Qripdən necə qorunmalı?

Son yeniliklər

Qrip (influenza) – qrip virusunun törətdiyi xəstəlikdir. Bu virusun müxtəlif növləri var. Qrip öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə digər insanlara ötürülür. Virusun mövcud olduğu səthlərə təmas edilən zaman yoluxma halı yüksəkdir. Ona görə də qrip sürətlə yayıla bilən bir xəstəlikdir.   

Qripin əlamətlərinə yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq daxildir. Xəstəlik adətən 2-7 gün davam edir. Qripə yoluxan insanların əksəriyyəti tamamilə yaxşılaşır. Bəzən isə, tənəffüs yollarının infeksiyası və ya pnevmoniya ilə bağlı şikayətlər meydana çıxır.   

Xəstəliyin ağırlaşmalarına körpələr, yaşlılar, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar, eləcə də immun sistemi zəif olan şəxslər arasında daha tez-tez rast gəlinir. Bəzən ağırlaşmalar ölümlə nəticələnə bilər.

Qrip virusunun A, B və C tipli 3 növü var. Daha çox A və B tipli virus əhali arasında geniş yayılıb. Qış fəslində qrip virusunun müxtəlif növləri epidemiyaya çevrilərək, yoluxma ehtimalını artırır. Bu, mövsümi qrip adlanır.  Mövsümi qrip epidemiyası dövründə yayılmış qrip virusuna yoluxma ehtimalı daha çoxdur. Qış aylarında bu dövr əksər hallarda 6-8 həftə davam edir.       

Donuz qripi H1N1v adlı A tipli qrip virusunun ştamı vasitəsilə yaranır və 60 yaşdan yuxarı şəxslərə nisbətən , daha çox uşaqlar və gənclər arasında yayılıb. A tipli virusa yoluxmuş əksər şəxslərdə qripin yüngül formasına uyğun şikayətlər ola bilər. Onlarda həmçinin ishal (diarreya) və ya ürək bulanması müşahidə olunur. Qeyd: quş qripi fərqli və daha kəskindir.     

Mövsümi qrip əleyhinə immunizasiya

Qripə qarşı immunizasiya (qripə qarşı peyvənd) 1 il ərzində mövsümi qripə yoluxma halının qarşısını alır. Qripə qarşı peyvənd olunan hər 10 nəfərdən 7-8-də xəstəliyə qarşı immunitet güclənir. İmmunizasiya hər il adətən, oktyabr və ya noyabr aylarında keçirilir. Bu vaksin, növbəti qış baş verməsi gözlənilən qrip virusu ştamından hazırlanır. Qrip virusu hər il müxtəlif forma aldığından, yeni peyvəndin hazırlanmasına ehtiyac var. Qripə yoluxmamaq üçün hər il peyvənd olunmaq lazımdır.     

Qripə qarşı peyvənd öskürək, soyuqdəymə və qripə bənzər xəstəliklərə səbəb ola biləcək digər viruslu infeksiyanın qarşısını almır. Bu, yalnız növbəti qışda baş verməsi gözlənilən spesifik qrip virusunun qarşısını alır.   

Böyüklər üçün tətbiq olunan vaksində,  adətən,  aktiv qrip virusu olmur. Bu o deməkdir ki, o, qrip və ya digər infeksiyalar yaratmır. Qripə qarşı vaksin tətbiq olunduqdan qısa müddət sonra öskürək və ya soyuqdəymə təsadüf nəticəsində baş verə bilər. 

Mövsümi qrip virusu əleyhinə kimlərə vaksin tətbiq olunmalıdır?

Mövsümi qrip spesifik tipli qrip virusu olub, payız fəslində müşahidə olunur. Qripin forması hər il dəyişir. Nəticə etibarilə, potensial qrip növünə qarşı hər il yeni peyvənd hazırlanır. Peyvənd vurulduqdan sonra 14 gün ərzində tam immunitet formalaşır.   

Adətən, Səhiyyə Nazirliyi vaksinin kimlərə tətbiq olunmalı barədə tövsiyələr verir. Burada əsas məqsəd qriplə xəstələnmənin ehtimalı çox olan şəxslərdə yoluxma halının qarşısını almaqdır. Aşağıdakı şəxslərə payız fəslində mövsümi qripə qarşı vaksinin tətbiq olunması tövsiyə olunur:

  • Yaşı 65-dən yuxarı olan şəxslərə;

  • Davam edən (xroniki) ağciyər xəstəliyi olanlara, məsələn, xroniki bronxit, emfizema, fibrokistoz və ağır astmadan əziyyət çəkənlərə (müntəzəm olaraq inhalyasiya steroidləri və həblərdən istifadə edən);

  • Xroniki ürək xəstəliyi olanlara, məsələn, stenokardiya, ürək çatışmazlığından əziyyət çəkənlərə və yaxud nə vaxtsa infarkt keçirənlərə;

  • Ağır böyrək xəstəliyi olanlara (nefrotik sindrom, xroniki böyrək xəstəliyi, böyrək çatışmazlığı, böyrək köçürülməsi);

  • Sirroz kimi ağır qaraciyər xəstəliyi olanlara;

  • Diabet xəstəliyindən əziyyət çəkənlərə;

  • İmmuniteti zəif olanlara, məsələn, kimyaterapiya və yaxud steroid müalicəsi alanlara (bir aydan çox), QİÇS xəstəliyi olanlara və ya dalağı çıxarılanlara;

  • Dağınıq skleroz kimi ağır sinir sistemi xəstəliyi olanlara və yaxud keçmişdə insult keçirən şəxslərə;

  • Xroniki xəstələr üçün müalicə mərkəzi və yaxud uzunmüddətli qayğı mərkəzində müalicə alan şəxslərə. 

Onu da qeyd edək ki, bu vaksin tənəffüs yolları infeksiyasına görə xəstəxanaya gətirilən uşaqlar üçün də məsləhət görülür.

Əsas siyahıya əlavə olaraq, aşağıda qeyd olunan insanlar risk qrupuna aiddirlər:

  • Əgər qoca və ya əlil insana qulluq edirsinizsə, deməli, siz artıq risk qrupunda sayılırsınız. Sizin qripə yoluxmanız onların sağlamlığı üçün təhlükə yarada bilər, odur ki, gərək sizin güclü immunitetiniz olsun;

  • Xəstələrə birbaşa qulluq edən (xəstəxana və digər qulluq yerləri daxil olmaqla) heyətə  qripə qarşı peyvənd olunmaq rəhbərlik tərəfindən təklif oluna bilər;

  • Hamilə qadınlar hətta sağlam olsalar belə, onlara qripə qarşı peyvənd vurdurmaq tövsiyə olunur.

Əgər sağlamsınızsa və yaşınız 65 yaşdan aşağıdırsa və siz bu kateqoriyalara daxil deyilsinizsə, onda sizin immunizasiyaya ehtiyacınız yoxdur. Ona görə ki, sizdə qripin fəsadlarının yarana biləcəyi ehtimalı azdır.

Hamilə qadınlar niyə qripə qarşı peyvənd olunmalıdırlar?

Hamilə qadınlarda ciddi xəstəliklərin yaranma riski yüksəkdir. Həmçinin onların digər qadınlara nisbətən, xəstəxanaya düşmə ehtimalı daha çoxdur. Hamiləlik və döşlə əmizdirmə zamanı mövsümi qripə qarşı peyvənd vurulması heç bir problem yaratmır.

Mövsümi qrip əleyhinə peyvəndin  hər hansı əlavə təsiri varmı?

Mövsümi qripə qarşı immunizasiya (qripə qarşı peyvənd) adətən, heç bir fəsad törətmir. İynənin vurulduğu yerdə müvəqqəti olaraq yüngül ağrı hiss edə bilərsiniz. Bəzən hərarətiniz (qızdırma) bir az qalxa bilər və əzələlərdə yüngül ağrı ola bilər. Bu ağrılar tezliklə keçir və qrip və ya başqa problemlərə gətirib çıxartmır. Uşaqlara vurulan vaksin böyüklərə vurulan vaksindən fərqlidir. Bu vaksinin tərkibində zəifləndirilmiş qrip virusu var. O, sağlam uşaqda qrip yaratmayacaq. Lakin əgər sağlam uşaq immuniteti zəif olan digər uşaqla bir məkanda olarsa (məsələn, leykemiya, İİV xəstəliyi olan və yaxud sümük iliyi köçürülməsi olan uşaq), onda onlara vaksinin xüsusi növü (aktiv olmayan) vurulmalıdır. Vaksinin aktiv, yəni zəifləndirilmiş növü uşaqlarda qripin qarşısının alınmasında daha effektivdir.

Mövsümi qrip əleyhinə kimlər peyvənd olunmalıdır?

İnsanların böyük əksəriyyətinə immunizasiya ola bilər. Lakin aşağıda qeyd edilən şəxslərə immunizasiya əks göstərişdir:

  • Yumurtaya qarşı ağır allergiyası olan insanlar. Amma siz donuz qripinə qarşı müxtəlif  immunizasiyalar edə bilərsiniz;

  • Bundan qabaq immunizasiyaya qarşı allergiyası olan insanlar.

Ədəbiyyat: