1 mart - Ümumdünya İmmunitet Günüdür

Son yeniliklər

1 mart - Ümumdünya İmmunitet Gününün tarixi təsadüfən təyin edilməyib. İmmun sistemində yaranan zəifləmələr məhz bu ayda, yazın gəlişi ilə əlaqədar özünü daha aydın şəkildə göstərir. Bu günün əsas məqsədi əhalinin diqqətini immun sistemi funksiyasının əhəmiyyəti və onun gücləndirilməsi mövzularına yönəltmək, düzgün həyat tərzində yaşamağa cəlb etməkdir. Sağlam həyat tərzinə riayət etmək orqanizmin özünü müdafiə sisteminə çox müsbət təsir göstərir. Sağlamlığımızın əsas təməlini düzgün yuxu rejimi, fiziki aktiv həyat tərzi, zərərli vərdişlərdən imtina və balanslaşdırılmış qida rasionu təşkil edir. Davamlı soyuqdəymə, yüksək hərarət, xroniki yorğunluq sindromu, oynaq və əzələlərdə küt  ağrılar, yuxu pozğunluğu, daimi baş ağrıları, dəridə səpgilər – bunlar hamısı immun sisteminin zəifləməsinin əsas göstəricisidir. Bir qayda olaraq insan immun sistemini gücləndirməyi soyuqdəymə baş verdikdə düşünür, lakin soyuqdəymənin olması, artıq immun sisteminin zəifləməsindən xəbər verir. İmmun sistemini gücləndirməklə bir çox orqanların xəstəliklərinin qarşısını almaq olar.

Ətrafımızda milyonlarla bakteriya, virus və allergenlər var. Biz hər saniyə bu bakteriyaların ən müxtəlif növləri ilə qarşılaşsaq da xəstələnmirik. Buna səbəb immun sistemimizin bizi həm xarici, həm də daxili “düşmənlərdən” müdafiədə saxlamasıdır. Əgər bu sistem olmasaydı, insan xəstəlik arxasınca xəstəliyə yoluxardı və daima onunla mübarizədə olardı.

İmmun sistemi hələ  körpə bətndə olarkən formalaşmağa başlayır və uşaq doğulduqdan sonra ana südü vasitəsiylə immun sistemi qorunmuş olur. Hər hansı bir mikroorqanizm və ya allergenlə kontakt immun sistemi tərəfindən yadda saxlanılır və immun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı antitellər yaradaraq məhv edir. Peyvənd sistemidə belə qurulub. Orqanizmə poliomelit, difteriya, qızılca, göyöskürək və sairə bu kimi ağır xəstləlikləri keçirməyə ehtiyac qalmır, çünki peyvəndlənmə “immun yaddaşı” yaradır və orqanizmi bu və digər viruslardan müdafiə edir. Peyvənd olunmuş insanlar  infeksiyaya yoluxsalar belə, immun sistemi xəstəliyin ağırlaşmasına imkan vermir.

İmmun sistemini zəiflədən əsas faktorlar:

  • Uzunmüddətli stress;
  • Aclıq və pis qidalanma;
  • Vitamin və mikroelementlərin çatışmazlığı;
  • Fiziki yüklənmə;
  • Zədə, yanıq xəsarətləri və əməliyyat keçirmə;
  • Zərərli vərdişlər;
  • Çirklənmiş ətraf mühit;
  • Dərman preparatlarının nəzarətsiz qəbulu;

Düzgün qidalanmaq, sağlam yuxu rejimi, hərəkətdə olmaq, siqaret və içkidən imtina etmək, psixi vəziyyəti sağlam formada saxlamaq və əlbətdə ki, gigiyena qaydalarına əməl etməklə immuniteti və ümumən orqanizmi müxtəlif xəstəliklərdən qorumuş olarıq. Ümumdünya İmmunitet Günü bir daha insanlara sağlam həyat tərzinin əhəmiyyətini vurğulayır, möhkəm immun sisteminin orqanizmi müxtəlif xəstəliklərdən qoruyan başlıca resurs olduğuna görə onun möhkəmləndirilməsi  istiqamətində tədbirlər görməyə çağırır.