Vaxtından əvvəl doğuşlar


Vaxtından əvvəl doğuş nədir?

Hamiləliyin 37-ci həftəsinə kimi baş verən doğuş vaxtından əvvəl hesab edilir. Adətən, hamiləlik təxminən 40 həftə davam edir.

Vaxtından əvvəl doğuş baş verdikdə uşağın ana bətnində inkişafına daha az vaxt qalır. Bu səbəbdən vaxtından əvvəl doğulmuş körpələrin, xüsusilə anadan daha erkən doğulanların vəziyyəti tez-tez tibbi fəsadlarla ağırlaşır.

Körpənin  vaxtından nə qədər əvvəl dünyaya gəldiyindən asılı olaraq, o hesab edilir:

  • doğuş müddətinə yaxın doğulan (hamiləliyin 32-37-ci həftələrində)
  • vaxtından çox erkən doğulan (hamiləliyin 28-32-ci həftələrində)
  • vaxtından son dərəcə erkən doğulan (hamiləliyin 28-ci həftəsinə qədər)

 

Vaxtından əvvəl doğulma 5 yaşadək uşaqlar arasında ölümün aparıcı səbəblərindəndir. Vaxtından çox erkən doğulan körpələrdə  əlillik riski də yüksəkdir. Bu körpələr arasında tənəffüs problemləri, qidalandırmaqla bağlı çətinliklər, serebral iflic, inkişafın ləngiməsi, görmə problemləri, eşitmə qabiliyyətinin zəif olması halları çox tez-tez rast gəlinir.
Vaxtından çox erkən doğuşlar ailə üçün həm də  emosional və iqtisadi baxımdan ağır hesab edilə  bilər. 

Vaxtından əvvəl doğuşun səbəbləri

Vaxtından əvvəl doğuşların səbəbləri müxtəlifdir. Əksər hallarda vaxtından əvvəl doğuş özbaşına (spontan)  baş verir. Lakin bəzi hallarda tibbi və ya qeyri-tibbi səbəblərə görə doğuş ya induksiya olunur (yəni süni olaraq həkim tərəfindən  başladılır),  ya da qeysəriyyə yolu ilə vaxtından əvvəl başa çatdırılır.

Bir çox amillər vaxtından əvvəl doğuş riskini artıra bilər, onlardan əsasən rast gəlinən aşağıda sadalananlardır:

  • Çoxdöllü hamiləlik
  • Xronik xəstəliklər (şəkərli diabet, yüksək qan təzyiqi, qan laxtalanmasının pozuntuları)
  • Əvvəlki hamiləliyin vaxtından əvvəl doğuşla nəticələnməsi
  • Hamiləlik zamanı müəyyən infeksiyalar
  • Hamiləliklər arasında intervalın 6 aydan az olması
  • Uşaqlığın/ciftin infeksiyası
  • Süni yolla mayalanma
  • Uşaqlıq, uşaqlıq boynu və ya ciftlə bağlı problemlər
  • Tütünçəkmə, spirtli içkilərin və ya narkotik vasitələrin istifadəsi
  • Kifayət qədər qidalanmama
  • Piylənmə
  • Stress
  • Əvvəlki hamiləliklər zamanı çoxsaylı düşüklər və ya abortlar
  • Travmalar
  • İrsi və ya genetik faktorlar 

Vaxtından əvvəl doğuşların qarşısının alınması

Vaxtından əvvəl doğuşların qarşısının alınması problem olaraq qalır, çünki səbəbləri çoxsaylı, mürəkkəb və kifayət qədər aydın deyildir. Lakin hamilə qadın vaxtından əvvəl doğuş riskini azaltmaq və sağlamlığının yaxşılaşdırılması üçün lazımlı addımlar ata bilər:

• Hamiləlikdən əvvəl tibbi müayinədən keçmək. Hamiləlikdən  şübhələndiyi və o təsdiq edildiyi halda mümkün qədər tez bir vaxtda mütəxəssisə müraciət edib bütün hamiləlik boyunca həkimin nəzarətində (antenatal qayğı) olmaq.

• Əgər siqaret çəkəndirsə - siqareti atmaq. Kömək üçün bu sahədə təcrübəsi olan mütəxəssisə və ya tibb müəssisələrinə müraciət etmək.

• Spirtli içki və narkotik vasitələrdən imtina etmək. Hər hansı xəstəliklə bağlı narkotik ağrıkəsicilər, psixotrop və sinir sisteminə təsir edən digər dərmanlardan istifadə edən qadınların hamiləlikdən əvvəl və hamiləlik boyu müvafiq ixtisas həkimlərilə məsləhətləşmələr aparması və onların nəzarətində olması zəruridir.  

• Aşağıda sadalananlar barədə mütəxəssislə məsləhətləşmək:                                                                                                  

- Hamiləlik zamanı yüksək qan təzyiqinin və ya şəkərli diabetin nəzarətdə saxlanılmasının yolları

- Sağlam qidalanma və vitaminlərin/mikroelementlərin qəbulu; hamiləlikdən əvvəl və erkən hamiləlik zamanı hər gün fol turşusunun 400 mikroqram dozada qəbul edilməsi vacibdir

- Hamiləlik zamanı tibbi yardım tələb edən narahatlıqlar/vəziyyətlər və vaxtından əvvəl doğuşun hər hansı xəbərdarlıq əlamətləri

- Əvvəlki hamiləlik erkən doğuşla nəticələndikdə, növbəti hamiləliyin qorunması üçün müvafiq müalicə almaq üçün həkimlə məsləhətləşmə

Əgər vaxtından əvvəl doğuş baş veribsə, yenidoğulmuşun qorunması üçün həkimlərlə yanaşı ana mühüm rol oynayır. Belə ki, doğuşdan dərhal sonra  yenidoğulmuşun ana ilə yaxınlaşdırılması, onun ana südü ilə əmizdirilməsi vaxtından əvvəl və ya vaxtında doğulan körpələrin sağ qalması və sağlam böyüməsi ehtimalını artırmış olur. 

Vaxtından əvvəl doğuşun başlanmasının əlamətləri

Əksər hallarda, vaxtından əvvəl doğuş gözlənilmədən başlayır və səbəbi məlum deyil. Adi doğuşun başlanğıcı kimi vaxtından əvvəl doğuşun əlamətləri aşağıdakılardır:

• Hər 10 dəqiqədən bir və ya daha tez-tez uşaqlığın yığılmaları/sancılar (qarın bir yumruq kimi bərkiyir/yığılır)

• Uşaqlıq yolundan ifrazatın xarakterinin dəyişməsi (mayenin sızması və ya qanlı ifrazat)

• Kiçik çanaq nahiyəsində təzyiq hissi – elə hissiyyat yaranır ki, döl aşağı basır

• Belin aşağı hissəsində küt ağrılar

• Aybaşı zamanı baş verən sancılara bənzər ağrı hissi

• İshalsız və ya ishalla müşayiət olunan qarın nahiyəsində sancılar

Vaxtından əvvəl doğuşun hər hansı xəbərdarlıq əlaməti və ya simptomları müşahidə olunduqda hamilə qadın dərhal müvafiq tibb  müəssisəsinə müraciət etməlidir. Bu məqsədlə təcili tibbi yardımın çağırılması və vaxtından əvvəl doğuşun baş verməsi ehtimalı yüksək olan qadının tibb mütəxəssisinin nəzarəti altında müvafiq tibb müəssisəsinə çatdırılması ən önəmli addımlardan ola bilər. 

Körpənin vaxtından əvvəl doğulması gözlənildikdə

Əgər, vaxtından əvvəl doğuş gözlənilirsə, qadın körpə üçün xüsusi şəraiti olan doğuşayardım müəssisəsinə göndərilir və ya doğuşdan dərhal sonra ora köçürülür. Doğuş sancıları vaxtından əvvəl başlandıqda, həkimlər müvəqqəti olaraq sancıları dayandırmaq üçün dərmanlar (tokolitiklər) təyin edə bilərlər. Belə halda steroid inyeksiyasının vurulması və təsir etməsi üçün  vaxt qazanılır. Steroid hormonları çox erkən  doğulan körpələrin ağırlaşmalardan zədələnmə riskini (xüsusilə də tənəffüs və qanaxma ilə bağlı problemləri) azaldacaq. Steroidlərin təsiri üçün 24 saata yaxın vaxt tələb olunur.

Dölün böyüməsi və inkişafı hamiləlik boyunca baş verir - xüsusilə son aylar və həftələrdə. Vaxtında doğulan körpələrlə müqayisədə vaxtından əvvəl doğulanların çəkisi daha az olur. Orqanlarının inkişafı üçün kifayət qədər vaxt olmadığından, vaxtından əvvəl doğulanların sağlamlıq problemləri ola bilər. Belə körpələrə yenidoğulmuşlar üçün intensiv qulluq şöbəsində xüsusi tibbi qayğı göstərilməlidir; orqan/sistemləri yetişənə və müstəqil surətdə fəaliyyət göstərənə qədər, onlar intensiv qulluq şöbəsində qalmalıdırlar. 

 

 

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...