Eklampsiyanın gedişatı
1-ci dövr: başlanğıc (30 san.)
• Üz əzələlərinin, daha sonra yuxarı ətrafların fibrillyar dartınmaları
• Gözlərin baxışı bir tərəfə fiksasiya olub
• Bəbəklər genişlənib və göz qapaqlarının altına gedir, göz ağı görünür
• Boyun gərgindir
• Vidaci venalar şişir
• Trizm (xəstə dilini dişləyə bilər)
2-ci dövr: tonik qıcolmalar (30 san.)
Bütün skelet əzələlərinin başdan, boyundan və yuxarı ətraflardan gövdəyə və qarına yayılan yığılmaları.
• Baş geriyə qatlanır, bəzən opistotonus müşahidə edilir
• Tənəffüs dayanır
• Sianoz sürətlə artır
• Xəstə huşunu itirir
• Nəbz praktik olaraq əllənmir
Qısamüddətli olmasına baxmayaraq, bu, ən təhlükəli dövrdür, beyinə qansızmadan qəflətən ölüm baş verə bilər.
3-cü dövr: klonik qıcolmalar (30 san.-2 dəq.)
- Bədən əzələlərinin sistemsiz yığılması – yuxarıdan aşağıya inkişaf edir
- Buna qədər hərəkətsiz, gərgin uzanan xəstə əlləri və ayaqları ilə hərəkət edərək, yataqda çırpınmağa başlayır
- Tənəffüs hərəkətləri qeyd olunmur
- Sifət tünd qırmızı-göy rəngdə olur
4-cü dövr:
- Qıcolmalar azalır və sona yetir
- Xəstə xırıltı ilə müşayiət olunan dərin, küylü nəfəs alır
- Ağızdan köpük gəlir (çox vaxt qanlı)
- Tənəffüs müntəzəm olmağa başlayır
- Sianoz azalır
- Nəbz bərpa olur
- Bəbəklər tədricən daralır
Qıcolmadan sonra koma vəziyyəti yaranır. Hamilənin huşu aydınlaşdıqdan sonra retroqrad amneziya baş verdiyindən, qıcolmanı xatırlamır. Bəzən qadın komadan çıxmadan, növbəti qıcolma başlayır. Bu hal “eklamptik status” adlanır.
Eklampsiya
Ağır preeklampsiya və eklampsiya, az hallarda rast gəlinsə də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Eklampsiyadan ölüm halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir. Ağır preeklampsiya hamilə qadınların ölümünə səbəb olan xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı, serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla da ana ölümü riskinin artmasına səbəb olur.
Risk faktorları
Risk faktorları arasında mikrovaskulyar patologiyaya səbəb olan xəstəliklər üstünlük təşkil edir:
• Xroniki hipertenziya
• Şəkərli diabet
• Damar və birləşdirici toxuma xəstəlikləri
• Antifosfolipid sindromu
• Böyrək xəstəlikləri
• Digər risk faktorları hamiləliyin özü ilə və ya hamilə qadının sağlamlıq vəziyyəti ilə əlaqədardır
Hamiləliklə əlaqəli faktorlar
• Xromosom anomaliyaları
• Çoxdöllü hamiləlik
• Oositin donasiyası (sağlam qadın-donordan yumurta hüceyrələrinin alınıb laborator şəraitdə mayalandırılması) və ya donor sperması ilə inseminasiya (köməkedici reproduktiv texnologiya yolu ilə spermanın uşaqlığa yeridilməsi)
• Dölün anadangəlmə inkişaf qüsurları
• Hamiləlik zamanı sidik traktı infeksiyaları
Ana ilə əlaqəli faktorlar:
• Yaşı 35-dən artıq
• Yaşı 20-dən az
• Ailə anamnezində preeklampsiya
• İlk hamiləlik
• Əvvəlki hamiləlikdə preeklampsiya
• Spesifik tibbi şərtlər: hamiləlik diabeti, piylənmə, trombofiliya
• Stress
Fəsadlar
Ağır preeklampsiyanın və eklampsiyanın mümkün fəsadları:
• Ağciyərlərin ventilyasiya pozğunluğu
• DDL sindrom
• HELLP sindrom
• Böyrək çatışmazlığı
• Ağciyər ödemi
• Böyüklərin kəskin respirator distress sindromu
• Serebrovaskulyar ağırlaşmalar
• Ürəkdayanma
• Ölüm
DDL SİNDROM eklampsiyalı qadınların təqribən 7%-də baş verir. Plasentar hipoperfuziya döl tərəfdən də ağırlaşmalara səbəb olur. Bunlardan:
• dölün bətndaxili tələf olması
• dölün bətndaxili inkişafdan qalması
• perinatal ölüm hallarının artması
Diaqnostika
AT: hamiləliyin 20 həftəsindən etibarən sistolik 140 mm.c.süt.-dan artıq və ya diastolik 90 mm.c.süt.-dan artıq
Proteinuriya: 0,3 q və ya çox/24 saatlıq sidikdə
Ağır preeklampsiya
AT: SAT 160 mm.c.süt. və ya artıq və DAT 110 mm.c.süt. və ya artıq – hamilə qadının yataq şəraitində olduğu 6 saat müddətində azı 2 dəfə qeyd olunursa
Proteinuriya: 5 q və ya çox/24 saatlıq sidik müayinəsində və ya 3+ sidikdə zülalın təyini testində – 4 saat müddətində götürülmüş sidikdə olan göstəricisi
Başqa əlamətlər: oliquriya (< 500ml/24 saat və ya < 30 ml/saat), plazmada kreatinin > 1,2 mq/dl, baş ağrısı, serebral və visual pozğunluqlar, sianoz, ağciyər ödemi, mədə nahiyəsində ağrı, göz dibinə ekssudasiya və qansızma, qaraciyər funksiyasının pozğunluqları, trombositopeniya, dölün bətndaxili inkişafının ləngiməsi
*Preeklampsiya diaqnozu qoyulması üçün hipertenziya ilə proteinuriyanın birgə müşahidəsi mütləqdir. Ödemlərin əmələ gəlməsi və artması ağır preeklampsiyaların mövcudluğunu və ya ağırlıq dərəcəsini əks etdirmir. Laborator müayinələr ağır preeklampsiyaların idarə edilməsində dəyərli olsa da, bu günə qədər proqnostik cəhətdən etibarlı test yoxdur.