Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub

Son yeniliklər

Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. 

Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış oldular.

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” binasının tikinti işlərinə 2015-ci ilin əvvəlindən başlanıldığı barədə məlumat verdi. Qeyd olundu ki, Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda ürək xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, bu sahələrdə çalışan peşəkarların qarşılıqlı iş birliyi ilə problemin həlli istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaratmaq olub.

Bildirildi ki, “Ürək Mərkəzi”ndə böyüklərdə və uşaqlarda ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazların köməyilə müayinə və müalicə etmək, həmçinin kardioloji-invaziv və açıq cərrahiyyə əməliyyatları həyata keçiriləcək. 

Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya məlumat verildi ki, yeni istifadəyə veriləcək bina 6 mərtəbədən, Azərbaycanda ilk dəfə olan “hibrid” əməliyyat blokundan, Poliklinika, Stasionar, Kardio-Fizioterapiya, İntensiv terapiya və Reanimasiya mərkəzlərindən ibarətdir. RMDM-də hal-hazırda intensiv terapiya çarpayılarının sayı 30-a, çarpayıların sayı 100-ə, həkim otaqlarının sayı isə 35-ə çatır. Bildirildi ki, “Ürək Mərkəzi”ndə o cümlədən tədris-təlim otaqları, konfrans zalları, kafe-yeməkxana vardır. Binanın geniş parkinq sahəsi də mövcuddur. Binanın ümumi sahəsi 13.000 kvadratmetr təşkil edir.

RMDM-in “Ürək Mərkəzi”nin yüksək ixtisaslı həkim-mütəxəssisləri tərəfindən gələcəkdə pasiyentlərin qəbulu və müalicəsi aparılacaq. Mərkəzin həkim-kardioloqları əhaliyə ürək-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi, ürək-damar xəstəlikləri üzrə risk faktorlarının aradan qaldırılması və profilaktika, müalicə və uzunmüddətli müşahidə aparmaqla yardımçı olacaqlar. Həmçinin "hibrid" əməliyyatları zamanı pasiyentin daimi müşahidəsinin və müayinəsinin aparılması mümkün olacağı, bunun da pasiyentlərə öz sağlamlıqlarını yaxşılaşdırmağa kömək edəcəyi barədə də məlumat verildi.

Dövlətimizin başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşdülər.