Ümumi məlumat
Narkotik maddələr - tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik "narke" sözündən götürülüb yunan dilindən tərcümədə mənası yuxu, bihuşluq deməkdir və ”mania”– cəzb etmə, ağılsızlıq deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdirlər. Narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranan və psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir. Narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar Abstinent sindromuna (lomka) gətirib çıxardır. Lomka fiziki asılılıq sindromunun tərkib hissəsidir. Narkotiklərə alışmış orqanizmin abstinent sindrom zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman narkotik əldə etmek xatirinə insan yalana, oğurluğa hətta adam öldürməyə də əl ata bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə dünyada 16 milyona yaxın insan inyeksion narkotiklərdən istifadə edir, onların da 3 milyonunda Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyi vardır. Azərbaycanda da rəsmi statistikaya görə son beş ildə narkomanların sayı 10 dəfəyədək artıb. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 30 min nəfərə yaxındır.
Narkotik maddələrinin qrupları
Psixostimulyatorlar - mərkəzi sinir sistemini stimullaşdıran maddələr - kokain, efedrin və sair. Buraya həmçinin marixuana, qurudulmuş və xırdalanmış çətənə yarpaqları, həşiş və çətənə qətranı da aiddir.
Hallyusinogenlər - psixikanın dərin dəyişkənliyinə səbəb olaraq hallyusinasiyaların əmələ gəlməsinə səbəb olur.
İnqalyantlar - nəfəs yolları ilə orqanizmə daxil edilən maddələrdir. Bunlar yapışqan (kley), benzin, aseton və sair toksiki maddələrdir.
Opiatlar - morfin və kodein, morfindən isə sintetik yolla heroin alınır.
Yuxugətirənlər – ilk baxışdan zərərsiz görünən bu dərmanlar əsl narkotiklər kimi vərdişə çevrilə bilər.
Azərbaycanda daha geniş istifadə olunan narkotiklər tiryək, heroin, çətənə, həşiş, ekstazi, kokain və LSD-dir.
Narkotiklərin təsirləri
Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır.
Narkomanlar arasında yayılmış xəstəliklər
Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut edir ki, İİV/QİÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur.
Narkotik qəbulunun əsas səbəbləri
Maraq
Stress
Kənar təzyiq
Psixi asılılıq
Narkotiklərin orqanizmə təsirləri
Beyin və Mərkəzi Sinir sistemində
Səfehlik, erkən ağlını itirmə , şüur itkisi, yuxusuzluq, iflic, sayıqlama (lağlağılıq,ağıl xarici davranışlar) hallüsinasiya (qorxu, xəyal görmə, səs eşitmə və s. ) zəka və yaddaş pozğunluqları.
Həzm sistemində
Ürəkbulanma, qusma, qarın ağrıları, qəbizlik, ishal, mədə və bağırsaq spazmları, qastrit, xora və s.
Qaraciyərdə
Bu zəhərin orqanizmdən atılmasında ən ağır vəzifə bu orqanlara düşməkdə olub, qaraciyər və böyrəklərdə böyük qəza və tıxanmalara, qaraciyərdə çatışmazlıq, piylənmə, sərtləşmə ( sirroz).
Böyrəklərdə
Albumin, qan və sidik çoxalması, tıxanmalar, ağır böyrək xəstəlikləri.
Gözlərdə
İşıq və məsafədə uyğunsuzluq, çəplik, gecə korluğu, göz bəbəyi böyüməsi, kiçilməsi, göz adele iflici
Tənəffüs Sistemində
Nəfəs darlığı, öskürək, boğulma hissi, tənəffüs iflici
Qanda
Qansızlıq, qan zəhərlənmələri, qan hüceyrələrində şəkil və miqdar dəyişiklikləri, qanın laxtalanması və qanqrenalar.
Cinsi orqanlara təsir
Cinsi fəaliyyəti aşağa salır. Narkomanların çox vaxt uşaqları olmur ya da doğulan körpələr eybəcər olur.
Narkomanlığın əlamətləri
Narkomanlığın zahiri əlamətləri:
• Solğun dəri
• Göz bəbəyinin genişlənməsi və ya daralması
• Gözlərin qızarması və ya tutqunlaşması.
• Nitqin ləng olması
• Koordinasiyanın pozulması (səndələmə)
• Arıqlama
• Gözlərdə parıltı
Davranışın dəyişməsi:
• Biganəliyin artması.
• Fikrini toplamaq çətin olur.
• Tənqidə qarşı ağrılı reaksiya.
• Tez-tez və kəskin olaraq əhvalın dəyişməsi.
• Tanışlar dairəsinin dəyişilməsi.
• Təhsil almağa biganəlik.
• Kobudluğun və təmbəlliyin əmələ gəlməsi.
• Yuxunun pozulması.
• Sudan qorxmaq əlaməti gec gec çimirlər ya da heç çimmirlər.
Mübarizə necə aparılmalıdır?
Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər - narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. İl əzində hər bir təcrübəli narkotik istifadəçisi 4 adam (nəfəri) narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Valideynlər və övladları arasındaki yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.
Unutma!
Narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir. Narkotik istifadəçiləri (narkomanlar) çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirmiş olurlar. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər. Belə problemli gənclərə yardım etməyə hazır olan onlarla təşkilat və mütəxəssis vardır.