Arterial təzyiq


Arterial təzyiq kimdə ölçülməlidir?

Yüksək arterial təzyiqin bir çox hallarda heç bir əlaməti olmadığı üçün xəstə bu barədə məlumatsız ola bilər. Buna görə də hər bir insan ən azı 3 ildən bir mütləq təzyiqini ölçdürməlidir. Arterial qan təzyiqi bəzi əhali qruplarında daha tez-tez, yəni ən azı ildə iki dəfə yoxlanmalıdır. Bu qruplara aiddir:

•  yaşı 45-dən yuxarı olanlar

•  şəkərli diabeti olanlar

•  hamilə qadınlar 

•  klimakterik dövrdə olan qadınlar

•  artıq bədən çəkisi olanlar

•  zərərli vərdişləri olanlar

•  əvvəllər heç olmazsa, bir dəfə təzyiq göstəriciləri 140/90 mm. c.s. olanlar

Arterial təzyiq nədir?

Arterial qan təzyiqi ürəkdən qovulan arterial qanın damar divarına göstərdiyi təzyiqdir. Bu təzyiq millimetr civə sütunu (c.s.) ilə ölçülür və iki ədədlə göstərilir. Birinci ədəd ürək yığıldığı anın göstəricisidir (sistolik təzyiq), ikinci ədəd isə ürək boşaldığı anın göstəricisidir (diastolik təzyiq).

Arterial qan təzyiqinin nor-madan yüksəyə qalxmasına, yəni sistolik arterial təzyiq  140 mm c.s. və daha çox, diastolik arterial təzyiq isə  90 mm c.s. və daha çox olan hallara arterial hipertenziya deyilir. Adətən, arterial təzyiqin göstəriciləri belə ifadə olunur:  140/90 mm c.s.

Arterial hipertenziyanın aşkar olunması üçün arterial təzyiq müxtəlif vaxtlarda, sakit şəraitdə, oturaq vəziyyətdə, manjet ürək səviyyəsində olmaqla ən azı üç dəfə ölçülməlidir və orta göstəricilər nəzərə alınmalıdır. 

Yüksək arterial təzyiq digər ürək-damar sistemi xəstəliklərinin (məsələn, miokard infarktı, ürəyin işemik xəstəliyi və insultun), həmçinin böyrək büzüşməsinin yaranmasına səbəb ola bilər. Xəstələr özlərində görmə və eşitmə pozğunluqları, yaddaşın pisləşməsi, baş gicəllənməsi, qulaqlarda küy hiss edə bilər. İllər ərzində yüksək təzyiqin davam etməsi ürək əzələsinin özündə ciddi, geri dönməyən dəyişikliklər yaratmaqla ürək çatışmazlığına səbəb olur.

Beləliklə, yüksək arterial qan təzyiqi nə qədər tez aşkar olunarsa, ağırlaşmaların qarşısını almaq bir o qədər asan olar.

Təsadüfi deyil ki, həkimlər bu xəstəliyi “səssiz qatil” adlandırırlar.

Yüksək arterial təzyiq aşkar olunubsa nə etməli?

Həkim bəzi əlavə müayinələr aparacaq: məsələn, qanda xolesterinin, şəkərin və laxtalanmanın təyini. Bu müayinələrin məqsədi yüksək arterial təzyiqin  hansı orqanları zədələməsini vaxtında üzə çıxarmaqdır:

•  böyrək problemləri

•  ürək problemləri

•  beyin qan dövranı pozğunluqları

•  qanda yüksək xolesterin

•  şəkərli diabet və s.

Bu xəstəliyin qarşısını necə almaq olar?

Bunun üçün siz ilk növbədə sağlam həyat tərzini seçməlisiniz!

Yəni:

•  Qida tərkibində dəyişikliklər etmək: heyvani yağların, duzun (gündə 5-6 qramdan çox olmayaraq) istifadəsini azaltmaq, meyvə-tərəvəzi qida rasionunda artırmaq 

•  Aktiv və müntəzəm şəkildə fiziki təlimlər, o cümlədən sutkada 3 km-dən az olmayaraq gəzinti

•  Öz arterial təzyiqinə nəzarət etmək (140/90 mm. c.s.-dən çox olmamalıdır)

Əgər sizin zərərli vərdişləriniz varsa bunu etməlisiniz:

•  Artıq çəkini azaltmaq

•  Tütünçəkməni tərgitmək

•  Spirtli içkilərin qəbulunu kəskin azaltmaq

Yüksək arterial qan təzyiq və dərmanların istifadəsi

Həyat tərzinin dəyişdirilmə tədbirlərinə uzun müddət riayət edilmirsə və bunun nəticəsində arterial qan təzyiqinin normal ölçülərdən yüksəyə qalxması baş verirsə, belə halda həkim tərəfindən ciddi nəzarət edilməli və dərman müalicəsi vaxtında başlanılmalıdır. Dərmanları mütləq həkim təyin etməlidir! Özbaşına dərman qəbul etmək, həkimin təyinatını dəyişdirmək və ya dərmanların qəbulunu dayandırmaq olmaz, ona görə ki, bu zaman ağırlaşmalar əmələ gələ bilər!

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...