Ana südü ilə qidalandırmanın üstünlükləri
Ana südü ilə qidalandıran qadınlara 15 məsləhət:
1. Körpəni 6 ayına qədər yalnız ana südü ilə qidalandırın. Bu müddətdə döşlə əmizdirmə laktasiyanı stimullaşdırır.
2. Əgər doğuşdan sonrakı ilk günlərdə əmizdirmə mümkün olmursa, əl ilə və ya süd sağan aparatla südü sağın.
3. Doğuşdan sonra ilk 6 həftə ərzində körpəni hər yemək tələb etdiyi halda əmizdirin (bu müddətdə qida rejiminin müəyyən etmək vacib deyil).
4. İlk narahatlıq əlamətləri yaranan anda körpəni sakitləşdirmək üçün dərhal onu əmizdirməyi düşünməyin (bu, isti və ya soyuğun təsiri, körpənin yerini islatması və yaxud da, sadəcə ünsiyyət tələb etmə səbəblərindən ola bilər).
5. İki aylığında körpənin qidalanma rejimini təyin edin (rejim təyin olunmadıqda, körpə gecələr tez-tez oyanır, narahat olur).
6. Əmizdirmə zamanı sizə rahat olan vəziyyəti seçin (narahat vəziyyətdə boyunda, beldə ağrılar meydana çıxır, onurğada və əllərdə artıq gərginlik yaranır).
7. Əgər süd vəzisində çatlar yaranıbsa, kremlərdən istifadə edin (çatların yaranmaması üçün çalışın ki, uşaq döş giləsini düzgün tutsun. Bu, həm də körpənin əmmə zamanı havanı udmaması üçün vacibdir).
8. Uşağı əmizdirərkən vacib olan göz kontaktını qurun, onu tərifləyib əzizləyin və gülümsəyin.
9. Doğuşdan sonrakı 3-4 ay ərzində stress yarada biləcək faktorları (gərgin işləri, sizi narahat edən qohumları və dostları, televiziya xəbərlərini) özünüzdən kənarlaşdırın. Bu, ona görə vacibdir ki, südün hasil olma prosesi gərginlik zamanı azalır.
10. Çox qida qəbul etməyin. Hasil olan südün keyfiyyəti qidanın çox qəbul edilməsindən asılı deyil. Çalışın, rasionunuz balanslaşdırılmış, vacib vitaminlər və minerallarla zəngin olsun. Qəbul etdiyiniz kalori isə yağsız ət, tərəvəzlər, meyvələr, bütöv dənli çörək, yarmalar və ağartı məhsullarından ibarət olsun.
11. Körpənizə ilk 6 ay ərzində su (çay) verməyin! Ana südündə yetərincə maye var (ana südü 87-90% sudan ibarətdir) və bu, hətta istidə belə körpənin tələbatlarını ödəyir. Gün ərzində 2 litrdən az olmayaraq maye qəbul edin. Laktasiyanın artması məqsədi ilə şüyüd, razyana, yonca və ya kəklikotulubitki çayları içmək olar.
12. Soyuqdəymə zamanı əmizdirməni saxlamayın. Bu, uşağınız üçün ən zərərsiz variantdır, çünki ana südündə uşaqda infeksiyalara qarşı müqavimət yaradan immunoqlobulinlər vardır. Əmizdirmə zamanı üzünüzə birdəfəlik tibbi maska taxsanız yetər.
13. Uşağınıza südün çatmaması ilə bağlı narahatsınızsa, “yaş bezlər” testini sınayın. Bir sutka ərzində adi bezdən istifadə edin: əgər həmin sutkada uşaq 6 dəfə sidiyə gedirsə və sidik açıq-sarı rəngdədirsə, deməli qəbul etdiyi süd ona yetərincədir.
14. Əgər uşaq əmizdirmə zamanı hər dəqiqə narahatlıq göstərərək ağlayırsa, bu, aşağıdakıların əlaməti ola bilər;
- uşağın burnu tutulub, nəfəs alması çətinləşib
- boğazı ağrıyır
- başı ağrıyır
- qarını ağrıyır
- ağzında iltihab var, ya da dişləri çıxır
- narahat olmağının səbəbi sizdədir (sizin artıq hərəkətləriniz ona əmməyə maneçilik törədir)
- sizin əsəbililiyiniz uşağa keçir
- süd həddən artıq çox gəlir.
15. Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 12-14 ayından tez düşünməyin. Menyusuna 6 ayından sonra düzgün qaydada digər qidalar əlavə edə bilərsiniz.
Ana üçün:
- Uşaqlığın yığılmasına kömək etməklə doğuşdan sonrakı qanaxmaların qarşısını alır
- Laktostaz və mastitin qarşısını alır
- Süd vəzisində və yumurtalıqlarda bədxassəli yenitörəmələrin inkişaf riskini aşağı salır
- Doğuşdan sonrakı ilk aylarda yeni hamiləlikdən çəkinməyə kömək edir
- Ailənin büdcəsinə müsbət təsir göstərir
Körpə üçün:
- Uşaqda fiziki, psixo-emosional inkişafa və müsbət keyfiyyətlərin formalaşmasına imkan yaradır
- Tamdəyərli qida
- Tez həzm olunur
- Uşağın ahənglə böyüməsinə və zehni, inkişafına imkan yaradır
- Uşaqda diatezin, raxitin, anemiyaların yaranmasının qarşısını alır
- Körpənin mədə-bağırsaq və respirator infeksiyalardan, pnevmoniyadan qoruyur
- Daha böyük yaşda piylənmənin, allergiyanın, diabetin, ürək-damar, onkoloji və digər xəstəliklərin yaranmasının qarşısını alır
Ən effektiv südgətirici vasitə sizin bir ana kimi uşağınızı əmizdirməyə qabil olmağınız və ana südünün onun üçün ən ideal və əvəzsiz qida olmasına əminliyinizdir!