Hamiləlik dövründə klinik problemlərin skrininqi


Klinik problemlərin skrininqi və onun məqsədi

Skrininqin məqsədi hansısa xəstəliyin və ya vəziyyətin erkən, müalicəsi mümkün olan mərhələdə aşkar edilməsidir. Skrininqin potensial faydası onun  mümkün ola bilən risklərindən üstün olmalıdır.

Skrininq bütün hamilələrə təklif olunmalıdır və onların əksəriyyətinin sağlam olmasını təsdiq etmək üçün aparılır. Bəzi qadınlarda isə skrininq sağlamlıqla bağlı problemləri aşkar edə bilər. Belə hallarda müayinə davam etdirilə və ya ciddi problemlərin qarşısının alınması üçün müalicə təklif oluna bilər.

Hamiləlik zamanı klinik problemlərə aşağıdakılar aiddir: hestasion şəkərli diabet, preeklampsiya, vaxtından əvvəl doğuş və cift gəlişi.

1. Hestasion (hamiləlik dövründə) şəkərli diabet

Hestasion şəkərli diabet (HŞD) hamiləlik vaxtı inkişaf edən şəkərli diabet xəstəliyidir. Hamiləliklə bağlı artmış ehtiyacları ödəmək üçün qadın orqanizminin kifayət qədər insulin (şəkərin səviyyəsini nəzarətdə saxlayan hormondur) istehsal edə bilməməsindən hamiləlik dövrünün şəkərli diabeti və ya hestasion şəkərli diabet inkişaf edir. Nəticədə qanda şəkərin səviyyəsi artır. Adətən, HŞD hamiləliyin ortasında və ya axırına yaxın müşahidə olunur. Vaxtında aşkar olunmadıqda doğuş zamanı və sonrakı  dövrdə ana və körpədə fəsadlar törədə bilər. 

Hansı qadınlarda hestasion şəkərli diabet riski yüksəkdir?

- Ana artıq çəki və ya piylənmədən əziyyət çəkir. Bədən kütlə indeksi (BKİ) 30 kq/m2-dən çoxdur (hamiləlikdən öncə).

- Əvvəlki hamiləlikdə körpənin çəkisi 4 kiloqramdan çox olub

- Əvvəlki hamiləlikdə hestasion şəkərli diabet diaqnozu qoyulub (müalicə alıb almaması nəzərə alınmır)

- Ailə üzvlərində şəkərli diabet var (birinci sıra qohumluq).

Hestasion şəkərli diabetin skrininqi necə aparılır?

HŞD-nin risk faktorları müəyyən edilərək, skrininqin aparılması bütün sağlam hamilələrə tövsiyə olunur.

Azərbaycanda, beynalxalq standartlara uyğun olaraq, bütün qadınlarda hamiləliyin 12-ci həftəsinə qədər qanda şəkərin səviyyəsinin təyin olunması və ya 24-28-ci həftələrində onlara oral qlükoza tolerantlığı testinin (OQTT) aparılması təklif edilməlidir.

OQTT aparılması:

• OQTT acqarına aparılmalıdır, bundan ötrü gecədən, ən azı 8 saat müddətində, adi sudan başqa heç bir qida və maye qəbul edilməməlidir.

• Səhər  acqarına qan analizi götürülür və şəkərin səviyyəsi ölçülür. Sonra isə hamiləyə içmək üçün 250-300 ml suda  həll  olunmuş 75 qram qlükoza verilir.

• İki və ya bir saat keçdikdən sonra qanda qlükozanın səviyyəsi yenidən ölçülür.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə əgər hamilədə aşağıdakı meyarlardan biri və ya bir neçəsi varsa, hamiləliyin istənilən vaxtı HŞD diaqnozu qoyula bilər:

• Acqarına götürülmüş qan analizində qlükozanın konsentrasiyası 5.1-6.9 mmol/l (92 -125 mq/dl)

• 75 qram qlükozanın qəbulundan 1 saat sonra qanda qlükozanın konsentrasiyası ≥ 10.0 mmol/l (180 mq/dl)

• 75 qram qlükozanın qəbulundan 2 saat sonra qanda qlükozanın konsentrasiyası 8.5-11.0 mmol/l (153 -199 mq/dl) 

Hamiləlik zamanı qanda şəkərin səviyyəsi vaxtında müəyyən olunduqda, ana və körpə  üçün bütün ağırlaşma riskləri azaldıla bilər.

Preeklampsiya

2. Preeklampsiya nədir?

Preeklampsiya hamiləliyin 20-ci həftəsindən sonra baş verən və adətən, qan təzyiqinin qalxması (hipertoniya) və sidikdə zülalın olması (proteinuriya) ilə müşayiət olunan vəziyyətdir. Preeklampsiyanın dəqiq səbəbi məlum deyil.

Bir çox hallarda simptomsuz keçə bilər və yalnız hamiləliklə bağlı adi müayinədə qan təzyiqi və sidik analizi yoxlanılan zaman aşkar oluna bilər. Məhz buna görə hər müayinəyə gələndə hamilədən sidik analizinin gətirilməsi xahiş olunur.

Nə üçün preeklampsiya barədə bilmək vacibdir?

Preeklampsiya ümumiyyətlə, hər 100 hamilədən 2-8-də müşahidə oluna bilər. Yüngül və mülayim keçdikdə hamiləliyə təsiri çox az olur. Lakin bəzi hallarda ağır preeklampsiya inkişaf edə bilər; bu da ana və körpənin  həyatı üçün təhlükə yarada bilər.

Ağır preeklampsiyanın əlamətləri:

  • sadə ağrıkəsicilərlə keçməyən şiddətli baş ağrısı
  • bulanıq/yayğın təsvir və ya göz qabağında sayrışma kimi görmə pozuntuları
  • qabırğaaltı nahiyədə şiddətli ağrılar
  • antasidlərlə (mədə turşuluğuna qarşı istifadə edilən dərmanlar) keçməyən qıcqırma hissi
  • sifət, əl və ya ayaqlarda şişkinliyin (ödem) sürətlə artması
  • özünü çox pis hiss etmə

 

Belə əlamətlər müşahidə olunduqda dərhal tibbi yardıma və ya doğuşayardım müəssisəsinə müraciət  etmək lazımdır.

Ağır preeklampsiya hamilədə qaraciyər və ya böyrək kimi digər orqanları zədələyə və qan laxtalanması problemlərini yarada bilər. Doğuşdan əvvəl və ya bilavasitə körpənin dünyaya gəlməsindən sonra ağır preeklampsiya qıcolma (eklampsiya) ilə nəticələnə bilər. Bu vəziyyətlərə az hallarda rast gəlinsə də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. 

Preeklampsiyanın dölə təsiri

Preeklampsiya ciftin inkişafına zərər vuraraq dölün inkişafını ləngidə, hətta dayandıra bilər; həmçinin dölyanı mayenin miqdarı azala bilər.

Cift ciddi zərər çəkmiş olduqda, dölün vəziyyətini çox ağırlaşdıra bilər. Bəzi hallarda döl ana bətnində ölə bilər.

Hansı hallarda preklampsiya riski yüksəkdir?

Aşağıdakı hallarda risk daha yüksəkdir:

- hamiləlikdən  əvvəl yüksək qan təzyiqi

- əvvəlki hamiləlik zamanı yüksək qan təzyiqi

- böyrək xəstəlikləri və ya şəkərli diabet, yaxud immun sisteminə təsir edə bilən qırmızı qurd eşənəyi  kimi tibbi problemlərin olması

Digər amillərin əhəmiyyəti o qədər dəqiq olmasa da, onların sayı birdən artıq olduqda qadında preeklampsiyanın inkişafı daha gözləniləndir:

- ilk hamiləlik

- yaşın 40 və ya daha artıq olması

- son hamiləlikdən 10 il keçməsi

- piylənmə - BÇİ-nin (bədən çəki indeksi) 35 və ya daha çox olması

- ana və ya bacıda hamiləlik zamanı preeklampsiya

- çoxdöllü hamiləlik

Yuxarıda sadalananlardan hər hansı biri olduqda peeklampsiya riskini azaltmaq üçün hamiləliyin 12-ci həftəsindən qadına gündə bir dəfə aşağı doza aspirinin  (75 mg) qəbul edilməsi  tövsiyə olunmalıdır.

Preeklampsiyanın skrininqinin aparılması

Bu məqsədlə hər dəfə hamiləliklə bağlı adi müayinələrə gəldikdə qadının qan təzyiqi (QT) ölçülməli və sidiyində zülal təyin edilməlidir.

Preeklampsiyanın skrininqi həkimə ilk müraciətdən başlanmalı və hər bir sonrakı adi gəlişlərdə davam etdirilməlidir.

Preeklampsiyanın hamiləliyin birinci yarısında baş verməməsinə baxmayaraq, erkən hamiləlik zamanı QT-nin ölçülməsi və qeyd olunması  çox vacibdir. Çünki sonralar alınan QT-nin göstəricilərini müqayisə etmək üçün bir baza təşkil edir və dəqiq diaqnoz üçün həyati əhəmiyyət daşıyır. Normal qan təzyiqi 140/90 mm c.s-dan. aşağıdır.

Sidikdə zülalın təyin edilməsi üçün əvvəlcə sadə test zolağından istifadə edilə bilər; xüsusi zolaq sidiyə batırılır və zülal olduqda onun rəngi dəyişir. Belə halda zülalın ümumi miqdarını qiymətləndirmək üçün tibb işçisi hamiləyə sidiyin 24 saat müddətində toplanması və yoxlanmasını təklif edə bilər. Bir çox hallarda sidikdə zülalın səviyyəsini təyin etmək üçün həm də ani test zolaqları istifadə edilir.

Əgər ani test zolağının nəticəsi ≥ +1 və ya sutkalıq (24 saat müddətində toplanmış) sidikdə  zülalın  miqdarı ≥ 0,3q/litr-dən çoxdursa, bu proteinuriya (sidiklə zülalın itirilməsi) hesab edilir. Proteinuriyası olan hamilələr həkim tərəfindən ciddi nəzarətə götürülməli, onun preeklampsiya və ya digər xəstəliklə bağlı olub olmadığı dəqiqləşdirilməli və müvafiq müalicəvi və profilaktik tədbirlər aparılmalıdır.

 521

3. Vaxtından əvvəl doğuşun skrininqi

Ardıcıl sancılar/tutmalar nəticəsində uşaqlıq boynu açıldıqda doğuş baş verir. Normal halda bu, hamiləliyin 37 və 42-ci həftələri arasında baş verməlidir. Əgər 37 həftədən əvvəl baş verərsə, bu vaxtından əvvəl doğuş hesab olunur.

Vaxtından əvvəl doğuşun skrininqinin aparılması mümkün deyil, çünki:

  • vaxtından əvvəl doğuşun səbəbləri müxtəlif və çoxsaylıdır
  • aparılmasının səmərəsi sübutlarla təsdiqlənməyib
  • universal skrininq üsulu hazırda yoxdur.

 

Vaxtından əvvəl doğuş barədə daha ətraflı məlumat üçün müvafiq məqaləyə bax!

4. Cift gəlişinin skrininqi

Cift gəlişi nədir?

Cift uşaqlıq boynunun dəliyini tam və ya qismən əhatə etdikdə bu cift gəlişi adlanır. Belə vəziyyət doğuşdan əvvəl və ya  doğuş zamanı ağır qanaxmaya səbəb ola bilər. Bu da ana və dölün ölümünün vacib səbəblərindən biridir. Cift gəlişi hallarının rast gəlinmə tezliyi qeysəriyyə əməliyyatının sayının artması ilə nəticələnir. 

Cift göbək ciyəsi vasitəsilə ana orqanizmindən aldığı oksigen və  qida maddələri ilə dölü təmin edir və sonra isə istifadə olunmuş maddələri xaric edir. Əksər hallarda cift uşaqlıq boşluğunun dibində və ya yan tərəflərində yerləşir.  Cift gəlişində isə  o uşaqlığın aşağı hissəsində yerləşir.

Hansı vəziyyətlərdə cift gəlişi riski yüksəkdir?

  • Əvvəlki hamiləliklərdə cift gəlişi
  • Əvvəllər qeysəriyyə əməliyyatının aparılması:

 

- bir qeysəriyyədən sonra nisbi risk 2,2 dəfə artır

- iki qeysəriyyədən sonra  nisbi risk 4,1 dəfə artır

- üç qeysəriyyədən sonra  nisbi risk 22,4 dəfə artır

  • Hamilənin yaşının 35 və daha çox olması
  • Çoxdöllü hamiləlik
  • Tütünçəkmə
  • Hamiləlik zamanı narkotikdən istifadə
  • Əvvəlki hamiləliyin özbaşına və ya tibbi abortla nəticələnməsi
  • Uşaqlığın daxili qişasının çatışmazlığı, məsələn, iltihab, doğuş vaxtı ciftin əllə xaric olunması və ya qaşınması nəticəsində 

 

Cift gəlişinin əlamətləri

Əsas əlamət hamiləliyin ikinci yarısında ağrı olmadan uşaqlıq yolundan al qırmızı qanlı ifrazatın gəlməsidir:

- Qanaxma müxtəlif intensivlikdə ola bilər, yüngüldən ağıra qədər.

- Qanaxma, adətən, müalicə olunmadan dayanır  və demək olar ki, həmişə  bir neçə gündən və ya həftədən sonra təkrar olunur.

Bəzi qadınlarda  sancılar da müşahidə oluna bilər.

Cift gəlişinin skrininqi və diaqnostikası

Bu məqsədlə hamiləliklə bağlı  adi müayinə zamanı aparılan ultrasəs müayinəsi istifadə olunur; bu zaman ciftin uşaqlıqda yerləşməsi də mütləq təyin olunmalıdır.

Azərbaycanda, beynalxalq standartlara uyğun olaraq,  bütün qadınlara normal hamiləlik müddətində üç dəfə USM təklif edilməlidir:

  • Hamiləliyin 12-ci həftəsinə qədər
  • Hamiləliyin 18-20-ci həftələrində
  • Hamiləliyin 34-36-cı həftələrində

 

Amma beynəlxalq aparıcı tibb qurumlarının tövsiyəsinə görə əgər qadında USM zamanı ciftin uşaqlığın aşağı hissəsində yerləşməsi və ya cift gəlişinə şübhə olduqda, hamiləyə əlavə olaraq 32-ci həftədə USM təklif olunmalıdır.

Abdominal üsulla (qarının ön divarından) aparılan USM-in nəticəsi aydın olmadıqda, qadına transvaginal (uşaqlıq yolunda aparılan) USM təklif olunmalıdır.

Son diaqnozun qoyulması, USM-də, ciftin aparıcı (ən aşağıda yerləşən) kənarının təyin edilməsinə və klinik əlamətlərin olmasına əsaslanır.

Skrininqin vaxtında aparılması doğuş üsulunun seçilməsinə,ana və körpənin sağlamlığının, həyatının qorunmasına imkan verir. 

 

 

 

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...