Uşaqlarda onkoloji xəstəliklərin inkişafına səbəb olan risk faktorları və onların profilaktikası


369

Statistik məlumatların əksəriyyətinə əsasən bütün ölkələrdə uşaqlarda xərçəng xəstəlikləri, o cümlədən bədxassəli şişlərin artımı qeyd olunur. 1 yaşdan 4 yaşadək uşaq ölüm hallarının müxtəlif səbəbləri içərisində bədxassəli şişlər üçüncü yerdə, daha böyük yaş qrupuna keçdikcə isə ikinci yerdə durur (ÜST, 2014).

Xəstəliyin baş verməsinə səbəb olan bütün amillər risk amilləri adlanır. Uşaqlarda onkoloji xəstəliklərin özünəməxsus xüsusiyyətləri vardır. Əgər böyüklərdə yeni törəmələrin 90%-i xarici amillərin təsirindən asılıdırsa, uşaqlarda əhəmiyyətli yeri genetik amillər tutur. Genetik meyllilik ya irsi, yaxud da uşağın ana bətnində olduğu zaman genetik mutasiya nəticəsində baş verir. Bəzən doğulmuş uşaqda artıq bu mutasiyalardan biri vardır. “Genetik meyilliliko demək deyildir ki, insanda mütləq müəyyən xərçəng növü inkişaf edəcək. Genetik meyillik xərçəng xəstəliyinin baş verə bilməsi ehtimalını artırır. Məsələn, retinoblastoma uşaqların əksəriyyətində qüsurlu irsi genin olması nəticəsində baş verir (90% hallarda). Xərçəngin müxtəlif növləri müxtəlif risk amillərinə malikdir.

Uşaqlarda xərçəngin əmələ gəlməsinə təsir edən risk amilləri

Uşaqlarda xərçəngin əmələ gəlməsinə təsir edən risk amilləri

  • İrsi amillər

Uşaqlarda xərçəng xəstəliyinin əsas səbəblərindən biri – valideynlər tərəfindən ötürülmüş irsi anomaliyalardır. Adətən, anomaliyalar hər insanda vardır, sadəcə onlar həmişə inkişaf edərək xərçəngə çevrilmirlər. Bir çox irsi xəstəliklər, o cümlədən, Daun sindromu (xərçəngin inkişaf riskini 10-20 dəfə artırır), Klyaynfelter sindromu, Fankoni anemiyası, ataksiya–teleangiektaziya, Blum sindromu xərçəng xəstəliyinin yüksək riski ilə bağlıdır.

 

  • Ətraf mühitlə bağlı amillər

✓    Günəş radiasiyası (ultrabənövşəyi şüaların çoxluğu)

✓    İonlaşdırıcı şüalanma (tibbi işığa vermə, radonla şüalandırılma)

✓    Qeyri-ionlaşdırıcı şüalanma (aşağı tezlikli elektrik və maqnit sahələri)

✓    Qeyri-düzgün qidalanma (hisə verilmiş və qızardılmış məhsullar, lifli maddələrin, vitaminlərin, mikroelementlərin lazımi miqdarda olmaması)

✓    Dərman preparatları

Kanserogen aktivliyi sübut olunmuş dərman preparatları tibbi praktikadan çıxarılmışdır. Buna baxmayaraq, bir sıra dərmanların (barbituratlar, diuretiklər, fenitoinlər, xloramfenikol, androgenlər) uzun müddət istifadəsi ilə yeni törəmələrin inkişafı arasında əlaqəni göstərən müxtəlif elmi tədqiqatlar vardır. Onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunan sitostatiklər bəzən ikincili şişlərin əmələ gəlməsinə səbəb olur. Orqanların transplantasiyasından sonra istifadə olunan immunosuppressiv preparatlar da bəzən yeni törəmələrin inkişaf riskini artırır.

 

  • Virus infeksiyaları

Bir sıra viruslar (məsələn, Epşteyn-Barr virusu, Herpes virusu, Hepatit B virusu) insanda müxtəlif bədxassəli şişlərin əmələ gəlməsində iştirak edir, o cümlədən:

✓    Berkitt limfoması

✓    Xodjkin limfoması və burun-udlaq karsinoması (Epşteyn-Barr virusu ilə bağlı hər şey)

✓    Qaraciyər xərçəngi (hepatit B və y C virusları)

✓    Anal xərçəng (İPV virusu)

✓    Kapoşi sarkoması (İİV və HHV-8)

 

  • Valideynlərin qeyri-sağlam həyat tərzi və ətraf mühitin mənfi amillərinin birgə təsiri onların uşaqlarında xərçəngin yaranmasına səbəb ola bilər:

✓    Hamiləlik dövründə qadınların alkoqoldan istifadəsi (yenidoğulmuşlarda leykemiyanın yaranması ehtimalını artırır)

✓    Valideynlərin siqaretdən istifadəsi (hamiləlik dövründə qadının siqaret çəkməsi uşaqlarda xərçəngin bütün növlərinin inkişafı riskini 10% artırır)

✓    Valideynlərin pestisidlər və müxtəlif həlledicilərlə işləməsi (benzol, formaldehid),

✓    Hamiləlik zamanı ananın qarın boşluğunun rentgen olunması

 

Son illər beyin xərçənginin yaranmasının mobil telefonlardan istifadə ilə əlaqədar olması ehtimalı haqqında məlumatlar ortaya çıxmışdır. Bu məlumatlar kifayət qədər inandırıcı olmasa da, uşaqlarına erkən yaşda mobil telefonlardan istifadə etməyə icazə verən valideynlərin daha diqqətli olmaları vacibdir.

Uşaqlarda xərçəngin profilaktikası

Uşaqlarda şişlərin yaranmasının qarşısının alınması preventiv onkologiyanın çətin problemlərindən biridir. Uşaqlarda şişlərin yaranması çox vaxt valideynlərin həyat tərzi və irsi amillərlə bağlıdır. Lakin ətraf mühitin birbaşa təsirləri də müşahidə olunur.

Balaca uşaqların sağlamlığı məhz valideynlərdən asılıdır. Hamiləlik dövründə keçirilən bütün xəstəliklər, həmçinin, zərərli istehsalatda işləmə, gələcək ananın yaşadığı yer və s. amillər öz təsirini göstərir. Hamiləlik dövründə qadınların alkoqoldan istifadəsi yenidoğulmuşlarda leykemiyanın yaranması ehtimalını artırır. Qadına bundan əvvəl olunan abortlarla uşaqlarda bədxassəli şişlərin inkişafı arasında əlaqənin olmasını göstərən bəzi məlumatlar vardır.

Uşaqlarda şiş xəstəliklərinin erkən aşkarlanması və onların vaxtında müalicəsi məqsədilə ən başlıca və vacib profilaktik tədbir ciddi dispanser nəzarətdir. Aydın olmayan simptomatika zamanı isə uşaq təcili olaraq mütəxəssislərə- uşaq onkoloqlarına göndərilməlidir. Pediatrlar və valideynlər onkoloji sayıqlılıq göstərməlidirlər, yəni uşaqlarda bədxassəli şişlərin əsas növlərinin ilkin əlamətləri və gedişatı haqqında məlumatlı olmalıdır.

Birincili pediatrik tibbi-sanitar yardım uşaqları daimi nəzarətdə saxlayır və məktəb yaşına qədər ailəyə hər tərəfli, razılaşdırılmış diqqət göstərir. Əgər skrininqin nəticələrinə əsasən uşaq risk qrupuna aid edilirsə bu yardım özündə dərin tibbi müayinələri birləşdirir. Uşağa göstərilən tibbi və qeyri-tibbi tələbatların lazımi qaydada təminatından əmin olmaq üçün pediatrlar uşağın ailəsi ilə sıx əlaqə saxlamalıdırlar.

Uşağın inkişafı ilə bağlı olan bütün problemlər skrininq testlər vasitəsi ilə dərhal həll olunmalıdır. Əgər skrininq testlər zamanı uşağın inkişafında problemlər müşahidə olunarsa daha geniş tibbi müayinələr aparılmalıdır. Daha geniş müayinələr uşağın inkişafında problem və ya geriyə qalmaları müəyyən etməyə və müalicəyə ehtiyac olub-olmadığını aşkarlamağa kömək edir. Uşağın inkişafındakı problemləri dəqiq müəyyənləşdirmək və onun səbəbini aydınlaşdırmaq müalicənin (uşağın müalicəsindən  tutmuş valideynlərin genetik müayinəsinə qədər) düzgün təşkili üçün çox vacibdir.

 

Həmçinin, uşaqlarda xərçəngin profilaktikası üçün aşağıda göstərilənləri nəzərə almaq vacibdir:

1) Yenitörəmələrin (şişlərin) bəzi növlərinə ailəvi (irsi) meyilliliyin vaxtında aşkarlanması (retinoblastomalar, mədənin polipozu, xondromatoz);

2) Hamilə qadının orqanizminə və dölün bətndaxili inkişafı zamanı hər cür zərərli təsirlərin (kimyəvi, radiasiya) mümkün qədər erkən aşkarlanması və aradan qaldırılması;

3) Ehtiyac olduqda xoşxassəli şişlərin götürülməsi və bədxassəli şişlərin yaranması üçün əsas olan inkişaf qüsurlarının müalicəsi (nevuslar və ya xallar, teratomalar, osteoxondromlar).

 

Beləliklə, uşaqlarda bədxassəli şişlərin profilaktikası bir tərəfdən uşaqların yaşadıqları yerlərdə xarici şüalanma mənbələrinin təsirindən qoruma, valideynlərin zərərli məişət vərdişlərinin uşağa təsirinin qarşısının alınması (hər şeydən əvvəl passiv tütünçəkmə), uşaqların müayinəsi zamanı rentgen şüalandırıcılarının istifadəsini məhdudlaşdırmaq və ya məsələn ultrabənövşəyi şüalardan (günəş şüası) uşaqların qorunması üçün xüsusi qoruyucu kremlər və ya paltarların istifadəsi yolu ilə aparılmalıdır. Digər tərəfdən isə uşaqların inkişafı zamanı ciddi dispanser müşahidənin aparılması, onkoloji xəstəliklərin erkən aşkarlanması məqsədilə “onkoloji sayıqlılığın” göstərilməsidir.

 

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...