Hipoqlikemiya
Normada qanda (plazmada) şəkərin miqdarı acqarına 3,9 mmol/l (70 mq/dl) - 6,1 mmol/l (110 mq/dl) olmalıdır. Qida qəbulundan 2 saat sonra bu göstərici 7,8 mmol/l-dən (140 mq/dl) artıq olmamalıdır. Şəkərli diabet zamanı qanda qlükozanın səviyyəsi artır. Bəzi səbəblərdən isə qanda şəkərin miqdarının qəfil aşağı düşməsi (3,9 mmol/l-dən və ya 70 mq/dl-dən aşağı) müşahidə olunur, bu da hipoqlikemiya adlanır.
Hipoqlikemiyanın əlamətləri
- kəskin zəiflik
- çox tərləmə
- başağrısı, başgicəllənmə
- bədənin əsməsi
- solğunluq
- gözlərin qaralması və ikigörmə
- narahatlıq, əhvalın dəyişməsi
- qorxu
- ürəkdöyünmənin sürətlənməsi
- güclü aclıq hissi
Hipoqlikemiyanın təsdiqlənməsi üçün qanda şəkərin səviyyəsini ölçmək lazımdır. Qanda şəkərin səviyyəsinin nəzərəçarpan dərəcədə aşağı düşməsi huşun itməsinə gətirib çıxarar və həyat üçün təhlükəli olan hipoqlikemik komanın baş verməsi ilə nəticələnə bilər.
Şəkərli diabet zamanı hipoqlikemiyanı yaradan səbəblər
- şəkərin səviyyəsini aşağı salan dərmanların artıq dozada qəbul edilməsi (o cümlədən insulinin şprisə yığılması, yeridilməsi zamanı səhvə yol vermə və ya həblərin səhvən təkrar qəbulu)
- yeməyin ötürülməsi və ya yemək tərkibində lazımi miqdarda karbohidratların olmaması
- insulinin vurulması ilə yemək qəbulu arasındakı böyük fasilə
- adi günlərlə müqayisədə fiziki aktivliyin çox olması (xüsusilə insulinin vurulması ilə yemək qəbulu arasında idmanla məşğul olduqda)
- spirtli içkilərin qəbulu
Hipoqlikemiya zamanı nə etməli
Hipoqlikemiyanın ilk əlamətlərini hiss etdikdə və ya özünənəzarət zamanı qanda şəkərin səviyyəsinin normadan aşağı olduğu təyin edildikdə dərhal müalicəyə başlamaq lazımdır.
Hipoqlikemiya zamanı görülən təcili tədbirlər
İlk növbədə meyvə şirəsi, bal və ya qənd - tez həzm olunan karbohidratlar qəbul etmək lazımdır.
Hipoqlikemiya halında gec sorulan mürəkkəb karbohidratlar (çörək, sıyıq, meyvə) yemək məsləhət deyil, çünki qanda şəkərin səviyyəsi bu məhsulları qəbul etdikdən yalnız 20-30 dəq. sonra artmağa başlayacaq. Tez həzm olunan karbohidratların qəbulu zamanı isə artıq bir neçə dəqiqədən sonra qanda şəkər yüksəlməyə başlayır və hipoqlikemiya əlamətləri tədricən yox olur. Gələcəkdə bu cür halların yaranmaması üçün hipoqlikemiyaya gətirib çıxaran səbəbi mütləq ardıcıllıqla təhlil etmək lazımdır. Hipoqlikemiya məlum olmayan səbəbdən təkrarlanırsa, vəziyyəti həkimlə müzakirə edib müvafiq insulinin və ya şəkərsalıcı dərmanların dozasını azaltmaq lazımdır.
Ağır hipoqlikemiya zamanı nə etməli
Kəskin zəiflik və bəzən huşun itməsi nəticəsində insan özü özünə yardım etmək iqtidarında olmur. Bu səbəbdən diabetli insanın yaxınlarının onda hipoqlikemiyanın baş verə biləcəyi və əlamətləri haqda məlumatının olması lazımdır. Onlar lazım olduqda necə yardım göstərilməsini bilməlidirlər. Huşunu itirmiş xəstə udquna bilmədiyindən şəkərin səviyyəsini yüksəltmək məqsədilə verilən şəkər və ya şirin içki traxeyaya düşə bilər. Belə xəstəni yanı üstə uzatmaq və ehtiyatla tənəffüs yollarını yad cisimlərdən təmizləmək, diş protezlərini çıxartmaq və təcili yardıma müraciət etmək lazımdır. Təcili olaraq dərialtı və ya əzələdaxili qlükaqon (qanda şəkərin miqdarını qaldıran xüsusi dərman) yeritmək lazımdır.