Hamilə və əmizdirən qadınlarda yod çatışmazlığının profilaktikası


Yod nədir və nə üçün lazımdır?

Yod insanlara az miqdarda tələb olunan, amma çox vacib mikroelementdir və əksər ərzaq məhsullarında yetərli qədər deyil. Yod normal böyümə və inkişafı tənzimləyən, qalxanabənzər vəzinin ifraz etdiyi hormonların(QVH) əsas tərkib hissəsidir. Həmin hormonlar   dölün, sonradan körpələrin və kiçik yaşlı uşaqların beyinlərinin və sinir sistemlərinin normal inkişafı üçün həyati vacibdir. Bu səbəbdən hamilə və əmizdirən  qadınların kifayət qədər yod alması çox vacibdir, çünki əvvəlcə dölün, sonra isə körpənin yoda olan tələbatı əsasən ananın orqanizmindən (ana südü ilə) ödənir.

Bəzi ərazilərin suyu və torpağında yod azdır; məsələn, Azərbaycanda Şəki-Zaqatala regionu belə yod çatışmayan endemik zonalara aiddir. Həmin ərazilərdə hətta yodla zəngin olan qidaların tərkibində də kifayət qədər yod olmur. Nəticədə həmin ərazilərdə yaşayan əhalidə endemik xəstəliklərin (endemik ur/zob) inkişafı üçün şərait yaranır. Belə xəstəliklərin qarşısının alınması və həmçinin, ana və körpənin sağlamlığının qorunması üçün yod çatışmazlığının profilaktikası aparılmalıdır. 

Ana və körpədə yod çatışmazlığının yaratdığı təhlükələr

Hamilə qadınlarda yod çatışmazlığının fəsadları: qanda qalxanabənzər vəzin hormonlarının  aşağı olması (hipotiroksinemiya), həmin hormonların səviyyəsinin az olması səbəbindən yaranan xəstəlik (hipotireoz),düyünlü ur,hamilə qadının adaptasiya/uyğunlaşma qabiliyyətinin aşağı düşməsi, qan azlığı (anemiya),hamiləliyin və doğuşun ağırlaşması, spontan abort.

Döl üçün təhlükələr: bətndaxili inkişaf qüsurları, fiziki inkişafdan geri qalma (antropometrik göstəricilərin, o cümlədən boy, çəki, döş qəfəsinin dairəsi və s. azalması), ölüdoğulma.

Yenidoğulmuşda yaranan fəsadlar: əqli zəiflik (kretinizm), qalxanabənzər vəzin hormonlarının çatışmazlığı nəticəsində inkişaf edən xəstəliklər (endemik hipotireoz, endemik zob), tənəffüs problemləri, anadangəlmə karlıq və erkən uşaq ölümü.

Yod çatışmazlığının aşkar olunması üsulları

Qalxanabənzər vəzinin həkim tərəfindən əllə yoxlanılması, ultrasəs müayinəsi ( USM), qanda hormonların səviyyəsinin təyini, qanda tireoqlobulinin konsentrasiyasının təyini, sidikdə yodun təyini (yod bədəndən əsasən sidiklə xaric olunur) yod çatışmazlığının aşkar edilməsinə yardım edir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə hamilənin yoda gündəlik tələbatı 250 mkq-dır. Hamilə qadının sidik analizində sidiklə ifraz olunan yodun səviyyəsinin 150-249 mkq/l olması isə onun yoda olan tələbatının tam ödənilməsindən xəbər verir. 

Yod çatışmazlığının qarşısını alan tədbirlər

 

      ●   Yodlaşdırılmış duzdan və tərkibində yod olan qidalardan (dəniz məhsulları, dənlilər, inək südü, yumurta, badımcan, kartof, feyxoa, xurma və s.) istifadə. Gündəlik qida rasionunda    duzun tövsiyə olunan miqdarı təqribən 5 q təşkil edir;  1 q yodlaşdırılmış duzun tərkibində isə təqribən 30-50 mkq  yod olmalıdır.

      ●   Hamiləlikdən əvvəl, hamiləlik və körpəni əmizdirən dövrlərdə yodun miqdarının həkim nəzarətində saxlanılması və həkimin məsləhəti əsasında tələb olunarsa yod tərkibli    multivitaminlərin istifadə olunması.

      ●   Yod çatışmayan endemik zonalarda yüksək risk qrupuna daxil edilənlərin aktiv müayinələrə (sidikdə yodun təyini, yenidoğulmuşlarda psixofiziki inkişafın müayinəsi) və müalicəyə cəlb    olunması.

      ●   Hamilə qadında endemik zob, yüksək yod çatışmazlığı olduqda onun endokrinoloq və mama-ginekoloq  tərəfindən nəzarətdə saxlanılması vacibdir.

Hamiləliyi planlaşdıran, hamilə və uşaq əmizdirən qadınlar sadalananlara riayət etdikdə  ana və uşaqda yarana biləcək pozuntuların qarşısını almaq mümkündür.

 

 

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...