Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |
Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə edir. Bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən - səhiyyədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparılır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür. İslahatların səmərəliliyinin artırılması və ümumiyyətlə ictimai səhiyyənin müvəffəqiyyətli təşkili üçün mükəmməl elmi-nəzəri bazanın mövcud olması zəruri şərtlərdən biridir. Buna görə də 2006-cı ilin sentyabrında Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyevin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması barədə qərarı səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım oldu.
İctimai səhiyyə dedikdə, profilaktik, klinik xidmətlər, tibb müəssisələrinin xidmətlərinə nəzarətlə yanaşı, milli səhiyyə sisteminin fəaliyyətinə aid olan - sağlamlığa birbaşa və ya dolayı yollarla təsir edən amillərə nəzarət, ətraf mühitin mühafizəsi məsələləri, sağlam həyat tərzinin təbliği və dəstəklənməsi, sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün strategiyaların, səhiyyə proqramlarının hazırlanması, əhalinin tibbi xidmətlərlə təminatında sosial bərabərliyin təmin edilməsi, səhiyyə siyasəti, iqtisadiyyatı və s. kimi daha geniş aspektləri əhatə edən mütəşəkkil fəaliyyətlər nəzərdə tutulur. “İctimai səhiyyə insanların sağlam olması üçün tələb olunan şəraitin təmin edilməsi işində yerli, dövlət, milli və beynəlxalq resursların səfərbər edilməsi və əlaqələndirilməsi deməkdir” (Detels & Breslow, 2002).
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əsasnaməsi də məhz bu konsepsiyanın başlıca məqamlarını özündə əks etdirir. Beləliklə, İSİM ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir. Eyni zamanda İSİM Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə islahatların elmi əsaslandırılması, səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təkliflər hazırlayır.
İSİM-in strukturu da məhz bu məqsədlərə nail olunması nəzərə alınmaqla təşkil edilmişdir.
İSİM-də aşağıdakı şöbələr fəaliyyət göstərir:
- Səhiyyə siyasəti və islahatlar şöbəsi
- Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsi
- İlkin səhiyyənin təşkili şöbəsi
- Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsi
- Tibbi keyfiyyət standartları şöbəsi
- Layihələrin əlaqələndirilməsi şöbəsi
- Əhalinin sağlamlığı şöbəsi
- Telekommunikasiya şöbəsi
- Monitorinq və təhlil şöbəsi
- Tibb müəssisələrinin tikinti, təminat və dizaynı üzrə məsləhət şöbəsi
- Təlim-resurs şöbəsi
Bununla yanaşı, İSİM-in poliklinika və laboratoriya şöbələri əhaliyə ambulator tibbi xidmət göstərir. Mərkəzdə nəzəri şöbələrlə yanaşı praktiki şöbələrin də fəaliyyət göstərməsi gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bir çox layihələrin (ailə həkimi, icbari tibbi sığorta və s.) ilkin sınaqdan keçirilməsi baxımından müvafiq baza rolunu oynaya bilər.
İSİM öz kadr ehtiyatları ilə unikal bir səhiyyə təşkilatıdır. Mərkəzdə tibb işçiləri ilə yanaşı digər ixtisaslı mütəxəssislərin, o cümlədən hüquqşünas, iqtisadçı, memar, ekoloq, mühəndis, psixoloq, səhiyyə kommunikatoru, sosioloq və jurnalistlərin də fəaliyyət göstərməsi ictimai səhiyyə anlayışına müasir yanaşma ilə səsləşir. Belə çoxixtisaslı heyətin yaradılması, şübhəsiz, ictimai səhiyyə sahəsində layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
İSİM cəmi bir neçə ildir ki, fəaliyyət göstərdiyi üçün onun institusional inkişafı və əməkdaşlarının peşəkar təkmilləşdirilməsinə böyük diqqət yetirilir. Burada ictimai səhiyyə, tibb müəssisələrinin idarə edilməsi, səhiyyə iqtisadiyyatı, sübutlu təbabət, epidemiologiya və biostatistika, səhiyyə kommunikasiyası və s. mövzularda yerli və beynəlxalq aparıcı mütəxəssislərin iştirakı ilə daim təlimlər keçirilir. Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF, Qlobal Fond və digər beynəlxalq təşkilatlar tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrdə İSİM-in iştirakı da onun əməkdaşlarının təcrübələrinin artmasına kömək edir.