Hestasion şəkərli diabet və hamiləlik


Hestasion şəkərli diabet nədir?

Hestasion şəkərli diabet (HŞD) – əvvəllər diabeti olmayan qadında hamiləlik zamanı ilk dəfə əmələ gəlmiş və ya aşkar olunmuş diabetin bir növüdür.  Bəzi qadınlarda hestasion şəkərli diabet gələcək hamiləliklərdə də müşahidə oluna bilər. Diabet, adətən, hamiləliyin ortasında, 24-28-ci həftələr arasında müayinə zamanı aşkarlanır. Bir çox hallarda HŞD sağlam qida və müntəzəm idman məşğələləri ilə idarə oluna bilər.  Bəzən isə hestasion şəkərli diabetin insulinlə müalicə olunması tələb olunur.

Hansı qadınlarda hestasion şəkərli diabet riski yüksəkdir?

 

  • Əvvəlki hamiləlikdə hestasion şəkərli diabet müşahidə olunub
  • Əvvəlki hamiləlikdə körpənin çəkisi 4 kiloqramdan çox olub
  • Ana artıq çəki  və ya piylənmədən əziyyət çəkir (BKİ, bədən kütlə indeksi >25 kq/kv.sm-dən çoxdur)
  • Ailə üzvlərində şəkərli diabet var
  • İİV-ə qarşı müalicə alıb və ya alır (İİV-ə qarşı bəzi müalicə növləri qanda şəkərin səviyyəsini artıra bilər)

     

Hamiləlik vaxtı hestasion şəkərli diabetin törətdiyi problemlər

Hestasion şəkərli diabetdən əziyyət çəkən anaların qanında şəkərin səviyyəsi düzgün tənzimlənmədikdə  ananın və dölün sağlamlığında aşağıdakı ciddi problemlər yarana bilər:

Hamilədə

  • 2-ci tip şəkərli diabetin inkişaf riski artır.
  • Doğuş zamanı körpənin çəkisinin artıq olması ehtimalı yüksək olur və bu, hamiləliyin son aylarında qadında narahatlıq yarada bilər.
  • Dölün çəkisi yüksək olduqda doğuşun qeysəriyyə kəsiyi əməliyyatı ilə aparılması tələb oluna  bilər. Belə halda qadının orqanizminin bərpası üçün daha uzun müddət tələb olunur. Çəkisi çox böyük (>4 kq) olan dölün təbii yolla doğuşu zamanı isə ananın reproduktiv orqanlarının zədələnməsi riski artmış olur.
  • Yüksək qan təzyiqi riski artır. Belə ki, hestasion şəkərli diabeti olan hamilələrdə qan təzyiqinin yüksəlməsi daha çox müşahidə edilir.Əgər hamilədə yüksək qan təzyiqi sidikdə zülal və əl-ayaq barmaqlarında keçməyən şişlərlə müşayiət olunursa, bu  preeklampsiyanın əlamətləri ola bilər. Preeklampsiya vaxtından əvvəl doğuş, anada tutmalar və ya beyinə qansızma (insult) kimi ağır fəsadlarla nəticələnə bilər. Preeklampsiya vəziyyəti ciddi həkim nəzarətini və hamilə qadının daha yaxından intensiv tibbi qayğı ilə əhatə olunmasını tələb edir. 

Körpədə

• Doğuş zamanı iri uşağın zədələnməsi riski daha yüksəkdir.

• Doğuşdan sonra yenidoğulmuşun qanında şəkərin səviyyəsi çox tez müddətdə aşağı düşə bilər (hipoqlikemiya) və ağır fəsadlar yarana bilər. Uşağın erkən əmizdirilməsi hipoqlikemiyanın müalicəsi hesab olunur və fəsadların  qarşısını alır.

Hestasion şəkərli diabeti olan qadınlara nə tövsiyə olunur?

1. Müntəzəm həkim nəzarəti

Hestasion şəkərli diabeti olan hamilələr mama-ginekoloqun və eyni vaxtda endokrinoloqun nəzarətində olmalıdırlar. Qəbula təyin edilən vaxtdan əlavə olaraq hansısa bir narahatlıq və ya əlamətlər olduqda da müraciət  etmək vacibdir.

2. Sağlam qidaların qəbulu

Diabeti olan şəxslər üçün nəzərdə tutulmuş sağlam qidalar qəbul edilməlidir. Dietoloq qida qəbulunun düzgün planlaşdırılmasına köməklik edə bilər. Həmçinin, dietoloq qanda şəkərin səviyyəsinə nəzarət etmə qaydalarını hamiləyəöyrədə bilər.

3. Müntəzəm idman məşqləri

İdman qanda şəkərin tənzimlənməsinin daha bir yoludur və qida qəbulunu tarazlaşdırmağa kömək edir. Həkim müayinəsindən keçdikdən sonra hamiləlik zamanı və doğuşdan sonra da mütəmadi idman edilməlidir.  Ən azı həftənin beş günü gündə 30 dəqiqəərzində mülayim intensivliklə fiziki hərəkətlər edilməlidir. Bu, cəld piyada gəzinti, üzgüçülük və ya uşaqlarla fəal oyunlar ola bilər.

4. Qanda şəkərin səviyyəsinin tez-tez yoxlanılması

Hamiləlik zamanı orqanizmdə baş verən dəyişikliklər onun enerjiyə tələbatını artırır və bu səbəbdən qanda şəkərin səviyyəsi tez-tez dəyişə bilər. Bu səbəbdən hestasion şəkərli diabeti olan qadınlar qanda şəkərin səviyyəsini evdə qlyukometrlə gündə 1-2 dəfə ölçməlidirlər.

5. Ehtiyac yarandıqda, insulindən istifadə

Bəzən hestasion şəkərli diabeti olan qadınlar insulin qəbul etməli olurlar. Əgər qanda şəkərin səviyyəsini  tənzimləmək üçün həkim insulin təyin edirsə, onu təyin olunduğu kimi istifadə etmək lazımdır. İnsulinin qəbulu zamanı qanda şəkərin səviyyəsi gündəən azı 2 dəfə ölçülməli və göstəricilər əsasında insulinin dozası tənzimlənməlidir. İnsulindən istifadə edən hamilə qadınların endokrinoloqun davamlı nəzarətində olması xüsusilə tövsiyə edilir.

6. Doğuşdan sonra qanda şəkərin səviyyəsinin yoxlanılması

Körpə doğulduqdan  sonra 6-12 həftə müddətində və növbəti 3 il ərzində ildə 1 dəfə qadının qanında şəkərin səviyyəsi  yoxlanılmalıdır.
Əksər hallarda hestasion şəkərli diabet doğuşdan sonra tezliklə keçir. Keçmədiyi halda o, 2-ci tip şəkərli diabet adlanır. Lakin doğuşdan sonra hestasion şəkərli diabet keçsə də belə, qadınların yarısında sonralar 2-ci tip şəkərli diabet inkişaf edir. Bunun qarşısını almaq və ya inkişafını yavaşıtmaq üçün idmanın və sağlam qidalanmanın hamiləlikdən sonra da  davam etdirilməsi vacibdir. Həmçinin, doğuşdan sonrakı 3 il ərzində hestasion şəkərli diabeti olmuş hər bir qadın öz qanında şəkərin müntəzəm yoxlanılmasını həkiminə xatırlatmalıdır. Bununla yanaşı qadın mütəmadi olaraq evdə qlyukometrlə qanda şəkərini yoxlamağa çalışmalı və yüksək göstəricilər olduqda, bu haqda dərhal həkiminə məlumat verməlidir.

Bunu bilmək vacibdir!

Qanda şəkərin qalxmasının əlamətləri: susuzluq hissi, baş ağrısı, sidik ifrazının tezləşməsi, zəiflik və  əzginlik, görmədə dəyişikliklər, diqqətin zəifləməsi, göbələk infeksiyası.

Nə etmək lazımdır?

Bu əlamətlərin hər hansı biri qeyd olunduqda həkimlə məsləhətləşmək lazımdır. 

Qanda şəkərin enməsinin əlamətləri: aclıq hissi, baş gicəllənməsi və ya əsmə, narahatlıq vəəsəbilik, diqqətin pozulması, dərinin avazıması, tərləmə və birdən-birə yaranan zəiflik, ürək döyüntülərinin tezləşməsi.

Nə etmək lazımdır?

Bu əlamətlərin hansısa biri qeyd olunduqda, qanda şəkərin səviyyəsi dərhal ölçülməlidir. Aşağı olarsa, hər hansı bir “ani” şəkərli ərzaqlardan istifadə edilməlidir: kiçik qənd parçası və ya karamel, və ya 1 stəkan meyvə şirəsi, üzsüz süd və s. 15 dəqiqədən sonra vəziyyət yaxşılaşmadıqda, yenə həmin şəkərli qida qəbul edilməlidir. Vəziyyət yaxşılaşdıqda pendir, kreker və ya qara çörəklə 1-2 buterbrod kimi proteinli qəlyanaltı yeyilməlidir. 1 həftəərzində qanda şəkərin azalması iki dəfə və ya daha çox müşahidə olunursa, həkimlə məsləhətləşmək lazımdır. Xüsusilə qeyd edilməlidir ki, qanda şəkərin səviyyəsini azaldan dərmanlardan, o cümlədən insulindən istifadə edən hamilə qadınlardan qanda şəkərin kəskin enməsi hallarına daha çox rast gəlinir. Buna yol verməmək üçün hestasion şəkərli diabeti olan və buna görə dərmanlarla müalicə alan bütün hamilə qadınlar gündəən azı 2-3 dəfə qanda şəkərin səviyyəsini ölçməli və mütəmadi olaraq endokrinoloq və ya ailə həkimi ilə məsləhətləşməlidirlər.

Hestasion şəkərli diabeti olan hamilələr yanında həmişə bərk konfet və ya  qlükoza tərkibli həblər saxlamalıdırlar.

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...