Ümumdünya Qlaukoma Cəmiyyətləri Assosiasiyası (WGA) və Qlaukomalı Pasiyentlərin Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə (WGPA) 6 mart 2008-ci il tarixindən başlayaraq, hər il dünyada “Ümumdünya Qlaukoma Günü” qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd qlaukoma haqqında əhalini məlumatlandırma işinin gücləndirilməsidir.
Qlaukoma nədir?
Gözdə daima xüsusi maye əmələ gəlir. Qlaukoma yarandıqda xəstə gözdə sirkulyasiya pozulur, maye yığılır və gözdaxili təzyiq artmağa başlayır. Bunun nəticəsində göz alması görmə sinirini sıxır və onu zədələyir. Belə halda insan pis görməyə başlayır. Sonra periferik görmə pozulur və nəticədə görmə zonası məhdudlaşır. Görmə siniri məhv olarsa, görmə qabiliyyətinin tam itirilməsi baş verir (bu isə heç vaxt bərpa olunmur). Qlaukoma görmə qabiliyyətinin itirilməsinin və zəif görmənin əsas səbəblərindəndir (qlaukoma zamanı kəskin tutmalar nəticəsində də görmənin qəfildən itirilməsi mümkündür).
Xəstəlik, adətən, 40 yaşdan yuxarı insanlarda yaşla əlaqədar görmə zəifləməsinin təbii fizioloji prosesləri fonunda inkişaf edir. Qlaukomanın inkişafının əsas risk faktorları yaxın qohumlarda (valideynlər, bacı və qardaşlar) bu xəstəliyin olmasıdır. Xəstəliyə meyllilik nəsildən-nəslə ötürülə bilər.
Digər risk faktorları:
-
yaxından görmə və ya anadangəlmə uzaqdan görmə,
-
60-65-dən yuxarı yaş,
-
hipertoniya,
-
iltihab xəstəlikləri (keratit, uveit, sklerit),
-
büllurun dislokasiyası (tərpənməsi),
-
katarakta,
-
gözün distrofik xəstəlikləri (qüzehi qişanın atrofiyası),
-
gözün yaralanmaları, yanıqları,
-
gözdə cərrahi əməliyyatlar,
-
gözdə şiş,
-
qalxanabənzər vəzin, sinir sisteminin xəstəlikləri və s. qlaukomanın inkişaf ehtimalını xeyli artırır.
Həmçinin qlaukoma xarakterli olmayan gözdaxili təzyiqin artması – “gözün hipertenziyası” deyilən anlayış da mövcuddur. “Gözün hipertenziyası”nın qlaukomadan fərqi ondadır ki, bu proses xoşxassəli davam edir və bu zaman görmə siniri zədələnmir. Gözün hipertenziyası yerli və ya ümumi müxtəlif xəstəliklər, orqanizmin intoksikasiyası, endokrin pozulmalar nəticəsində, uzun müddət yüksək dozada hormonlar qəbul etdikdə və s. yarana bilər.
Anadangəlmə qlaukomanın səbəbi isə gözün embrional inkişaf anomaliyaları və həmçinin doğuşdan əvvəl və ya doğuş zamanı keçirilmiş digər göz xəstəliklərinin (şiş, iltihab, travma) nəticəsi ola bilər.
Əksər hallarda qlaukoma hər iki gözdə inkişaf edir, əlamətlər olmadan davam edir və müalicə aparılmadıqda görmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Xəstəlik zamanı sinir zədələnməsinin qarşısını almaq mümkün deyil. Lakin bir sıra müalicə üsulları vardır ki, gözdaxili təzyiqi normallaşdırmağa, xəstəliyin artmasının qarşısını almağa kömək edir. Bu məqsədlə, adətən, xüsusi preparatlar, göz damcıları və ya cərrahi üsullar tətbiq olunur.
Bilmək vacibdir!
Qlaukomanın ilk əlamətlərini yalnız oftalmoloq aşkar edib müalicəyə korrektə verməklə xəstəliyin gedişinə nəzarət edə bilər. Xəstəlik nə qədər tez aşkar olunarsa və pasiyentə diqqətlə həkim nəzarəti davam etdirilərsə, görməni uzun illər boyu qoruyub saxlamaq ehtimalı da bir o qədər yüksək olar. Buna görə də müntəzəm şəkildə profilaktik müayinələrdən keçmək, 40 yaşdan yuxarı insanların isə qlaukomanın ilk əlamətləri üzə çıxdıqda oftalmoloqa müraciəti çox vacibdir.
Aşağıdakı əlamətlər olduqda təcili oftalmoloqa müraciət edin:
-
görmənin pisləşməsi artdıqda (tez-tez eynək dəyişmək tələb olunursa)
-
parlaq işıq mənbəyinə baxdıqda rəngbərəng dairələr yaranırsa
-
göz yuvası nahiyəsində ağrı və ya təzyiq hissi varsa (xüsusən səhərlər)
-
dumanlı görmə, görmə dairəsində aydın olmayan şəkilli sahələr, periferik görmə sərhədlərinin daralması (əsasən gözün daxili bucağı tərəfdən) varsa
Profilaktika
Hətta ehtimal olunan əlamətlər olmadıqda belə, 40 yaşdan sonra görmə itiliyini və gözdaxili təzyiqi yoxlamaq məqsədilə poliklinikada mütəmadi olaraq, profilaktik oftalmoloji müayinədən keçmək vacibdir. Bu prosedurlar xoşagəlməz hisslər vermir və sağlamlıq üçün də təhlükəsizdir. Mütəxəssislər qlaukomanın inkişafına meylli faktorları sizdə aşkar edərlərsə, ildə bir dəfədən az olmayaraq, müayinəyə getmək lazımdır. Oftalmoloqun mütəmadi müayinəsi və öz sağlamlığınıza diqqətli yanaşma xəstəliyin inkişafının və ağırlaşmanın qarşısını almaqda sizə kömək edər.