Aybaşı dövrü və menstrual təqvimin aparılması


Aybaşı dövrü nədir?

Sizin aybaşı dövrünüz sağlamlığınız haqda çox məlumat verə bilər və onu izləmək məqsədəuyğundur. Bundan əlavə, istənilən səbəbə görə həkimə müraciət etdikdə sağlamlığınız barədə digər vacib məlumatlarla yanaşı aybaşılarınız, onların müntəzəmliyi, davam etmə müddəti, ifrazatın xarakteri və həcmi barədə həkiminizə ətraflı məlumat verməyi unutmayın.

Aybaşı dövrü nədir?

Aybaşı dövrü qadının bədənində hamiləliyin mümkün olmasını təmin edən silsilə dəyişikliklərdir. Hər ay yumurtalıqlardan biri bir yumurta hüceyrəsini yetişdirib hasil edir və bu, ovulyasiya adlanır. Eyni zamanda hormonların təsiri altında uşaqlıqda hamiləliyə hazırlıq görülür. Həmin hormonların təsiri altında uşaqlığın divarı qalınlaşır, onun qatlarından axan qan həcmi artır. Ovulyasiyadan sonra yumurta hüceyrəsi mayalanmasa, uşaqlığın daxili qatı soyulur və qanlı ifrazatla birgə uşaqlıq yolundan xaric edilir. Bu aybaşı dövrüdür.

Normal aybaşı dövrü nəyə deyilir?

Aybaşı dövrünün uzunluğu (aybaşı qanaxmasının ilk günündən növbəti aybaşı qanaxmasının ilk gününə qədər) qadınlarda müxtəlif olur və 21 gündən 35 günə qədər davam edə bilər. Aybaşı qanaxması 2-7 gün ərzində baş verə bilər. Aybaşılar başlayan ilk illər ərzində aybaşı dövrü daha uzun olur, sonra isə qısalır və daha müntəzəm olur. Aybaşılar dövrü mütəmadi və qeyri-mütəmadi, aybaşı qanaxması isə mülayim yə gur, ağrısız ya ağrılı ola bilər. Bunların hamısı normaldır. 

Aybaşı dövrünü necə izləmək olar?

İlk növbədə, onun müntəzəm olub-olmamasına baxmayaraq,bir neçə ay ərzində təqvimdə öz aybaşı dövrlərinizin qeydiyyatını aparın: hər dəfə aybaşı qanaxmasının başlanma tarixini və qanaxmanın davam etdiyi günləri qeyd edin.Bu, aybaşılarınızın mütəmadi və ya qeyri-mütəmadi olduğunu və xüsusiyyətlərinin dəyişməsini müəyyən etməyə yardım edəcək.

Aybaşı dövrünüzlə bağlı şübhələriniz olduqda, aşağıdakıları da izləyin:

  • Aybaşı dövrünün müddəti nə qədərdir? Adəti dövrdən çoxdur, yoxsa azdır?
  • Aybaşı qanaxmasının gücü necədir? Həmişə olduğundan az, yoxsa çoxdur?
  • Aybaşı dövrləri arasında qanaxmalar olurmu?
  • Aybaşı qanaxması dövründə ağrılar olurmu? Olursa həmişəkindən çoxdur, yoxsa azdır?
  • Öz əhvali-ruhiyyənizdə, davranışınızda hər hansı bir dəyişikliklər olurmu?

Aybaşı dövrünün qeyri-müntəzəm olmasının səbəbləri

Aybaşı dövrü müxtəlif səbəblərə görə qeyri-müntəzəm ola bilər:

•  Hamiləlik və döşlə əmizdirmə. Aybaşı qanaxmasının ləngiməsi hamiləliyin erkən göstəricisi ola bilər. Döşlə əmizdirmə, adətən, aybaşının doğuşdan sonra bərpasının ləngiməsinə səbəb olur.

•  Qida qəbulunun pozuntuları, bədən çəkisinin həddən artıq artması və ya azalması. Qida qəbulunun pozuntusu, məs., anoreksiya - bədən çəkisinin həddən çox azalması və həddən çox fiziki aktivlik (uzun müddət davam edən çox intensiv idman) aybaşıların kəsilməsinə səbəb ola bilər. 

Yumurtalıqların polikistozu sindromu. Bu sindrom hormonal balansın pozulması ilə yanaşı yumurtalıqlarda kiçik kistlərin əmələ gəlməsi və aybaşıların qeyri-müntəzəm olması ilə xarakterizə olunur. Yumurtalıqların polikistozu sindromunun dəqiq səbəbi məlum deyildir. Lakin gənc yaşlarda aybaşıların qeyri-müntəzəmliyi, artıq çəki və ya piylənmə, bədənin artıq tüklənməsi və s. simptomların aşkar edilməsi yumurtalıqların polikistozuna şübhəni artırmış olur. Bu sindromun erkən aşkar edilməsi və bədən çəkisinin azaldılması ilə yanaşı spesifik müalicənin aparılması həmin sindromla bağlı uzunmüddətli fəsadların (yüksək qan təzyiqi, şəkərli diabet, miokardın infarktı və s.) profilaktikasına imkan verir.

•  Vaxtından əvvəl yumurtalıq çatışmazlığı (VƏYÇ). VƏYÇ 40 yaşından cavan olan qadınlarda baş verir və illərlə qeyri-müntəzəm aybaşılarla səciyyələnir.

•  Uşaqlığın fibrozu. Uşaqlığın fibrozu uşaqlıqda xoşxassəli yeni törəmələrin əmələ gəlməsi, ağır aybaşı qanaxmaları və aybaşılar arasında olan qanaxmalarla səciyyələnir.

Aybaşıların qeyri-müntəzəm olmasının qarşısını almaq olarmı?

Bəzi qadınlar kontraseptiv (arzuolunmaz hamiləliyə qarşı) həblərin qəbul edilməsi ilə aybaşıların qeyri-müntəzəm olmasının qarşısını ala bilirlər. Bəzi hallarda isə bu mümkün olmur.

Mütəmadi olaraq ginekoloqun müayinəsindən keçib reproduktiv orqanlarınızda olan problemlərin mümkün qədər tez aşkar olunmasına və müvafiq müalicə almağa nail ola bilərsiniz.

Aşağıdakı hallarda həkimdən məsləhət alın:

•  Aybaşınız artıq 90 gündür ki, kəsilib və siz hamilə deyilsiniz (hamiləliyin olmadığı müvafiq testlərlə təsdiq edilib)

•  Əvvəllər müntəzəm olan aybaşılar hazırda qeyri-müntəzəm olur

•  Aybaşı qanaxmanız 7 gündən artıq davam edir

•  Aybaşı qanaxması daha güclü olub və Siz hər bir-iki saatdan tamponu dəyişməli olursunuz

•  Aybaşı dövrünüz 21 gündən qısa ya 35 gündən uzun olur

•  Aybaşı qanaxmaları arasında qanaxmalar baş verir

•  Aybaşı qanaxması zamanı şiddətli ağrılarınız olur

•  Tampon istifadə etdikdə hərarətiniz qalxır və özünüzü xəstə hiss edirsiniz

Yadda saxlayın: aybaşı dövrünün izlənməsi aybaşı prosesində normal və qeyri-normal momentləriaydınlaşdırmağa imkan yaradır. Sizi narahat edən aybaşı dövrü ilə bağlı suallarınızı həkiminizə verin.

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...