Depressiya

Son yeniliklər

Əsas faktlar

* Depressiya ən geniş yayılmış psixi pozuntulardan biridir. Hesablamalara görə, bütün yaş qrupları arasında depressiyadan 350 milyon insan əziyyət çəkir.

* Depressiya dünyada əlilliyin əsas səbəblərindən biri hesab edilir və qlobal xəstəliklərin sırasında ilk yerləri tutur.

* Kişilərə nisbətən, qadınlar daha çox depressiyaya məruz qalır.

* Depressiyanın ən ağır nəticəsi intihardır.

* Depressiyanın effektli müalicə növləri mövcuddur. 

 

Ümumi müddəalar

Depressiya – halsızlıq, ruh düşkünlüyü, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur. Depressiya ağırlaşdıqda sağlamlığa ciddi fəsadlar verir və  insanın məktəb, iş, ailə həyatında fəaliyyət funksiyasının zəifləməsinə təsir göstərir.

Hər il 800 mindən çox insan intihar edərək dünyasını dəyişir. Bu, 15-29 yaş arasında olan insanların ölüm səbəbinin ikinci əsas göstəricisidir.

Depressiyanın effektli müalicə növlərinin mövcud olmasına baxmayaraq, dünyada ondan əziyyət çəkənlərin cəmi 10%-i müalicə alır. Psixi pozuntularla əlaqəli tibbi yardımın göstərilməsi üzrə hazırlanmış təchizatın  və resursların kifayət qədər olmaması insanların depressiyadan effektli müalicə almasına maneələr yaradır. Digər bir maneə isə depressiyadan əziyyət çəkənlərə  çox zaman səhv diaqnozun qoyulması və bu xəstəliyi olmayanlara antidepresantların təyin olunmasıdır.

Depressiya və digər psixi sağlamlıq pozulmaları qlobal miqyasda artmaqdadır. 2013-cü ilin may ayında Ümumdünya Səhiyyə Assambleyası psixi pozuntular üzrə əlaqələndirilmiş  kompleks tədbirlərin həyata keçirilməsinin milli səviyyədə təşkilinə çağıran qətnamə qəbul etdi.

Depressiyanın simptomlar və növləri

Simptomların miqdarına və ağırlıq dərəcəsinə görə depressiv epizodlar yüngül, orta və ya ağır formalarda özünü biruzə verir. Yüngül formada depressiv vəziyyət keçirən insan sadə işləri görməkdə və ictimai fəaliyyətlə məşğul olmaqda müəyyən çətinliklər yaşasa da, həyat fəaliyyəti funksiyasını tam itirmiş olmur. Ağır formalı depressiyada isə insan çalışa və ya ictimai fəaliyyətlə məşğul ola bilmir, ailədə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Belə şəxslər  məhdud bir çərçivədə fəaliyyət göstərməklə kifayətlənirlər. Rekurrent depressiv pozuntu – təkrarlanan depressiv vəziyyətdir. Belə vəziyyətdə insan məyusluq və ruh düşkünlüyü əhvalında olur, sevinc hislərini, ətrafa marağını itirir, həyat enerjisinin azalmasına görə minimum iki həftə ərzində fəliyyət aktivliyi də  azalır. Depressiyada olan insan təşviş, yuxu pozğunluğu, iştahsızlıq və  özünəinam hissinin itməsindən, o cümlədən tibbi nöqteyi-nəzərdən izah oluna bilinməyən müxtəlif simptomlardan əziyyət çəkir. Bipolyar affektiv pozuntu – maniakal və depressiv epizodlarla özünü biruzə verərək, normal həyat fəaliyyətinin fasilələrlə dəyişməsinə səbəb olur. Maniakal epizodlar həyəcanlı və əsəbi əhvalı, həddindən artıq aktivliyi, özünü yüksək qiymətləndirməni, yuxuya olan tələbatın azlığını özündə cəmləşdirir.   

Depressiyanın inkişafına səbəb olan faktorlar və onun profilaktikası

Depressiya sosial, psixoloji və bioloji faktorların bir-biri ilə əlaqəli inkişafının çətinliyi zamanı inkişaf edir. Həyatında mənfi hadisələr (iş yerinin, yaxınların və ya doğmaların itkisi, psixoloji travma) yaşayan insanlarda böyük ehtimalla depressiya yarana bilir. Depressiya öz növbəsində stressi artırır, normal həyat funksiyasını zəiflədir, vəziyyəti daha da çətinləşdirərək, ağır formalı depressiyaya yol açır. Depressiya ilə fiziki sağlamlıq arasında əlaqə də mövcuddur, belə ki, ürək-damar xəstəlikləri zamanı depressiya yarana bilər. Təyin olunmuşdur ki, profilaktika üzrə həyata keçirilən proqramlar depressiya yükünün azalmasına müsbət təsir göstərir. Müxtəlif fərdlər arasında depressiyaya effektiv profilaktik yanaşma həm də uşaq və yeniyetmələrə müsbət düşünmə qabiliyyətini aşılamaq üçün məktəb proqramları hazırlamaq metadologiyasını özündə birləşdirir. Davranış problemləri olan uşaqların valideynləri üçün nəzərdə tutulmuş tədbirlər valideynlərdə depressiya siptomlarının azalmasına və övladlarının davranış nəticələrinin müsbətə doğru dəyişməsinə şərait yarada bilər.

Diaqnoz və müalicə

Orta və ağır dərəcəli depressiyaların effektiv müalicə növləri mövcuddur. Tibbi yardım sistemində çalışan həkimlər xəstəliyin ağırlıq yükündən asılı olaraq, həm psixolji təsir prosedurlarından (pasiyentin maarifləndirilməsi, depressiyaya, onun müxtəlif təzahürlərinə koqnitiv davranış terapiyası, müalicə metodları və profilaktikasına dair məlumat verən mütəmadi görüşlər və s.), həm də antidepresantlar (serotoninin intraneyronal udulmasının seçici inhibitoru (SİUSİ), serotoninin və noradrenalinin intraneyronal udulmasının seçici inhibitoru (SNİUSİ) kimi) vasitəsi ilə müxtəlif müalicə növlərindən istifadə edirlər.

Antidepresantın seçimi pasiyentin xəstəlik tarixi, ailə anamnezi, preparatın əlavə təsiri və təhlükəsizlik profili ilə müəyyənləşdirilməlidir. Əgər pasiyentin hər hansı bir preparata həssas olan qohumu varsa, bu təqdirdə, o, həmin preparata həssas ola bilər. Preparatın klinik profil özəllikləri də seçimi müəyyənləşdirə bilər. Medikamentoz müalicə orta-ifadəli və ya ağır depressiya diaqnozu qoyulan pasiyentlərə təyin edilməlidir. Depressiyanın yüngül mərhələsində medikamentoz müalicənin faydasının onun təhlükəsindən geridə qaldığını nəzərə alaraq, medikamentlərin ilkin təyini tövsiyə edilmir. Belə hallarda həkim 2 həftə pasiyentin halını diqqətlə müşahidə etməli və qeyri-medikamentoz müdaxilə həyata keçirməlidir.