Qrip


Sadə təlimat

Yadda saxlayın: virusun necə adlandırılmasından (mövsümi, “donuz qripi”, “quş qripi”, pandemik və s.) asılı olmayaraq, bilməyiniz vacibdir ki, bu, virusdur, hava-damcı yolu ilə ötürülür və tənəffüs orqanlarını zədələyir.

Profilaktika

Qanınızda müdafiəedici antitellər olmadıqda, virusa yoluxsanız, bu halda xəstələnə bilərsiniz. Antitellər isə iki halda yaranır: qriplə xəstələndikdə və ya qripə qarşı peyvənd olunduqda.

1. Peyvənd - profilaktik tədbirlər sırasında  birinci yeri tutur. Mümkün olduğu halda özünüzü və övladlarınızı qripə qarşı peyvənd etdirin.

2. Profilaktik təsiri sübut olunmuş heç bir dərman və xalq təbabəti vasitəsi yoxdur. Yəni nə soğan, nə sarımsaq, nə də qəbul etdiyiniz həblər ümumiyyətlə, hansısa respirator virusdan, xüsusən də qrip virusundan müdafiə qabiliyyətinə malik deyil.

3. Virusun mənbəyiyalnız insandır. İnsanlar az olan yerlərdə xəstələnmə şansı da az olur.

4. Tibbi maska – xeyirli vasitədir, lakin hər dərdə dərman deyildir. Onu xəstənin üzündə görmək daha yaxşı olardı: bu, virusun ötürülməsinin qarşısını almasa da, viruslarla həddən artıq zəngin olan tüpürcək damcılarını saxlaya bilər. Sağlam adama isə bu, lazım deyil.

5. Xəstənin əlləri – virus mənbəyi kimi heç də az əhəmiyyət daşımır. Xəstə əli ilə üzünə toxunduqda virus əllərə keçir, xəstə ətrafdakı əşyaları götürdükdə və siz də sonra həmin əşyalardan istifadə etdikdə ÜRVİ – ümumi respirator virus infeksiya yaranır.

6. Üzünüzə toxunmayın. Əllərinizi tez-tez və davamlı olaraq yuyun, özünüzlə dezinfeksiyaedici gigiyenik salfetlər gəzdirin, əllərinizi tez-tez silin!
Burun dəsmalı yoxdursa, öskürüb-asqırdığınız zaman üzünüzü əlinizlə deyil, dirsək büküşünə tutmağa çalışın və bunu uşaqlarınıza da öyrədin.

7. Hava! Virus hissəcikləri quru isti və dəyişməyən havada saatlarla öz fəallığını saxlayır, lakin sərin, nəm və dəyişkən havada isə demək olar ki, dərhal məhv olurlar. Otaqda havanın optimal göstəriciləri – istilik 20°C, rütubət 50-70% olmalıdır. Otaqların havasının tez-tez və intensiv şəkildə dəyişilməsi mütləq vacibdir. Bütün isidici vasitə sistemləri havanı qurudur. Döşəmələri yuyun. Uşaq kollektivlərində otaqların nəmləndirilməsini və havanın dəyişdirilməsini təkidlə tələb edin.

Daha yaxşı olar ki, əyninizi qalın geyinəsiniz, lakin isidici qurğulardan istifadə etməyəsiniz.

8. Yuxarı tənəffüs yollarında hər zaman selik əmələ gəlir. Selik yerli immunitetin fəaliyyətini, yəni selikli qişaların müdafiəsini təmin edir. Selik və selikli qişalar quruyursa, deməli, yerli immunitetin fəaliyyəti pozulur, viruslar zəifləmiş immunitetin müdafiə həddini rahatlıqla keçir və insan xəstələnir. Yerli immunitetin başlıca düşməni quru hava və həmçinin selikli qişanı qurudan dərmanlardır. Bunların məhz hansı dərmanlar olduğunu bilmədiyiniz üçün (bunlar bəzi allergiya əleyhinə və demək olar ki, soyuqdəymə əleyhinə kombinə olunmuş bütün vasitələrdir) yaxşı olardı ki, üzərinizdə təcrübə aparmayasınız.

9. Selikli qişaları nəmləndirin! Sadə üsul: 1 litr qaynadılmış suda 1çay qaşığı xörək duzunu qarışdırın və hansısa bir boş flakonun (məs.: işlənilib boşaldılmış burun damcısı dərmanı qabı) içərisinə tökün. Bu vasitə ilə məhlulu vaxtaşırı burnunuza damızdırın (burunda quruluq hiss etdikdə, ətrafda insanların çox olduğu zaman daha tez-tez, hətta hər 10 dəqiqədən bir). Bu duzlu məhlul ilə həmçinin ağız boşluğunuzu da yaxalayın.

Müalicə

Ozeltamivir (“Tamiflyu”) qrip virusunu məhv edə bilən demək olar ki, yeganə preparatdır. “Tamiflyu” neyraminidaza zülalını blok etməklə (H1N1 adındakı məhz N-i) real olaraq virusu məhv edir. “Tamiflyu” adi asqırma hallarında qəbul etmək üçün deyildir. “Tamiflyu” preparatı xəstəlik ağır keçdiyi hallarda və ya risk qrupundan olan insan (yaşlılar, asmatiklər, diabetiklər) hətta yüngül formada xəstələndiyi zaman istifadə olunur.

Müalicə qaydaları

Əyninizi qalın geyinin, otaqda sərin və nəm şəraiti saxlamaqla, havanı tez-tez dəyişin. Temperatur 18-20°C, rütubət 50-70% olmalıdır.

Yeməyə özünüzü (uşağı) məcbur etməyin. Yemək istəyi varsa, yalnız yüngül duru yeməklər yeyin.

Çoxlu maye (kompot, morslar, çay (uşağın çayına xırda doğranmış alma əlavə etmək), kişmiş ərik qurusu dəmləmələri) qəbul edin.

Buruna tez-tez duz məhlulları damızdırın.

Temperaturu aşağı salmaq məqsədilə yalnız parasetamol və ya ibuprofen qəbul etmək olar. Aspirin qəbul etmək olmaz!

Yuxarı tənəffüs yollarının (burun, boğaz, udlaq) zədələnmələri zamanı bəlğəmgətirici vasitələrdən istifadəyə gərək yoxdur, onlar öskürəyi daha da gücləndirə bilər.

Virus infeksiyalar antibiotiklərlə müalicə olunmur. Antibiotiklər kəskinləşmə riskini azaltmır, əksinə artırır.

Həkim bu vəziyyətlərdə vacibdir

 

  • xəstəliyin dördüncü günü yaxşılaşma yoxdursa
  • xəstəliyin yeddinci günü yüksək temperatur varsa
  • yaxşılaşmadan sonra yenidən pisləşmə baş verərsə
  • ümumi respirator virus infeksiyasının yüngül əlamətləri olan halda ağır vəziyyət müşahidə olunarsa
  • dəridə solğunluq olarsa, susuzluq hissi, təngnəfəslik, güclü ağrılar, irinli ifrazat (ayrılıqda və ya birgə) varsa
  • öskürək güclənərsə
  • parasetamol və ibuprofen bədənin hərarətini endirməyə kömək etməzsə və ya qısa müddət təsir göstərərsə

Əgər aşağıdakılardan:

 

  • huşun itməsi
  • qıcolmalar
  • tənəffüs çatışmazlığının əlamətləri (nəfəsalmanın çətinləşməsi, təngnəfəslik, hava çatmamazlığı hissi)
  • müxtəlif nahiyələrdə güclü ağrı
  • qusma ilə birgə hətta yüngül dərəcədə baş ağrıları
  • boynun şişkinliyi
  • 39°C-dən yuxarı bədən hərarəti müşahidə edilirsə və hərarətsalıcı dərmanların qəbulundan 30 dəqiqə keçdikdən sonra enməyə başlamırsa, həkim mütləq və təcili olaraq lazımdır.

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...