Yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində geniş miqyaslı tədbirlər görülür

Son yeniliklər

Bu gün Səhiyyə Nazirliyinin ET Pediatriya İnstitutunda Azərbaycanda peyvəndləşdirmə sahəsində həyata keçirilən işlərə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə qeyd olundu ki, Səhiyyə Nazirliyi tərəfindən yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan geniş miqyaslı və səmərəli tədbirlər qonşu ölkələrdə və ümumiyyətlə regionda müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, ölkəmizdə dayanıqlı epidemioloji sabitliyi təmin etmişdir.

Respublikada yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklərdən ölüm və əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların peyvənd təqvimi əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir.

2016-cı ilin ilk 4 ayı ərzində peyvənd olunacaq uşaqların sayına görə ölkə üzrə əhatə olunma, yenidoğulmuşların BCG peyvəndi ilə 96,9%, HepB peyvəndi ilə 98,8%, OPV0 ilə 97,0% səviyyəsində olmuşdur. 1 yaşa qədər uşaqlar arasında GDTHibHepB3 peyvəndi ilə əhatə olunma 95,1%, OPV3 peyvəndi ilə 96,5%, Pk peyvəndi ilə 95,0% təşkil etmişdir.

2016-cı ilin fevral ayından İnaktivləşdirilmiş poliomielit vaksininin tətbiqinə başlanılmışdır. Bu dövr ərzində Respublika üzrə əhatə olunması 85% təşkil etmişdir.

Hər il olduğu kimi 2016-cı ilin aprel ayının 25-30 tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.04.2016-cı il tarixli 27 saylı “Respublikada İmmunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinə əsasən Respublika ərazisində İmmunlaşdırma həftəsi keçirilmişdir.

İmmunlaşdırma həftəsi ərzində hər hansı səbəbə görə milli peyvənd təqviminə müvafiq immunlaşdırmadan kənarda qalan uşaqlar profilaktik peyvəndlərə, o cümlədən, qızılca və məxmərək xəstəliklərinin eliminasiyası tədbirlərinin gücləndirilməsi məqsədi ilə peyvənd almayan böyük yaşlı əhali arasında da immunlaşdırma aparılmışdır.

Ümumilikdə ölkə üzrə İmmunlaşdırma həftəsi ərzində vərəm əleyhinə BCG vaksini ilə 326, difteriya, göyöskürək və tetanus əleyhinə GDT vaksini ilə 1439, difteriya-tetanus əleyhinə DT vaksini ilə 1356, poliomielit əleyhinə OPV vaksini ilə 4145, qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM vaksini ilə 2718, hepatit əleyhinə Hep ”B” vaksini ilə 175, beşvalentli GDTHibHepB vaksini ilə 3100, 10-valentli konyuqasiya olunmuş pnevmokok vaksini ilə 2555 və A vitamini ilə 1712 uşaq əhatə olunmuşdur.

Eyni zamanda immunlaşdırma həftəsi ərzində böyük yaşlı əhali arasında qızılca və məxmərək əleyhinə QM vaksini ilə 119 nəfərə vaksinasiya aparılmışdır.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı