A(H1N1) qripinə qarşı vaksinasiya - hamilə qadınlar üçün məlumat
Yəqin ki, A(H1N1) adlanan qrip virusu haqqında eşitmişsiniz. Bu virus bütün dünyaya yayılmışdır və əksər insanların A(H1N1) virusuna qarşı immuniteti yoxdur. Mütəxəssislər xəbərdar edirlər ki, A(H1N1) qripi hamilə qadınlar üçün təhlükəli ola bilər. Ona görə də hamilə qadınların peyvənd olunması məsləhət görülür.
Qrip haqqında məlumat
Xəstəliyin əlamətləri: yüksək hərarət, əzələ və oynaq ağrıları, təngnəfəslik və hava çatışmazlığı, halsızlıq, öskürək, boğaz ağrısı və zökəm, baş ağrısı, bəzən qusma və ishal.
Qorunma yolları
• Əllərinizi tez-tez sabunla yuyun.
• Məlumatları ailə üzvləri, dostlar və işçilər arasında bölüşün.
• Xəstə olduğunuz təqdirdə evdə qalın, mümkün qədər çox istirahət edin, insanların kütləvi toplandığı yerlərdən uzaq olun, səyahət etməkdən çəkinin.
• Öskürmə və asqırma zamanı ağız və burun nahiyələrinizi örtün.
• Maskadan və tənzifdən istifadə edin.
Peyvənd nə üçün lazımdır?
• A(H1N1) pandemiyası 2009 - cu ildə başlamışdır və çoxsaylı xəstələnmə halları barədə məlumatlar verilmişdir.
• 2010-cu ilin fevral ayına olan məlumata əsasən dünyanın 50-dən çox ölkəsində 350 milyondan çox insan artıq peyvənd edilib. Avropanın 36 ölkəsində pandemik qripə qarşı 51 milyona yaxın insan, o cümlədən 296 min hamilə qadın peyvənd olunub.
Peyvənd təhlükəsizdirmi?
A(H1N1) qripinə qarşı peyvənd təhlükəsizlik baxımından mövsümi qrip
peyvəndləri ilə eynidir. Bu günə qədər A(H1N1) qripinə qarşı peyvəndlərin hamiləliyə, döl və uşaqlara heç bir mənfi təsiri aşkar edilməmişdir.
Qeyd
Bəzi hallarda çox zəif olan yan təsirlər mümkün ola bilər (hərarət, baş ağrısı, əzələ ağrıları). Əlamətlər 1-2 gün davam edə bilər. Çox nadir hallarda allergiya halları müşahidə oluna bilər.
Aşağıda qeyd olunan şəxslər peyvənddən çəkinməlidirlər:
• Peyvəndin müxtəlif komponentlərinə qarşı yüksək həssaslığı olan şəxslər (yumurta və toyuq məhsullarına yüksək həssaslıq).
• Adi qripə qarşı peyvəndə və başqa peyvəndlərə allergiyası olanlar, xroniki xəstəliyin fəsadlaşması və ya xəstəliyin kəskin dövründə olan şəxslər (müalicədən sonra peyvənd oluna bilərlər).
Tərtib edən təşkilat
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzi
Dəstək verən təşkilatlar
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC)
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA)
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)
Rastropoviç-Vişnevskaya Fondu (RVF)
Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi
Ümumdünya Səhiyyə Təşkilatı (WHO)
BMT-nin Uşaq Fondu (UNICEF)