Praktik tövsiyələr
Təhsil müəssisələrində, o cümlədən orta ümumtəhsil məktəbləri və xüsusi təhsil müəssisələrində çalışan müəllim, psixoloq və məktəbin tibb işçisinin uşaq və yeniyetmələr arasında narkotik və ya psixotrop maddələrdən istifadənin vaxtında aşkarlanmasında onlara və valideynlərinə (qanuni nümayəndələrinə) ilkin psixoloji və pedaqoji yardımın göstərilməsində, uşaq və yeniyetmələrin müvafiq ixtisaslaşdırımış xidmətlərə yönəldilməsində müstəsna xidməti var. Bu işdə müəllim və psixoloqların, məktəbdə çalışan tibb işçilərinin üzərinə düşən öhdəlik valideynlər, həkim və hüquq-mühafizə orqanlarının üzərinə düşəndən heç də az deyil.
1. Narkotik və psixotrop maddələr-müvafiq qaydada təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik vasitələr və ya psixotrop maddələr olan bitkilərdir.
2. Narkomanlıq-narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir.
3. Toksikomanlıq-insan psixikasına bihuşedici təsir göstərən, o cümlədən yapışqan, boya, benzin və digər bu kimi maddələrin (narkotik vasitələr, psixotrop maddələr və spirtli içkilər istisna olmaqla) sui-istifadəsi nəticəsində yaranan, xronik intoksikasiya doğuran, həmin maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir.
Narkotik/psixotrop maddələrin istifadəsində müşahidə edilən əlamətlər:
Uşaq və yeniyetmələrdə narkotik/ psixotrop maddələrin istifadəsindən irəli gələn fiziki və psixi əlamətlər, habelə davranış tərzinin dəyişməsi müşahidə edilə bilər.
Fiziki əlamətlər
- göz bəbəklərinin genişlənməsi və ya daralması
- gözlərin qızarması və ya bulanıq olması
- nitqin ləngiməsi, dəyişməsi
- iştahanın zəifləməsi, səbəbsiz arıqlama
- bədənin müxtəlif yerlərində iynə izləri
- hərəkət koordinasiyasınin pozulması
Davranışın dəyişməsi:
- ətrafa qarşı etinasızlıq
- dərslərə qarşı laqeydlik, maraqların, əhatənin dəyişməsi
- ünsiyyətdən yayınma, məktəbdaxili və kütləvi tədbirlərdə iştirakdan yayınma
- yalan danışmağa meyillilik
- şagirddə boru şəklində bükülmüş kağızların, kapsul və şprislərin olması
- valideynlərdən səbəbsiz pul istəmə və ya evdən, sinif yoldaşlarından pul oğurlama
- səliqəsiz görkəm
Psixi pozuntular:
- əhvalın tez-tez və kəskin dəyişməsi
- yaxınlarına qarşı emosional soyuqluq
- artıq yuxululuq və ya yuxusuzluq
- yorğunluğun həddən artıq fəallıqla əvəz olunması
Bu əlamətlərdən hər biri ayrılıqda bəzən elə böyük əhəmiyyət kəsb etməyə bilər, lakin 4-5 əlamətin olması artıq siqnaldır!
Diqqət!
Narkoloji problemləri olan şagirdlərlə iş aparma zamanı nəzakətlilik və ehtiyatlılıq vacibdir. Belə ki, narkotik və psixotrop vasitələrin istifadəsi ilə bağlı əsassız şübhələr də psixi travmaya səbəb ola bilər.
Əgər yeniyetmənin narkotik və ya psixotrop vasitələrdən istifadə etməsinə şübhəniz varsa, təlaşa yol vermədən aşağıdakılara riayət etməyiniz tövsiyə olunur:
1. Məktəb rəhbərliyini bu haqda dərhal məlumatlandırın və əraziyə təhkim olunmuş yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektora xəbər verin;
2. Uşağın məktəbdə çalışan tibb işçisi tərəfindən müayinəsini təmin edin;
3. Uşağın valideynini məktəbə dəvət edin və şübhələrinizi bölüşün;
4. Yeniyetmənin vəziyyəti narkotik vasitələrdən keflənmə halı kimi qiymətləndirilərsə və ya onun davranışı, psixi vəziyyəti və ümumi sağlamlıq durumu narahatçılığa səbəb olarsa, dərhal təcili tibbi yardım briqadası çağırın.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (1998) və BMT-nin “Uşaq Hüquqları Haqqında” Konvensiyasına (1989) əsasən narkotik və psixotrop vasitələrin istifadəçisi olan və ya ehtimal edilən uşaq və yeniyetməyə dair bütün məlumatın konfidensiallığı qorunmalıdır!
Narkotik və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi narkoloji dispanserin vəzifəsidir. Lakin həmin maddələrdən istifadə etdikləri təsdiq edilmiş bütün uşaqlarla psixoloji iş, habelə onlara və valideynlərinə pedaqoji yardım və emosional dəstək müəllim, psixoloq və məktəbin tibb işçisi tərəfindən də təmin edilməlidir.