Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr dövlət qayğısı ilə əhatə olunublar

Son yeniliklər

24.02.2017-ci il tarixində Kliniki Tibbi Mərkəzin Hemodializ şöbəsində ölkədə xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi (BXX) ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş toplantı keçirilmişdir.

Tədbirdə qeyd edilmişdir ki, əgər əvvəllər xəstələr hemodializ almaq üçün uzun məsafə qət edərək paytaxt Bakıya gəlmək zərurəti ilə üzləşirdilərsə, hazırda bir çox regionlarda hemodializ şöbələri açılmış və xəstələrin istifadəsinə təqdim edilmişdir.

Hal-hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 590 hemodializ aparatı 3111 xəstəyə xidmət edir. Bunlardan 1273 nəfər Bakı şəhərində, 1838 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar. Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilmişdir.

Cari ildə regionlarda hemodializ mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. 2017-ci il regionlardan Zərdab və Masallı da yeni hemodializ mərkəzi açılacaq. Bakı və Sumqayıtdan olan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu il 3 saylı şəhər xəstəxanasına əlavə 10 aparatın təqdim edilməsi, 26 saylı birləşmiş şəhər xəstəxanasında yeni 20 aparatlıq hemodializ şöbəsinin və Sumqayıt şəhərində 20 aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda pulsuz hemodializlə müalicə üçün növbədə demək olar ki, xəstə yoxdur. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyinin tərəfindən tam təmin olunurlar.

Tədbirdə həmçinin qeyd edildi ki, hal-hazırda “Xroniki Böyrək Çatışmazlığı” proramı üzrə 679 nəfər böyrəkköçürülmüş xəstə vardır. Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar.

Dövlət başçısının göstərişi ilə ölkədə əhalinin kütləvi dispanserizasiyasının keçirilməsi xəstələrin aşkar edilməsi və müalicəyə cəlb edilməsi baxımından böyük əhəmiyyəti olmuşdur.

Qeyd edək ki, xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.

Hemodializlə müalicə - qanın süni böyrək aparatı ilə orqanizmdən kənarda təmizlənməsidir. Qan dializator adlanan xüsusi filtrdən keçməklə orqanizmdə toplanmış azot qalıqlarından, artıq elektrolitlərdən, izafi mayedən təmizlənməklə yenidən xəstənin bədəninə qayıdır. Bu prosedur 3-4 saat davam edir. Müalicə həftədə 3 dəfə olmaqla xəstənin yeganə müalicə üsulu olduğu üçün bütün həyatı boyu davam edir.