Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə Fəaliyyət Planın 7.2 (Xəstəliklərin profilaktikası haqqında vətəndaşların gigiyenik tərbiyəsi və təhsili sisteminin təkmilləşdirilməsi) bəndinə əsasən İSİM tərəfindən əhalinin tibbi savadlığının və tibbi mədəniyyətinin inkişaf etdirilməsi, habelə qeyri-infeksion və infeksion xəstəliklər barədə məlumatlılığının artırılması məqsədilə Pasiyentlərin Tibbi Təhsili üzrə Sağlamlıq Portalının yaradılması qərara alınmışdır.
Müxtəlif xəstəliklər səbəbindən ölüm və xəstələnmə hallarının profilaktikası məqsədi ilə geniş əhali və xüsusilə də gənclər arasında maarifləndirmənin aparılması məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılmış www.saglamliq.isim.az internet saytında Qeyri-infeksion Xəstəliklərə dair Məlumat Portalı yaradılıb. Burada sübutlu təbabət əsasında şəkərli diabet, yüksək qan təzyiqi, artıq çəki və piylənmə, sağlam qidalanmanın əsasları, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, fiziki aktivliyə dair məlumat və tövsiyyələr, habelə iş yeri ilə bağlı stress və onun idarə olunması, uşaqlar və böyüklərdə onkoloji xəstəliklərin erkən aşkarlanması və profilaktikasına dair digər faydalı məlumatlar yer alacaqdır. Bununla yanaşı istənilən şəxs portalda yaradılmış “Mənim Sağlamlığım” bölməsinə daxil olaraq, ümumi sağlamlıq durumunu qiymətləndirməklə sağlamlıq üçün risk faktorlarını müəyyənləşdirə və onların aradan qaldırılması, profilaktikası üçün dəyərli məsləhətlər əldə edə biləcəkdir.
Həmçinin məlumdur ki, ana və uşaq ölümünün azaldılması, təhlükəsiz doğuşların aparılması, hamiləlik dövründə infeksiyaların profilaktikası, yenidoğulmuşlara keyfiyyətli tibbi qayğının göstərilməsi reproduktiv sağlamlıq strategiyasının əsas elementləridir və dövlətin ən əhəmiyyət verdiyi sahələrdəndir. Reproduktiv sağlamlığın qorunmasında geniş əhali və xüsusilə də gələcək valideynlər arasında maarifləndirmənin aparılması çox önəmlidir. Bu səbəbdən www.saglamliq.isim.az internet saytında Reproduktiv Sağlamlığa dair xüsusi portal yaradılıb. Bu portalda tibb elminin ən son məlumatları əsasında geniş əhalinin asan başa düşə biləcəyi dildə fizioloji hamiləlik və doğuş, hamiləlik dövrünün infeksiyaları və onların müalicəsi, yenidoğulmuşlara qayğı, hamiləlik dövründə şəkərli diabet, yüksək qan təzyiqi və çəki artımı, doğuş zamanı və doğuşdan sonra baş verən qanaxmalar və onların profilaktikası, habelə kişi və qadınlar, uşaq və yeniyetmələr üçün reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair onlarla digər faydalı mövzulara aid məlumatlar yer alacaqdır.