Qan təzyiqinin korreksiyasına dair tövsiyələr
• Çəkiyə nəzarət, fiziki hərəkətlərin artırılması, spirtli içkilərin və natrium qəbulunun məhdudlaşdırılması, meyvə-tərəvəz və az yağlı süd məhsullarının qəbulunun artırılması kimi həyat tərzi ilə əlaqədar tədbirlərin görülməsi qan təzyiqi yüksək olan şəxslərə və hipertenziyadan əziyyət çəkən pasiyentlərə məsləhət görülməlidir. (B)*
• Hipertenziya əleyhinə bütün əsas dərman qrupları (diuretiklər, angiotenzin çevirən fermentin (AÇF) inhibitorları, kalsium antaqonistləri, angiotenzin reseptor antaqonistləri və beta-blokatorlar) qan təzyiqinin aşağı salınması effekti baxımından bir-birindən o qədər də fərqlənmir və hipertenziya əleyhinə müalicənin başlanması və davam etdirilməsi üçün məsləhət görülməlidir. (A)*
• Hipertenziyadan əziyyət çəkən bütün pasiyentlərdə sistolik qan təzyiqi
• 1-ci və ya 2-ci dərəcəli hipertenziyası və orta səviyyəli ümumi kardiovaskulyar riski olan pasiyentlərdə bir neçə həftə ərzində, hər hansı bir risk faktoru ilə müşayiət olunmayan 1-ci dərəcəli hipertenziyası olan pasiyentlərdə isə bir neçə ay ərzində dərman müalicəsi təxirə salınaraq həyat tərzini dəyişdirmək cəhdləri ilə əlaqədar tədbirlər görülə bilər. (C)*
• 3-cü dərəcəli hipertenziyadan əziyyət çəkən, həmçinin, yüksək və ya çox yüksək kardio-vaskulyar riski olan 1-ci və ya 2-ci dərəcəli hipertenziyadan əziyyət çəkən pasiyentlərdə təxirə salınmadan dərmanlarla müalicəyə başlanmalıdır. (B)*
• Hipertenziyası və müəyyən edilmiş ürək-damar xəstəliyi və ya II tip şəkərli diabet və ya 10 illik ürək-damar ölümü riski ≥5% (SCORE şkalasına görə) olan bütün xəstələrdə statin müalicəsi nəzərdən keçirilməlidir(B)*
• SCORE şkalasından istifadə etməklə risk dərəcəsinin müəyyənləşdirilməsi hipertenziyadan əziyyət çəkən hər bir pasiyent üçün minimum tələb kimi müəyyənləşdirilməlidir. (B)*
• Subklinik orqan zədələnməsi olan pasiyentlərdə, xüsusən aşağı və ya orta dərəcəli riski olan şəxslərdə (SCORE 1-4%) ürək-damar sistemi ilə əlaqədar ölüm halının yarana biləcəyi sübut olunduğuna görə, orqanların subklinik zədələnmələrinin aşkar olunması üçün müayinə aparılmalıdır. (B)*
• Hipertenziyası və bir çox metabolik risk faktorları olan xəstələrə beta blokatorlar və tiazid diuretiklər diabetin əmələ gəlmə ehtimalını artırdığına görə tövsiyə olunmur. (D)*
• Diabet olan hallarda AÇF inhibitorları və ya renin anqiotenzin reseptorlarının blokatorları tövsiyə olunur. (A)*
• Antitrombositar terapiya, xüsusilə, aşağı dozalarda aspirin, hipertenziyalı və anamnezində ürək-damar hadisəsi olan xəstələrə tövsiyə olunur. (A)*
• Anamnezində ürək-damar hadisəsi olmayan hipertenziyalı, lakin böyrəklərin aşağı funksiyası və ya yüksək ürək-damar riski olan xəstələrdə antitrombositar terapiyanın tətbiqini nəzərdən keçirtmək lazımdır. (C)*
*Tövsiyənin etibarlılıq səviyyəsi:
A-çox etibarlı
B-etibarlı
C-nisbətən etibarlı
D-az etibarlı