3 mart - Beynəlxalq Qulaq və Eşitmə Günüdür

Son yeniliklər

(International Day for Ear and Hearing)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3 mart tarixini qulaq və eşitmə sağlamlığının qorunması günü kimi təyin edib. Beynəlxalq Qulaq və Eşitmə Gününün keçirilməsində əsas məqsəd ölkənin tibbi və könüllü təşkilatları ilə birlikdə eşitmə problemləri barədə və onların həlli istiqamətində əhalini maarifləndirməkdir. ÜST ona üzv olan ölkələrə qulaq və eşitmə xəstəliklərinin müalicə və profilaktikası üzrə milli proqramların hazırlanması və həyata keçirilməsində hərtərəfli dəstək göstərməsinə hazırdır. Eşitmə qabiliyyətinin itirilməsi bu gün dünyada əlilliyin ən geniş yayılmış formalarından biridir. ÜST-nin hesablamalarına görə karlıq və eşitmə qabiliyyətinin pozulmasından təxminən 360 milyon insan əziyyət çəkir. Karlıq və ağıreşitmənin əsas səbəbləri genetik  pozuntular, qulağın xroniki infeksiyaları zamanı yaranan ağırlaşmalar, bir sıra keçirilən xəstəliklər - qızılca, məxmərək, parotit, menengit və sairə, həmçinin, bəzi dərman preparatlarının təsiri və ətraf - mühitin ziyanlı faktorlarıdır. Həkimlərin mülahizələrinə görə karlığın və eşitmənin digər  fəsadlarının yaranma səbəblərini aradan qaldırmaqla onların ağırlaşmasının qarşısını yarıya qədər azaltmaq olar. Qarşısı alınan tədbirlər sırasına əhalinin immunizasiyası, ana və körpə sağlamlığının mühafizəsi və əmək gigiyenasının  təmin olunması daxildir. Xüsusilə, uşağın qulağına çirkli suyun daxil olmasının qarşısını almaq, uşağın qulaqlarına zərbə endirməmək və uşaqlara yad cisimləri qulaqlarına salmamağı öyrətmək  tövsiyə olunur. Bu hallar baş verdikdə və hər hansı bir problemlər müşahidə olunduqda dərhal həkimə müraciət etmək lazımdır.

ÜST-nin araşdırmaları göstərir ki, dünyada cavanların 1,1 milyardı  eşitmənin itirilməsinin risk faktorlarının təsiri altındadır. 12-35 yaşlarında olan insanların 43 miliyardı eşitmədən əlildir. Əyləncə mərkəzlərində, klub, diskoteka, kinoteatr, konsert zalları, stadion, fitnes, idman müəssisələrində mövücud olan yüksək səsin qulağa ziyanlı təsirləri həkimlərin  narahatlığına səbəb olur. Audiopleyer vasitəsiylə dinlənilən musiqi səsinin yüksək olması zamanla eşitmənin itirilməsinə gətirib çıxara bilər. Ona görə də ÜST  tərəfdaşlarını  birgə əməkdaşlığa cəlb etməklə gəncləri və onların ailələrini səsin təsiri nəticəsində eşitmənin itirilməsi riskləri barədə xəbərdar edir və hökümətləri bu problemə  diqqət ayırmağa və daha ciddi səylə çalışmağa çağırır.