Depressiya nədir?
“Depressiyada olmaq” müasir dövrdə gündəlik həyatda geniş yayılmış ifadədir. İnsanlar faktiki olaraq “Mən mübahisə etməkdən, imtahanda uğursuz olmaqdan və ya işimi itirməkdən yorulmuşam” və s. demək istədikləri zaman, “Mən depressiyadayam“ deyə bilərlər. Həyatın bu cür eniş-yoxuşları geniş yayılmışdır və normal haldır. Əksər insanlar olduqca tez bir zamanda özlərinə gələ bilir.
Həqiqi depressiya zamanı isə sizdə ən azı iki həftə boyunca hər gün aşağı əhval ruhiyyə və digər əlamətlər müşahidə olunur. Əlamətlər gündəlik fəaliyyətə mane olacaq şəkildə, kifayət qədər şiddətli ola bilər.
Depressiya kimdə olur?
Hər il təxminən 100 nəfərdən 5-nin depressiyadan əziyyət çəkdiyini görmək mümkündür. Bəzən bu hal yüngül olur və sadəcə bir neçə həftə davam edir. Lakin, müalicə tələb edəcək qədər çox ağır depressiya hadisəsi təxminən hər 4 qadından 1-də və hər 10 kişidən 1-də həyatlarının müəyyən bir dövründə qeydə alına bilər. Bəzi insanların həyatında müxtəlif vaxtlarda iki və ya daha çox depressiya hadisəsi baş verə bilər.
Depressiyanın əlamətləri hansılardır?
Bir çox insanların depressiya vəziyyətinə düşdüklərindən xəbəri olur. Lakin bəziləri depressiyada olduqları zaman bundan xəbərsiz olur. Onlar sağlam olmadıqlarını və normal fəaliyyət göstərmədiklərini hiss edə, lakin səbəbini baş düşməyə bilər. Məsələn, bəzi adamlar bədən çəkisini itirdikdə (arıqladıqda)onlarda fiziki xəstəliyin olduğunu düşünürlər.
Depressiyası olan şəxslərdə bir sıra əlamətlər müşahidə edilir və bu əlamətlər diaqnozu dəqiqləşdirməyə kömək edir. Həmin əlamətlərə aşağıdakılar aiddir:
Əsas əlamətlər:
• Davamlı qəmginlik və ya aşağı əhval ruhiyyə. Xəstələrdə tez-tez ağlama müşahidə edilə bilər.
• Hər hansı bir fəaliyyətə, hətta əvvəllər zövq alınan fəaliyyətə qarşı marağın və həvəsin itməsi.
Digər ümumi əlamətlər:
• Əvvəlki yuxu norması ilə müqayisədə narahat yuxu; yatmaq, erkən oyanmaq və ya yenidən yuxuya getməkdə çətinliklər. Depressiyası olan xəstələrdə bəzən həddindən artıq yatmaq da müşahidə edilir.
• İştahada dəyişiklik. Tez-tez iştahasızlıq və bununla bağlı bədən çəkisinin azalması. Bəzən isə əksinə daha çox yemə və bədən çəkisinin artımı qeydə alınır.
• Yorğunluq (halsızlıq) və ya “enerji azlığı”.
• Həyəcan hissi.
• Hərəkətlərin yavaşıması.
• Zəif konsentrasiya və ya qorxaqlıq. Məsələn, oxumaq, işləmək və hətta adi məsələlərin həlli belə xəstələrə çətin görünür.
• Dəyərsizlik və ya yersiz günahkarlıq hissi.
• Vaxtaşırı təkrarlanan ölüm düşüncəsi. Bu, adətən ölüm qorxusu deyil, daha çox ölüm və ölməklə bağlı düşüncələrdir. Bir çox xəstələrdə isə “Həyat yaşamağa dəyməz” və ya “Yatıb yuxudan ayılmamaq belə vecimə deyil” kimi ümidsiz düşüncələr qeydə alınır. Bəzən bu düşüncələr intihar hissinə və hətta intiharın planlaşdırılmasına belə gətirib çıxarır.
Depressiyada olan bir çox insanlar əlamətlərin hər gün daha da pisləşdiyini vurğulayır. Həmçinin, depressiya zamanı baş ağrısı, ürəkdöyünmə, sinədə ağrılar və ümumi ağrılar kimi fiziki əlamətlərin yaranmasına çox tez-tez rast gəlinir. Bəziləri sinə ağrısı kimi fiziki əlamətləri olduqda, ilk olaraq həkimə müraciət edirlər.Onlar bu cür ağrıların ürək xəstəliyi ilə bağlı olmasından narahatlıq keçirir. Depressiya əslində fiziki əlamətlərin olduqca geniş yayılmış səbəbidir. Lakin bunun əksi də düzdür. Yəni, ciddi tibbi problemləri və ya xəstəlikləri olan şəxslər depressiyanın yaranmasına meyillidir.
Kəskin depressiyanın müşahidə olunduğu şəxslərdə qarabasma və ya hallyusinasiya baş verir. Bunlar psixotik əlamətlər adlanır. Qarabasma insanın sahib olduğu yanlış inancdır və insanların çoxu bunun yanlış olduğu ilə razılaşar. Məsələn, xəstə insan digər insanların onu öldürməyə cəhd edə biləcəyini və ya ona qarşı gizli pis niyətlərin olması haqqında düşünə bilər. Qarabasma real olmayan bir şeyi eşitmək, görmək, hiss etmək, qoxulamaq və ya dadmaq deməkdir.
Depressiyanın şiddəti
Depressiyanın şiddəti insandan insana dəyişə bilər və ümumilikdə aşağıdakı növlərə ayrılır:
• Ağır depressiya – yuxarıda sadalanan əlamətlərin əksəriyyəti və ya hamısı xəstədə müşahidə oluna bilər. Eyni zamanda bu əlamətlər gözə çarpacaq dərəcədə xəstənin normal fəaliyyətinə mane olur.
• Orta şiddətli depressiya – depressiya diaqnozu qoymaq üçün lazım olan beşdən daha çox əlamət mövcud olur. Həmçinin, bu əlamətlərə adətən iki əsas əlamət də daxil olur. Habelə əlamətlərin şiddəti və gündəlik həyat fəaliyyətinin pisləşməsi yüngül və şiddətli dərəcəli depressiya arasında olur.
• Yüngül depressiya – depressiya diaqnozunu tələb edən beş əlamət olur. Eyni zamanda, normal gündəlik həyat fəaliyyəti sadəcə yüngül dərəcədə pisləşmiş olur.
• Çox yüngül depressiya – depressiya diqnozu qoymaq üçün beşdən az əlamət olur. Beləliklə, bu depressiya olaraq qruplaşmır. Lakin xəstədə olan əlamətlər cansıxıcıdır və narahatlığa səbəb olur. Bu vəziyyət iki ildən daha çox davam edərsə bu distimiya adlanır.
Depressiyaya nə səbəb olur?
Depressiyanın dəqiq səbəbi məlum deyil. İstənilən şəxsdə depressiya yarana bilər. Bəzi insanlar buna meyillidir və bu bəlli bir səbəbdən yarana bilər. Sizin xüsusi bir probleminiz və ya narahatlığınız olmaya bilər, amma əlamətlər tamamilə gözlənilmədən yarana bilər. Beləliklə, insanları başqalarına nəzərən daha çox depressiyaya meyilli edən bununla bağlı bəzi genetik faktorlar ola bilər. “Genetik” sözü ailədə mövcud olan və ailə daxili ötürülən vəziyyət deməkdir.
Depressiyanın yaranmasına həmçinin şəxsi münasibətlərlə bağlı problem, ağır itki, xəstəlik və s. kimi həyat hadisələri də təkan verə bilər. Bir çox insanda bu ikisinin qarışığı da ola bilər: məsələn, iş stresi kimi bəzi həyat problemləri ilə hətta yüngül dərəcədə aşağı əhval ruhiyyənin birləşməsi depressiyaya səbəb ola bilər.
Qadınlar kişilərdən daha çox depressiyaya meyillidir. Xüsusilə qadınlarda depressiya tez-tez doğuşdan sonra (doğuş sonrası və ya postpartum depressiya) və menopauzadan sonra qeydə alınır.
Depressiya və fiziki vəziyyətlər
Məlum fiziki vəziyyətlər
Depressiya ciddi və ya ağır fiziki xəstəliklərlə mübarizə aparan insanlarda daha çox yayılmışdır. Fiziki xəstəliyin müalicəsinin üstünlük təşkil edəcəyinə baxmayaraq, depressiyanın müalicəsi ümumi rifahı yaxşılaşdırmaq üçün faydalıdır.
Diaqnoz qoyulmamış fiziki vəziyyətlər
Müxtəlif fiziki vəziyyətlər (xəstəliklər) ilk baxışdan yalançı depressiya kimi görünə bilər. Həkimlər bu xəstəlikləri müşahidə edir və şübhələndikdə onları istisna edirlər.
• Qalxanabənzər vəzin funksiyasının azalması (Hipotireoz)– xəstələrdə tamamilə aşağı əhval ruhiyyə, halsızlıq, hərəkətlərin yavaşıması və yorğunluq müşahidə edilir. Bunu təsdiq və ya istisna etmək üçün müvafiq qan analizlərinin təyin edilməsi kifayətdir.
• Hipofiz vəzinin funksiyasının azalması (Hipopituitarizm) – hipofiz vəzi beynin altında yerləşən insan orqanizminin bütün funksiyalarına mühüm təsirə malik olan kiçik bir vəzdir. Həmin vəz orqanizmin müxtəlif funksiyalarını idarə edən bir çox hormonlar ifraz edir. Bəzən bir və daha çox hormon əskik ola bilər. Bu zaman müvafiq əlamətlər və simptomlar yaranır. Hipofiz vəzinin funksiyasının azalması hallarında aşağıdakılar müşahidə edilə bilər: cinsi istəyin itməsi (libido aşağı düşür), cinsi problemlər, sonsuzluq, bədən çəkisinin nəzarətsiz artması və aşağı əhval ruhiyyə, depressiya və hətta intihar hissi. Qan analizləri hipopituitarizm diaqnozunu qoymağa kömək edə bilər. Hipopituitarizm başın zədələnməsi də daxil olmaqla müxtəlif səbəblərdən yaranır.
• Başın zədələnməsi, o cümlədən yüngül və ya illər əvvəl baş vermiş zədələnmə. Məsələn, araşdırmalar göstərmişdir ki, intihar hissi və ya intihara cəhdlər (depressiya ilə bağlı) əvvəllər başından zədə almış şəxslərdə daha geniş yayılmışdır. Bunun səbəbi dəqiq məlum deyildir. Bununla belə, bir amili yadda saxlamaq lazımdır ki, başın zədələnməsi yuxarıda qeyd edildiyi kimi hipopituitarizm ilə nəticələnə bilər.
• Revmatik polimialgiya (polymyalgia rheumatica) – bu vəziyyət əsasən yaşlı adamlarda rast gəlinir. Tipik əlamətlərə yuxarı ətraflarda, iri əzələlərdə, çiyinlərdə hərəkətsizlik, ağrı, sızıltı hissi daxildir. Depressiya hissi digər əlamətlərin üstünlük təşkil etməsindən əvvəl baş verən ilk əsas əlamətdir.
• Erkən demensiya - bəzən depressiya ilə qarışıq salınır.
• Müəyyən dərmanların, təyin edilmiş və ya qadağan olunmuş vasitələrin yan təsirləri yalançı depressiyanı yarada bilər.
Depressiya ilə bağlı bəzi uydurmalar və məsələlər
Depressiya geniş yayılmışdır, lakin bəziləri bunu qəbul etmir. Bəziləri onlara damğa vurulduğunu və ya digərlərinin onları zəif hesab edəcəklərini düşünür. Vinston Çörçil kimi böyük liderlər depressiyadan əziyyət çəkmişdir. Depressiya həkimlərin mübarizə apardığı ən geniş yayılmış xəstəliklərdən biridir. Depressiyadan əziyyət çəkən insanlara həmişə “özünü ələ al” və ya “bundan canını qurtar” deyirlər. Həqiqət budur ki, onlar bunu bacara bilmir və ətrafdakıların bu cür məsləhətləri faydasızdır.
Əlamətlərinizin depressiya ilə bağlı olduğunu və bunun geniş yayıldığını başa düşməyiniz sizə xəstəliyinizin qəbulunda və yardım üçün müvafiq mütəxəssislərə müraciət etməkdə yardım edə bilər. Bəziləri özlərinə “Mən dəli oluram?” kimi suallar verə bilər. Yadda saxlamaq lazımdır ki, dünyada depressiyası olan insanların sayı çoxdur və onların bir çoxu özlərinə məhz bu cür suallar verir. Lakin hazırda təbabətin inkişaf səviyyəsi depressiyası olan insanların effektiv müalicəsini təmin etməyə imkan verir.
Siz öz əlamətlərinizi dostlarınızdan və qohumlarınızdan “gizlədə” bilərsiniz. Bununla belə, əgər ailənizlə və dostlarınızla öz hissləriniz barədə açıqsınızsa, bu onlara sizi başa düşməkdə və sizə yardım etməkdə köməklik edə bilər. Həmçinin həkimə müraciət etməkdə ailə üzvləriniz və ya dostlarınız sizə yardımçı ola bilər.