Anemiya (dəmir defisitli anemiya)


Dəmir defisitli anemiya nədir?

Dəmir insan qanının vacib maddələrindən biridir. O,hemoqlobinin yaradılmasında iştirak edir. Hemoqlobin qırmızı qan hüceyrələrinin tərkib hissəsi olaraq,oksigeni orqanizmin bütün toxumalarına çatdırır. Beləliklə dəmir çatışmamazlığı qanın qırmızı hüceyrələrinin azalmasına səbəb olur. Bu da hemoqlabinin səviyyəsinin düşməsinə və toxumaların lazmi miqdarda oksigen ala bilməməsinə gətirib cıxarır. Bu vəziyyətə dəmir defisitli anemiya deyilir. 

Statistikaya görə,dünya əhalisinin təxminən üçdə birində dəmir defisiti var.

Dəmir defisitli anemiya - dəmirin orqanizmimizə daxil olmasının, mənimsənilməsinin pozulması və ya xəstəliklər səbəbindən itirilməsi nəticəsində hemoqlobinin qanda normal səviyyəsinin azalması deməkdir.

Normada hemoqlobinin qanda səviyyəsi:

qadınlarda:                      120-140 q/l

kişilərdə:                         130-160 q/l

uşaqlarda:                       1-6 yaş - 110 q/l-dən yuxarı

6 yaşdan yuxarı:             120 q/l-dən yuxarı 

Dəmir defisitli anemiyanın əsas əlamətləri

Əgər sizdə aşağıdakı əlamətlərdən bir neçəsi varsa,deməli,dəmir defistli anemiyanın olmasından şübhələnməlisiniz.

  • Süstlük 
  • Tez yorulma 
  • Yuxululuq
  • Başgicəllənmə
  • Dad hissinin qarışması
  • Dəri örtüyünün solğunluğu (xüsusilə ovucların və selikli qişaların)
  • Dərinin quruluğu
  • Ağız bucaqlarında çatlar 
  • Dilin selikli qişasının hamarlaşması
  • Köndələninə cızıqlanmış dırnaqlar, onlarda qaşığa bənzərliyin formalaşmasına meyllilik
  • Saçların qırılması və tökülməsi
  • Ürək döyünmə hissi.

 

Uşaqlarınızda bəzi əlamətlərə xüsusilə fikir verməlisiniz:

  • İştahanın azalması
  • Tez tez soyuqlama
  • Yaşıdları ilə müqayisədə fiziki,əqli və psixi inkişafdan geri qalma 
  • İshal və qəbizliyin növbələşməsi

Dəmir defisitli anemiya kimlər üçün risklidir?

Qadınlar - aybaşı zamanı itirilən qanın nəticəsində qadınların orqanizmində dəmirin miqdarı azalır.

Körpələr və uşaqlar - qəbul olunan ana südünün və ya uşaq qarışıqlarının tərkibində lazımi miqdarda dəmir olmadıqda onlarda dəmir defisiti riski meydana çıxa bilər. 

Yeniyetmələr - intensiv boy inkişaf etdikcə əlavə dəmir tələb olunur  (bu element əzələlərin inkişafı üçün də çox vacibdir)

Vegetarianlar - ət, balıq, ev quşları orqanizmin dəmir ehtiyatlarının artırılması üçün ən yaxşı qida maddələri olduğuna görə bunlardan imtina edildikdə qanda dəmirin miqdarı azala bilər.

Qan donorları - qanda hemoqlobinin səviyyəsinin normada qalması üçün qan donarları ildə 5 dəfədən çox olmamaq şərtilə yalnız 2 aydan bir qan verə bilərlər.

Bu qruplara aid olan insanlar hətta heç bir xəstəlik əlaməti hiss etməsələr də, profilaktika məqsadi ilə həkim müayinəsindən keçməlidirlər.

Dəmir defisitli anemiyanın müalicəsinin əsasları

Dəmir defisitli anemiya zamanı həkim və diyetoloqlar bir qayda kimi, qida rasionuna tərkibi dəmirlə zəngin olan ərzaq növlərinin  daxil etməyi tövsiyyə edirlər. Bu, birinci növbədə, ət məhsulları (xüsusilə malın qaraciyəri), toyuq əti yumurta, bütün yarma növləridir (xüsusilə qarabaşaq yarması). Dəmir həmçinin noxud, lobya, yulaf yarması, qara gavalı, kişmiş, şokolad, qoz, əncir və nar kimi ərzaqlarında tərkibinə daxildir.

Lakin yadda saxlayın ki,dəmir defisitli anemiyanı yalnız düzgün pəhriz hesabına müalicə etmək mümkün deyil!

DƏMİR DEFİSİTLİ ANEMİYANIN MÜALİCƏSİ DƏMİR PREPARATLARI İLƏ APARILIR.

Bu dərman vasitələri xəstənin əsaslı müayinəsindən sonra həkim tərəfindən təyin edilməlidir.

DƏMİR TƏRKİBLİ DƏRMANLARI ÖZBAŞINA QƏBUL ETMƏYİN,ƏKS HALDA DƏMİRİN QANDA MİQDARININ ARTMASI NƏTİCƏSİNDƏ ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ!

Bunları bilmək vacibdir:

  • Dəmir defisitini aradan qaldırmaq üçün hökmən dəmir preparatı qəbul edilməlidir
  • Preparat əsasən həb şəkilində qəbul edilir.
  • Askorbin turşusu, yəni vitamin C dəmirin sorulmasını gücləndirir. Məsələn,təzə limon və ya portağal şirəsini qidada istifadə etmək bu cəhətdən xeyirlidir.
  • Daxilə qəbul olunan dəmir preporatlarının ac qarına və turş meyvə şirəsi ilə qəbulu  dəmirin sorulmasını artırır. Əgər mədənizdə narahatçılıq varsa, bu zaman dəmir preparatlarını yemək zamanı qəbul etməyiniz məsləhətdir.
  • Yemək zamanı kompot, şirə, giləmeyvə və ya meyvə dəmləmələri, saf su kimi içkilər daha məsləhətlidir.
  • Dəmirin sorulması qidada olan bəzi maddələrin təsirindən azala bilər. Qida ilə birlikdə çay və ya qəhvə qəbulu həll olmayan  tanin komplekslərinin əmələ gəlməsi ilə əlaqədar dəmirin sorulmasını azaldır.Ona görə də çay və ya qəhvəni yeməkdən bir qədər sonra içmək lazımdır.
  • Dəmir preparatının qəbulu 4-6 ay davam etdirilməlidir.

 

Yadda saxlamaq lazımdır ki, hemoqlobinnin qanda səviyyəsi normallaşan kimi dəmir preparatlarının qəbulunu birdən-birə dayandırmaq düzgün deyil, bu proses 3-4 ay ərzində, tədricən olmalıdır.

Hamilə olmayan bütün qadınlar 17-25 yaşlar arasında dəmir defisitli anemiyanın olub-olmamağına görə ən azı bir dəfə müayinə edilməlidirlər. Risk faktorlarının mövcudluğu zamanı müayinələrin daha tez-tez (ildə bir dəfədən az olmayaraq) aparılması tələb olunur.

Hamilə qadınlar daha çox dəmir defisitli anemiya riskinə malikdirlər. Bütün hamilə qadınlarda həkimə birinci müraciət zamanı və hamiləliyin sonrakı müddətində heç olmasa bir dəfə hemoqlobinin səviyyəsi yoxlanılmalıdır. Hamiləlik zamanı qanda hemoqlobin 105 q/l-dən AŞAĞI ENMƏMƏLİDİR!

Valideynlərin nəzərinə

Valideynlər bilmədirlər ki, əgər onların övladı 

  • Vaxtından əvvəl doğulubsa:
  • Yeni doğulan dövrdə çəkisi normadan az olubsa:
  • Əsas qida rasionu dəmirlə zənginləşmiş inək südündən ibarətdirsə,

 

Bu halda dəmir defisitli anemiyanın olma ehtimalı çox yüksəkdir!

Valideynlər üçün uşaqlarda dəmir defisitli anemiyanın profilaktikasına dair məsləhətlər:

  • 6 aylınadək müstəsna olaraq ana südü ilə qidalandırmaq
  • Ana südü ilə qidalanmanın vaxtından əvvəl kəsildiyi hallarda uşağın 12 aylığınadək tərkibində dəmir olan uşaq yeməklərindən istifadə etmək 
  • Vaxtından əvvəl və ya az çəki ilə doğulmuş uşaqlara heyatlarının 1-ci ayından gec olmayaraq tərkibində dəmir olan siropların (gündə 2mq/kq - maksimum 15mq/kq )qəbuluna başlamaq  
  • 1yaşadək inək südünün qəbulundan imtina etmək
  • Dəmir preparatlarını uşaqların əli çatmayan yerlərdə saxlamaq
  • 6 aylıqdan başlayaraq tərəvəzlərin, 8-9 aylıqdan isə ət qəbuluna başlamaq
  • Dəmirin mənimsənilməsini yaxşılaşdırmaq məqsədi ilə qida rasionuna askorbin turşusu ilə zəngin maddələrin daxil etmək (meyvələr, tərəvəzlər və ya onlardan hazırlanan şirələr).

 

Vaxtında doğulmuş uşaqlar 6 aylığında, vaxtından əvvəl doğulmuşlar isə 3 aylığından gec olmayaraq hemoqlobinin qanda səviyyəsinin təyin edilməsinə görə yoxlanılmalıdırlar!

 

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...