1–ci tip şəkərli diabeti olan insanların qidalanması
Şəkərli diabet xəstələrində baş verə biləcək bir sıra ağırlaşmaların qarşısını düzgün qidalanma qaydalarına əməl etməklə almaq mümkündür. Şəkərli diabet diaqnozu qoyulduqdan sonra həkiminiz sizə düzgün qidalanma haqqında məsləhət verəcəkdir. Qəbul etdiyiniz qidanın miqdarına daima nəzarət etmək sizin sağlamlığınız üçün çox faydalı olacaqdır.
1–ci tip şəkərli diabeti olan insanların qidalanması
1-ci tip şəkərli diabet (ŞD) xəstəliyinin müalicəsinin əsasını insulinterapiya təşkil edir. Həkimin əsas vəzifəsi lazımi preparatların və müalicəvi pəhrizin təyinindən ibarətdir. Bunlar qanda qlükozanın miqdarının artmasının və mümkün ola biləcək ağırlaşmaların qarşısının alınması üçün vacibdir. 1-ci tip ŞD zamanı həkim tərəfindən pəhriz təyin olunmalıdır. Xatırlatmaq lazımdır ki, 1-ci tip şəkərli diabet əsasən 40 yaşdan öncə inkişaf edir və çox vaxt bu diaqnoz uşaqlar və gənclərə qoyulur.
İnsulin dozasının və qəbul edilən qidanın miqdarının dəqiq müəyyənləşdirilməsi üçün xüsusi “Çörək vahidi” (ÇV) sistemi hazırlanmışdır. Bu sistemə əsasən 1 ÇV 10–12 qram karbohidrata bərabərdir. Yadda saxlamaq üçün bilmək lazımdır ki, 1 ÇV 1 dilim çörək və ya 1 orta ölçülü portağala bərabərdir.
1-ci tip ŞD zamanı qidalanmanın əsasını qidalardakı karbohidratların miqdarının düzgün hesablanması təşkil edir. Normal bədən çəkisi olan və adekvat insulinterapiya alan 1-ci tip ŞD-li xəstələrdə pəhrizin əsasını hansı qidaların qəbul edilməsi yox, hansı miqdarda qəbul edilməsi təşkil edir. 1–ci tip ŞD–i olan insanlar şəkərli diabeti olmayan insanlar kimi qidalana bilərlər. Lakin burada iki vacib şərtə əməl olunmalıdır:
1.Birdəfəlik qida 7–8 “çörək vahidi”ndən, yəni 70–90 qram karbohidratdan çox olmamalıdır. Hər dəfə yeməkdən əvvəl insulinin dozasını və “çörək vahidi”ni hesablamaq lazımdır.
2.Bütün ŞD xəstələrinə, xüsusən də 1-ci tip ŞD–i olan insanlara şirin çay, limonad, qazlı və şirin şirələrin qəbulu məsləhət görülmür.
2 – ci tip şəkərli diabeti olan insanların qidalanması
2–ci tip ŞD–in əsasını insulinə qarşı bədən toxumalarının rezistentliyi təşkil edir. Bədən çəkisi normadan çox artıq olan (o cümlədən, piylənmə) və çox miqdarda qida qəbul edən şəxslərdə 2-ci tip şəkərli diabetin inkişaf riski artmış olur. İnsulindən asılı olmayan 2–ci tip ŞD-in müalicəsində əsas məqsəd karbohidrat mübadiləsini normallaşdırmaqdır. Bu tip ŞD–in əsas səbəbi hüceyrələrin insulinə həssaslığının azalması və ya rezistentliyidir və müalicənin də əsas məqsədi hüceyrələrin insulinə həssaslığını yaxşılaşdırmaqdır. 2–ci tip ŞD zamanı düzgün qidalanma və gündəlik fiziki aktivliklə hüceyrələrin insulinə həssaslığını artırmaq mümkündür.
2 – ci tip şəkərli diabeti olan insanların çox hissəsi artıq çəkili olur və həkim– endokrinoloq tərəfindən fərdi şəkildə təyin olunan pəhrizin əsasında da çəkinin azaldılması durur. Pəhriz təyin olunarkən insanın yaşı, cinsi və fiziki aktivliyi, yanaşı xəstəlikləri nəzərə alınır.
2–ci tip ŞD zamanı əsas məqsədlərdən biri çəkinin azaldılması olduğu üçün hər bir xəstəyə tələb olunan gündəlik kalori ehtiyacı fərdi olaraq hesablanmalıdır. Bədən çəkisinin hər kiloqramına qadınlarda 20 kalori, kişilərdə 25 kalori götürülür. Məsələn, 70 kq çəkisi olan qadının gündəlik kalori tələbatı 1400-ə bərabər olmalıdır (70 kq x 20 kalori = 1400 kalori).
2–ci tip ŞD-li xəstələr daima pəhrizdə olduqları üçün qida rasionunun dadlı və rəngarəng olmasına diqqət yetirilməlidir. Həmçinin qanda qlükozanın miqdarını artıra biləcək yüksək kalorili yemək və məhsulların qəbulunu məhdudlaşdırmağa çalışmalıdırlar. ŞD-i olan xəstələrin pəhrizi bitkilər və su ilə zəngin qida rasionundan ibarət olmalıdır.
Şəkərli diabet zamanı “pəhriz masası №9”
Bu pəhriz masası yüngül və orta ağırlıqlı diabet xəstələri üçün nəzərdə tutulub, lakin həkim - dietoloqlar bütün diabet xəstələrinin xüsusi sistemli qidalanmasını vacib hesab edirlər. 9-№-li pəhriz masası özündə aşağı enerjili qidalanmanı əks etdirir. Bu pəhrizdə əsasən zülalın normal qəbulu, yağların miqdarının azaldılması, karbohidratların isə nəzərəçarpan dərəcədə azaldılması nəzərdə tutulur. Bu qida rasionunda şəkər, duz və xolesterin məhdudlaşdırılır.
ŞD zamanı istifadəsinə icazə verilən qidalar
• Göbələk və tərəvəz supu, doğramac, yağsız balıq bulyonu
• Yağsız mal əti, dovşan əti, toyuq
• Çovdar və buğda çörəyi, kəpəkli çörək, 2–ci dərəcəli buğda unundan hazırlanan çörək
• Buxarda bişmiş və bəzən qızardılmış yağsız balıq, konserv balıq (yalnız öz şirəsində olarsa)
• Yağsız pendir, qaymaqsız süd, digər süd məhsulları, yoqurt
• Həftədə 2 dəfə yumurtanın ağı (yumurtanın sarısını yemək məhdudlaşdırılır)
• Darı, arpa, qarabaşaq və yulaf yarması
• Kahı, balqabaq, xiyar, pomidor, kələm, badımcan. Tərəvəzləri bişmiş və ya qaynadılmış formada yemək olar. Bişməmiş (çiy) halda yeməyə üstünlük verilməlidir. Kartof gündəlik karbohidrat miqdarına uyğun olaraq qəbul edilməlidir.
• Şirin olmayan meyvə və giləmeyvələr. Sorbitol və saxarinli jele, kompot və konfet
• Çay, şirə və tərəvəz, meyvə və giləmeyvə həlimləri
ŞD zamanı istifadəsi məhdudlaşdırılan qidalar
• Yağlı ət bulyonları
• Yağlı ət növləri – donuz, ördək, qoyun, qaz, müxtəlif hisə verilmiş qidalar və kolbasa, quyruq yağı
• Piroqlar, bulkalar, peçenyelər, biskvit və yağlı şirniyyatlar
• Yağlı balıq növləri, müxtəlif duzlu və hisə verilmiş balıq növləri, yağlı balıq konservləri, kürü
• Bütün növ duzlu pendir və kəsmiklər, şirin kəsmiklər, müxtəlif dərəcəli yağlı qaymaq, kərə yağı
• Ağ düyü, manna yarması və makaron məmulatları
• Duzlu və turşuya qoyulmuş tərəvəzlər, noxud, lobya
• Çiyələk, üzüm, əncir, banan, xurma, qənd, mürəbbə, konfet
• Tərkibində çoxlu miqdarda qlükoza olan üzümlü, ərikli və digər şirələr, şəkərli limonadlar, qazlı içkilər
Şəkərli diabet xəstələri pəhriz və hansı qidaların istifadə olunması haqqında daha ətraflı və ya fərdi xüsusiyyətlərə uyğun məlumatı öz müalicə həkimlərindən ala bilər.
Şəkərli diabet xəstələri üçün qidalanma tövsiyələri
1-ci tip ŞD: bu qrupa daxil olan insanlar çox lifli qidalara üstünlük verməklə qanda şəkərin miqdarının tədricən qalxmasına nail olmalıdırlar. Karbohidratlar yağ və zülallara nisbətən qanda şəkərin səviyyəsinə daha çox təsir göstərir, lakin “0 karbohidrat” və ya “karbohidratsız” pəhriz də düzgün deyil. Sadəcə olaraq qəbul edilən karbohidratlı qidaları diqqətlə seçmək lazımdır. Rafinə olunmuş karbohidratları (məs., ağ çörək) qida rasionundan çıxarmaq lazımdır. Qida rasionunda ağ çörək, makaron, ağ düyü, şirniyyat və ayaqüstü qidaları (“fast-fud”) mümkün qədər azaltmaq məsləhətdir. Rafinə olunmuş qida növlərinin əvəzinə aşağıdakı qida növlərindən istifadə tövsiyə olunur:
- Ağ düyü əvəzinə qəhvəyi düyü
- Normal kartof əvəzinə qırmızı kartof
- Normal makaron əvəzinə kəpəkli makaron
- Ağ çörək əvəzinə tam buğda çörəyi
- Şəkərli səhər yeməyi əvəzinə müsli
- Qarğıdalı əvəzinə noxud və yaşıl yarpaqlı tərəvəzlər yeyə bilərsiniz.
2-ci tip ŞD: bu qrup xəstələr şəkər qəbulunu nəzarət altında saxlamalıdırlar. Lakin bu o demək deyil ki, 2-ci tip ŞD olan xəstələr heç şəkər qəbul etməməlidir. Başlanğıcda şəkər və ya şəkər tərkibli qidaların qəbulunu azaltmaq çətin olacaq, lakin tədricən öyrəşəcəksiniz. Şəkərli içkilər (kola, konsentratdan hazırlanmış meyvə suyu, soyuq çay) əvəzinə mineral sular və ya adi su içmək daha məsləhətdir.
Evdə yeməklərin hazırlanması zamanı istifadə olunan şəkərin həcmini iki dəfə azaldın. Bir müddət sonra ağız dadınız az şəkərli qidalara vərdiş edəcək. Şirniyyatlara dad vermək üçün darçın və ya vanildən istifadə edin.
Ürəyiniz lap çox şirin qida istəyərsə hər hansı bir ağır şirniyyat yemək əvəzinə öz şirniyyatınızı özünüz hazırlayın. Məsələn, 1 ədəd bananı doğrayıb 1 yemək qaşığı yağsız qatıqla qarışdırıb, 5 dəqiqə soyuducuda saxlayıb şirniyyat olaraq yeyə bilərsiniz.