində dəyişikliklər və yaxud təşkilatı strukturda dəyişikliklərin edilməsi tələb oluna bilər. Ümumi qayda olaraq, iş stressini azaldan tədbirlərdə iş şəraitlərini təkmilləşdirən təşkilati dəyişikliyə xüsusi əhəmiyyət verilməlidir. Buna baxmayaraq, iş şəraitinin yaxşılaşdırılması üçün ən düzgün cəhdlər belə bütün işçilər üçün stressi tam aradan qaldıra bilmir. Buna görə də, işdə stressin profilaktikası üçün ən faydalı və effektiv yanaşma təşkilati dəyişiklik ilə stressin idarə edilməsinə yönəlik tədbirlərin kombinasiyasıdır.
İşdə Stressin Qarşısının alınması: Kompleks Yanaşma
İş Stressinin qarşısını almaq üçün təşkilatın fəaliyyətinin dəyişdirilməsinə dair mühüm məqamlar:
• İş yükünün işçilərin imkan və resurslarına uyğun olmasını təmin etmək.
• İşçilərin bacarıqlarından istifadə etmələri üçün işçiləri məqsəd, stimul və imkanlarla təmin etmək.
• İşçilərin vəzifə və öhdəliklərini aydın şəkildə müəyyənləşdirmək.
• İşçilərə gördükləri işə təsir edən tədbirlərə və ya fəaliyyətlərə dair qərarların verilməsində iştirak etmək imkanı vermək.
• Ünsiyyəti təkmilləşdirin – karyeranın inkişafı və gələcək işəgötürmə perspektivləri ilə bağlı inamsızlığı və qeyri-müəyyənliyi azaltmaq.
• İşçilər arasında qarşılıqlı sosial əlaqə imkanları yaratmaq.
• İşdən kənar tələb və vəzifələrə uyğun iş qrafikləri tərtib etmək.
İşlə bağlı stressin qarşısının alınması - Nədən başlamalı?
Stressin qarşısının alınması proqramını tərtib etmək üçün heç bir standart yanaşma və ya sadə “necə etməli” təlimatları yoxdur. Stressin profilaktikası üçün tətbiqi nəzərdə tutulan proqramların tərtibatında təşkilatın ölçüsü və daxili strukturunun mürəkkəbliyi, mövcud resurslar və xüsusilə də təşkilata xas unikal stress növləri nəzərə alınmalıdır. Məsələn, Məhəmmədin şirkətində başlıca problem işin çoxluğudur. Təranə isə ictimaiyyətlə çətin münasibətlər və tələb olunduqda fərdi ehtiyaclara uyğun dəyişdirilməsi mümkün olmayan iş rejimindən təngə gəlib.
İşdə stressin qarşısını almaq üçün universal məlhəm olmasa da, təşkilatlarda stressin profilaktikası üçün müvafiq təlimat və qaydalar tövsiyə etmək mümkündür. Bütün hallarda stressin qarşısının alınması prosesi üç fərqli mərhələdən ibarətdir:
• problemin müəyyən edilməsi
• dəyərləndirmə
• müdaxilə
Bu mərhələlərin hər biri üçün təşkilat və onun əməkdaşları hazırlıqlı olmalıdır. Stressin qarşısının alınması proqramının hazırlıq prosesinə ən azından aşağıdakılar daxil olmalıdır:
• Proqramın icrası ilə bağlı təşlilatın ali rəhbərliyinin dəstəyinin əldə olunması və öhdəliklərinin müəyyənləşdirilməsi
• Proqramı həyata keçirmək üçün texniki imkanların yaradılması (məsələn, daxili işçi heyəti üçün ixtisaslaşdırılmış təlim və ya iş stressi ilə bağlı konsultasiyalardan istifadə).
• Proqramın bütün mərhələlərində işçilərin cəlb olunması və iştirakının təmin olunması
• İş stressi barədə ümumi maarifləndirmənin aparılması (səbəblər, maliyyə tutumluğu və nəzarət)
• İşçiləri və ya işçilər və menecerləri birlikdə bir komitədə və ya problem həll edən qrupda bir araya gətirmək stressin profilaktikası proqramının tərtib edilməsi üçün xüsusilə faydalı yanaşma ola bilər.
Stressin qarşısının alınması mərhələləri
Əhval-ruhiyyənin aşağı olması, sağlamlıqla bağlı problemlərin yaranması, işlə əlaqəli şikayətlər və şəxsi heyatdakı dəyişikliklər əksər hallarda stressin ilkin əlamətləridir. Bəzən, xüsusilə də, işçilər öz işlərini itirmək qorxusu yaşayarkən stressin səbəblərini və mövcudluğunu aşkarlamaq çətinləşir. Aydın və ya geniş yayılmış əlamətlərin olmaması iş stressi ilə bağlı narahatlıqları inkar etmək və ya stressin qarşısını almaq üçün müvafiq tədbirlərin zəruriliyini danmaq üçün yaxşı səbəb deyil.
Mərhələ 1: Problemin müəyyən edilməsi. Təşkilat daxilində olan stressin mənbəyi və miqyasının araşdırılması metodu müəyyən dərəcədə təşkilatın ölçüsündən və mövcud resurslardan asılıdır. Menecerlər, əmək fəaliyyəti ilə məşğul olanlar və işçilər arasında aparılan qrup müzakirələri zəngin məlumatların əldə olunmasını təmin edir. Kiçik şirkətlərdə stresslə bağlı problemlərin mənbəyini və həllini tapmaq üçün bu cür müzakirələrə ehtiyac duyulur. Daha böyük təşkilatlarda isə bu cür müzakirələr çoxlu sayda işçidən stressli iş şəraitləri haqqında fikirlərin toplanılması məqsədilə formal axtarışların həyata keçirilməsinə kömək etmək üçün istifadə oluna bilər. Məlumat toplamaq üçün istifadə olunan üsuldan asılı olmayaraq işçilərin iş şəraitləri, stress, sağlamlıq və məmnuniyyət kimi anlayışlara yanaşma tərzlərini özündə əks etdirən məlumatlar toplanılmalıdır.
İşçilərlə qrup müzakirələrinin keçirilməsi:
- İşçilər arasında keçiriləcək sorğunun tərtib edilməsi,
- İş şərtləri, stress, sağlamlıq, və məmnunluq barədə işçilərin fikirlərini dəyərləndirmək,
- Obyektiv məlumatların toplanması,
- Problemin mövcud olduğu sahələri və stressli iş şərtlərini müəyyənləşdirmək üçün məlumatların təhlil edilməsi.
Stressə səbəb olan iş şərtlərinin siyahısı, xəbərdaredici əlamətlər və stressin təsirləri hansı növ məlumatın toplanılmalı olduğuna qərar vermək üçün əsas yaradır.
İşə gəlməmək, xəstəlik və işçilərin əvəzlənməsi və ya iş fəaliyyətində yaranmış problemlər kimi obyektiv meyarlar da, iş stressinin növünü və əhatə dairəsini qiymətləndirmək üçün təhlil oluna bilər. Lakin bu meyarlar ən yaxşı halda iş stressinin əlverişsiz göstəriciləri hesab oluna bilərlər.
Müzakirələr, axtarışlar və digər resursların xülasəsi hazırlanmalı və stress probleminin mövcud olduğu sahə və iş şərtləri barədə suallara cavab vermək üçün təhlil olunmalıdır. Bu suallara misal olaraq aşağıdakını göstərə bilərik: “Problemlər bütün təşkilatda mövcuddur yoxsa yalnız ayrı-ayrı şöbələr və ya hansısa vəzifələrlə məhdudlaşır?” Tədqiqatın tərtibatı, məlumatların təhlili və stressin qarşısını alan tədbirlərin digər aspektləri bu sahənin ekspertlərindən köməyin əldə edilməsini tələb edir.
2-ci addım — Müdaxilə strategiyalarının müəyyənləşdirilməsi və icrası. İşlə bağlı stressin mənbələri müəyyənləşdirildikdən sonra problemin miqyası aydınlaşır və müdaxilə strategiyasının yaradılması və həyata keçirilməsi üçün növbəti addım atılır.
Kiçik təşkilatlarda stresslə bağlı problemlərin müəyyən olunmasına kömək etməklə yanaşı qeyri-rəsmi müzakirələr (diskussiyalar) həm də stressin qarşısının alınması üçün səmərəli fikirlərin ərsəyə gəlməsinə yardım edə bilər. Böyük təşkilatlarda isə daha rəsmi proseslərin həyata keçirilməsinə ehtiyac duyulur. İş stressi ilə məşğul olan komanda və ya şöbənin əməkdaşlarından əksər hallarda 1-ci mərhələdə toplanılmış məlumatların təhlili və kənardan dəvət olunmuş ekspertlərlə məsləhətləşmələrdən sonra müvafiq tövsiyələr vermək tələb olunur.
Bütün hallarda stresslə mübarizə üçün uğurlu tədbirlər planı aşağıdakılara cavab verməlidir:
• Dəyişiklik üçün stressin mənbəyi hədəfə alınmalıdır.
• Müdaxilə strategiyaları təklif edilməli və prioritetləşdirilməlidir.
• Planlaşdırılmış müdaxilə strategiyaları barədə işçilər məlumatlandırılmalıdır.
• Müdaxilə strategiyaları həyata keçirilməlidir.
Qeyri-səmimi iş mühiti kimi müəyyən problemlər təşkilata nüfuz etdikdə bütün şirkətdə müdaxilə strategiyalarının həyata keçirilməsinə ehtiyac duyular. Həddən artıq çox işlə yüklənmə kimi problemlər isə yalnız bəzi şöbələrdə mövcud ola bilər. Və onların aradan qaldırılması və ya profilaktikası üçün işin icra olunduğu üsulun yenidən müəyyənləşdirilməsi kimi çox asan həll yolu ola bilər. Bütün bunlara baxmayaraq bəzi problemlər yalnız müəyyən növ işçilərə xas olur və təşkilatı dəyişikliklə həll edilmir. Belə olan təqdirdə işçilərə yardım üçün müdaxilə strategiyaları müəyyənləşdirilir. Bəzi müdaxilə tədbirləri dərhal həyata keçirilə bilər (məsələn, ünsiyyətin təkmilləşdirilməsi, stressin idarə edilməsi təlimi), lakin digərlərinin həyata keçirilməsi üçün əlavə vaxta ehtiyac duyulur (məsələn, istehsal prosesinin yenidən qurulması və ya dəyişdirilməsi).
3-cü addım — Müdaxilə tədbirlərinin qiymətləndirilməsi. Qiymətləndirmə müdaxilə prosesində zəruri addımdır. Müdaxilənin arzu olunan nəticələr verib vermədiyini və bu istiqamətdə dəyişiklərə ehtiyacın duyulub duyulmadığını müəyyənləşdirmək baxımından, qiymətləndirmənin aparılması zəruri hesab olunur. Müdaxilə tədbirlərinin qiymətləndirilməsi üçün müddətlər təyin edilməlidir.
• Həm qısa, həm də uzun müddətli qiymətləndirmələr həyata keçirilməlidir.
• İş şərtləri, stress, sağlamlıq və məmnunluq barədə işçilərin fikirləri dəyərləndirilməlidir.
• Yalnız ölçülə bilən tədbirlərin təsiri qiymətləndirilməlidir
• Müdaxilə strategiyası yenidən işlənməli və ya ona korreksiyalar edilməlidir. Bundan sonra 1-ci mərhələ üzrə addımlara yenidən nəzər salmaq tələb olunur.
Təşkilatı dəyişikliklərə səbəb olan müdaxilələr üçün həm qısa, həm uzun müddətli əsaslı şəkildə tədqiqat həyata keçirilməlidir. Proqramın səmərəliliyinin ilkin göstəricilərini və ya yenidən istiqamətləndirmə üçün mümkün ehtiyacları müəyyənləşdirmək məqsədilə üç aydan bir qısa müddətli qiymətləndirmələr həyata keçirilməlidir. Bir çox müdaxilələrin ilkin nəticələri qısa müddətli olur və onların təsiri uzun müddət müşahidə edilmir. Uzun müddətli qiymətləndirmələr adətən ildə bir dəfə aparılır və onlar müdaxilələrin davamlı təsirinin öyrənilməsi baxımından zəruridir.
Qiymətləndirmələr problemin müəyyənləşdirilməsi mərhələsində işçilərin iş şərtləri, stressin səviyyəsi, sağlamlıqla bağlı problemlər və məmnunluq dərəcəsinin dəyişməsi kimi məqamları araşdırmağa çalışmalıdır. İşçilərin fikirləri adətən stressli iş şərtlərinin ən həssas meyarıdır və bu fikirlər bir çox hallarda tətbiq edilmiş müdaxilənin səmərəliliyinin ilk göstəricisidir. İşdən qalma və səhiyyə xidmətlərindən istifadə xərcləri kimi obyektiv meyarların da nəzərə alınması təhlil üçün faydalı ola bilər. Lakin qeyd edilməlidir ki, iş stressinin aradan qaldırılmasına yönəlik tədbirlərin bu cür obyektiv meyarlara təsiri çox gec özünü göstərir və aydın müəyyən edilməyə də bilər. İş stressinin qarşısının alınması prosesi qiymətləndirmə ilə yekunlaşmır. Əslində iş stressinin profilaktikasına yönəlik tədbirlər proqramına müdaxilələr, onların nəticələrinin qiymətləndirilməsi, qiymətləndirmə əsasında müdaxilələrə düzəlişlərin və əlavələrin edilməsindən ibarət davamlı proses kimi baxılmalıdır.