Süd vəzisi xəstəlikləri

Son yeniliklər

Süd (döş) vəziləri ilə bağlı şikayətlərə həkim tərəfindən xüsusi diqqətin yetirilməsi tələb olunur. Həkim süd vəzi xəstəliyinə elə yanaşmalıdır ki, bədxassəli süd vəzi xəstəlikləri tez müəyyən edilsin və müalicə olunsun. Eyni zamanda, xoşxassəli xəstəliklər də diqqətdən kənarda qalmasın. Süd vəzi xərçəngi diaqnozu qorxulu olsa belə, həkimə edilən müraciətlərin əksəriyyəti nəticədə xoşxassəli süd vəzi törəməsi (şişi) kimi diaqnostika olunur.

 

Süd vəzi xəstəliyinin simptom və əlamətləri

 

Süd vəzi xəstəliyi ilə bağlı müayinə olunan xəstədə aşağıdakı dəyişikliklər müəyyən edilə bilər:

•  döş vəzi daxilində əllənən şiş və ya qalın kütlə,

•  döşün həcmi və ya görünüşünün dəyişməsi,

•  döş ağrısı,

•  döşün giləsindən drenaj və ya gilənin daxilə çevrilməsi,

Bir çox hallarda isə simptomları olmayan xəstələrdə aparılan profilaktik mammoqrafiya müayinəsində qeyri-normal tapıntılar aşkar edilə bilər.

Simptomların ilk dəfə nə zaman başladığı və necə inkişaf etdiyi və ya dəyişdiyi barədə mütləq həkimə ətraflı məlumat verilməlidir.

 

Simptomlar

 

Simptomları həkimə təsvir edərkən aşağıdakılara diqqət yetirin:

• Süd vəzinin ümumi görünüşündə dəyişikliklər, o cümlədən, ölçüsünün böyüməsi və azalması, simmetriyanın pozulması.

• Yeni və ya davamlı olan dəri dəyişiklikləri.

• Döşün giləsinin daxilə çevrilməsi (inversiyası)

• Əgər süd vəzi giləsində ifrazat mövcuddursa, onun bir və ya iki tərəfli olmasını qeyd edin. Əlavə olaraq, ifrazatın rəngi, başladığı tarix və bu xüsusiyyətlərdə hər hansı dəyişikliklərin olduğunu da qeyd edin.

• Süd vəzi nayihəsində ağrı varsa onun xüsusiyyətlərini izah edin; ağrının menstrual sikl ilə əlaqəli olub olmadığını bildirin; ağrının süd vəzi toxumasında lokalizasiyası; ağrının müddəti, xarakteri və müxtəlif hərəkətlər və ya dərman qəbulu nəticəsində ağrının yaxşılaşması və ya pisləşməsi ilə bağlı məqamları vurğulayın.

• Menstrual sikllə əlaqəli olaraq əllənən törəmənin böyüməsi və ya kiçilməsi.

 

Süd vəzisi xərçənginin inkişafı ilə bağlı risk faktorları

 

419

Süd vəzi ilə əlaqəli olan şikayətlərlə müraciət edən bütün qadınlarda süd vəzi xərçəngi ilə bağlı risk faktorların mövcudluğu öyrənilməlidir.

Xəstənin yaşı və gender. Süd vəzi xərçənginin inkişafına təsir edən ən mühüm amillər qadın cinsi və xəstənin yaşıdır. İnsan yaşlaşdıqca süd vəzi xərçənginin riski artmış olur. 50 yaşdan yuxarı olan qadının süd vəzində yeni törəmənin aşkar edilməsi süd vəzi xərçənginin ehtimalını xeyli artırmış olur. Lakin 30 yaşdan aşağı qadınlarda eyni törəmənin müəyyən edilməsi daha çox xoşxassəli prosesə dəlalət edir. Kişilərdə də bədxassəli süd vəzi kanseri inkişaf edə bilər, lakin bu çox az hallarda baş verir

Ailə üzvlərində süd vəzi problemləri. Ailə üzvlərində süd vəzi kanserinin (xərçəng) olması, xəstədə süd vəzi xərçəngi riskini artırmış olur. Ailə üzvlərində süd vəzi xərçənginin mövcudluğu yoxlanıldıqda, həm ata, həm də ana tərəfdən olan qohumlar nəzərə alınmalıdır. Kişi cinsindən olan ailə üzvündə süd vəzi xərçənginin olması, genetik (irsi) mutasiyanın mövcudluğuna işarə ola bilər. Genetik mutasiyanın olmasına işarə edən digər əlamətlərə - cavan yaşlı ailə üzvlərində süd vəzi xərçənginin olması, iki tərəfli süd vəzi xərçəngi, ailə üzvlərində və digər qohumlarda yumurtalıq xərçənginin olması da daxildir. Ailə üzvlərində BRCA1 və ya BRCA2 (irsi süd vəzi və yumurtalıq xərçəngi sindromu) pozitiv çıxaması xəstənin süd vəzi xərçəngi riskini xeyli artırır.

Spirtli içkilərdən istifadə. Gündə 1 və daha çox spirtli içkidən istifadə edən qadınlarda süd vəzi xərçənginin riski artmış olur.

Süd vəzi toxumasının sıxlığı. Mammoqrafiyada süd vəzi toxumasının artmış sıxlığı süd vəzi xərçəngi baxımından risk faktoru hesab edilir.

Süd vəzi xərçənginin yaranma riskinin hesablanması. Xüsusi tərtib edilmiş meyarlara əsasən xəstənin süd vəzi xərçəngi riskinin hesablanması diaqnostika, profilaktika və müalicə və həmçinin uzun müddətli dispanserizasiya (monitorinq) ilə bağlı qərarların qəbuluna və strategiyanın seçilməsinə yardımçı ola bilər. Hazırda Qeyl tərəfindən hazırlanmış və təcrübədən keçirilmiş model daha geniş yayılmışdır. Qeylin tərtib etdiyi model riyazi modeldir və xəstənin yaşı, menarxe, reproduktiv və ya cinsi sağlamlıq tarixçəsi, birinci dərəcəli ailə üzvlərində döş vəzi xərçənginin tarixçəsi və əvvəl aparılmış biopsiyalara əsaslanır. Riskin hesablanması üçün nəzərdə tutulmuş bu model www.cancer.gov/bcrisktool/ internet saytından istifadə edilə bilər. Lakin, qeyd etmək lazımdır ki, bəzi hallarda Qeylin təklif etdiyi riski hesablama modeli döş vəzi xərçənginin riskini bir qrup xəstələrdə (məs., ata tərəfdən birinci dərəcəli qohum olmayan şəxslərdə döş vəzi və ya yumurtalıqların xərçəngi tarixçəsi pozitiv olduqda) lazımi qədər düzgün qiymətləndirməyə bilər.

 

Fiziki müayinə

 

Süd vəzinin fiziki müayinəsi boyun, döş qəfəsi divarı, hər iki süd vəzi və qoltuqaltıların müayinəsindən ibarətdir və ümumi fiziki müayinənin bir hissəsi kimi tətbiq edilməlidir. Premenopauzada olan qadınlarda süd vəzinin fiziki müayinəsinin menstrual siklin başlanmasından 7-9 gün sonra aparılması tövsiyə edilir. Bu dövrdə süd vəziləri daha az hormonal stimula məruz qalmış olur. Postmenopauzada olan qadınlarda və ya premenopauzada olan və kontraseptiv dərman qəbul edən qadınlarda fiziki müayinənin vaxtı elə bir əhəmiyyət kəsb etmir. Süd vəzinin müayinəsi qadınlarda utanc hissi və ya xeyli dərəcədə həyacan hissinə səbəb ola bilər. Düşüncələriniz və hisslərinizi həkiminizlə bölüşün. 

Süd vəzilərinin inspeksiyası. Xəstə həm ayaq üstə, həm də uzanıq şəkildə müayinə olunmalıdır. Xəstə üst paltarını çıxarmalıdır ki, hər iki süd vəzisini gözlə müayinə etmək və vəzlərin simmetrik olub olmadığını, dəridə və formasında olan hər hansı fərqləri müqayisəli şəkildə görmək mümkün olsun. Süd vəzilərinin müayinəsi xəstənin qolları yanında olmaqla oturaq pozada başlanmalıdır. Bundan sonra xəstədən qollarını başın arxasına qədər yuxarı qaldıraraq saxlamaq xahiş edilir. Bu süd vəzlərinin aşağı hissələrini müayinə etməyə imkan verir.

 

Süd vəzi törəmələri/şişləri

 

Süd vəzində şişin olması şikayəti həkimin praktikasında çox geniş rast gəlinir. Fibroadenomalar və kistalar ən geniş rast gəlinən xoşxassəli süd vəzi törəmələridir. 20-50 yaş arasında olan qadınlarda aşkar edilən törəmələrin 90%-nin xoşxassəli törəmələr olmasına baxmayaraq, süd vəzi xərçənginin istisna edilməsi xüsusi əhəmiyyət kəsb edir. Xəstənin daha yaşlı olması, anamnezdə süd vəzi xərçənginin olması və birinci dərəcəli qohumlarda süd vəzi xərçənginə rast gəlinməsi, xəstədə aşkar edilmiş süd vəzi törəməsinin xərçəng olması ehtimalını artırmış olur. Lakin, nəzərə almaq lazımdır ki, bir çox hallarda törəmənin xüsusiyyətləri aldadıcı ola bilər.

 

Diaqnostik görüntüləmə

 

420

Mammoqrafiya. Yeni yaranmış süd vəzi problemi ilə müraciət etmiş və yaşı 30-dan yuxarı olan bütün qadınlarda ilk test kimi mammoqrafiya tətbiq edilməlidir. Hətta əgər yaxınlarda mammoqrafiya aparılıbsa və neqativ olubsa da belə, yeni müvafiq şikayətlərlə müraciət edən bütün qadınlarda təkrar mammoqrafiya əldə olunmalıdır. Yaşı 30-dan aşağı olan qadınlardan mammoqrafiya nadir hallarda əldə edilir. Lakin, süd vəzi törəməsinə şübhə olduqda gənc qadınlarda belə mammoqrafiyanın əldə edilməsi pis fikir hesab edilmir. Gənc qadınlarda süd vəzi toxumasının çox sıx olmasına baxmayaraq, bu yaş qrupundan olan xəstələrdə aparılan mammoqrafiyalarda bəzən qeyri-normal tapıntıları aşkar etmək mümkündür. Premenopauzada olan qadınlarda və həmçinin sıx döş vəzi toxumasına malik qadınların müayinəsində rəqəmli mammoqrafiya daha üstün hesab edilir.

Ultrasəs müayinəsi. Kliniki müayinədə aşkar edilən törəmənin müayinəsində USM çox faydalı hesab edilir. Həmçinin mammoqrafiyada aşkar edilən qeyri-normal sahənin müayinəsində növbəti addım kimi USM faydalı hesab edilir. Törəmənin kista və ya bərk olmasının müayinəsində USM xüsusi rol oynayır. Həmçinin yaşı 30-dan aşağı olan və ya hamilə olan qadınlarda süd vəzinin müayinəsində USM ilk diaqnostik metod hesab edilir. USM həm də şübhəli törəmənin biopsiyası və ya digər müdaxilələrin aparılmasında da istifadə edilir. Əgər törəmə kistadırsa və xəstə simptomatikdirsə, kistanın aspirasiyası aparıla bilər. Əgər törəmə bərkdirsə və xoşxassəli fibroadenoma xüsusiyyətlərinə malikdirsə, həmin xəstələrin ya qısa müddət ərzində müşahidəsi aparıla bilər, ya da törəmənin biopsiyası onlara təklif edilə bilər. Əgər törəmə xeyli şübhəli görünürsə, onun biopsiyası aparılmalıdır

Süd vəzinin MRT görüntüləməsi. Süd vəzinin MRT-i şübhəli olan hallarda istifadə edilməlidir. Məsələ burasındadır ki, süd vəzinin MRT görüntüləməsi xeyli sayda səhv nəticələr verir və nəticədə lazımsız biopsiyaların sayı artmış olur. Digər tərəfdən, əgər MRT əldə olunursa, onun MRT nəzarəti altında süd vəzinin biopsiyasını apara biləcək mərkəzlərdə əldə olunması tövsiyə edilir. 

 

Süd vəzisinin biopsiyası

 

Bir çox palpasiya olunan süd vəzi törəmələri sadə kistalar olur və təsdiqləmək üçün US müayinəsinin aparılması kifayət edir. Əgər kistası olan qadınlarda simptomlar da varsa, onların möhtəviyyatının iynə ilə çəkilməsi və mayenin müayinəsi tələb olunur. US müayinəsində bərk cism kimi görünən törəmələrin biopsiyası tələb olunur ki, xərçəng istisna edilə bilsin və törəmənin histoloji diaqnozu qoyulsun. Əksər bərk törəmələrin müayinəsi üçün iri diametrli iynə ilə iç biopsiyasının aparılması tələb olunur. Cərrahi biopsiya az hallarda tələb olunur.

 

Digər süd vəzi problemləri

 

Süd vəzi törəmələri ilə yanaşı döş ağrısı, döş giləsindən ifrazat, döşün dərisinin dəyişiklikləri və ya qeyri-normal mammoqrafiya nəticələri tez-tez rast gəlinən problemlərdir.

Döş ağrısıDöş ağrısı geniş yayılmış və qeyri-spesifik bir simptomdur. Lakin, 15% hallarda döş ağrısı yeni yaranmış süd vəzi xərçənginin yeganə simptomu olur. Döş ağrısı əksər hallarda süd vəzi toxumasının fibrosistik dəyişiklikləri, fibrosistik süd vəzi xəstəliyi, xronik kistoz mastit və süd vəzinin displaziyası ilə əlaqəli ola bilər. Lakin, çox zaman döş ağrısı sadəcə süd vəzində hormonların təsiri nəticəsində baş verən normal dəyişikliklər səbəbindən baş verir.

Süd vəzi giləsindən ifrazat. İki tərəfli və ya südlü (qalaktoreya) ifrazat adətən xoşxassəlidir və əksər hallarda hamiləliklə əlaqəli baş verir. Ümumən, qalaktoreya döşlə əmizdirmə bitdikdən 1 il ərzində dayanır, lakin bəzi hallarda daha uzun müddət davam edə bilər. Qalaktoreya həm də qalxanabənzər vəzin problemləri və prolaktin hormonu ifraz edən hipofiz vəzinin şişləri ilə bağlı ola bilər. Digər tərəfdən bəzi dərmanlar, xüsusilə də, antipsixotik və antidepressantlar qalaktoreyaya səbəb ola bilər. Döş giləsindən ifrazat çox zaman xoşxassəli proseslər, o cümlədən, papilloma, kistoz dəyişikliklər və ya duktal ektaziya, səbəbindən baş versə də, bəzi hallarda ifrazat süd vəzinin papilyar xərçəngi və ya in-situ duktal karsinoması ilə bağlı ola bilər. Buna görə də həkimə müraciət etmək xüsusi əhəmiyyət kəsb edir.

Süd vəzi giləsinin içəriyə çevrilməsi (inversiyası). Döş giləsi areolanın tən orta hissəsində yerləşir. Döş giləsinin içəriyə dartılması gilənin inversiyası və ya retraksiyası adlanır. Döş giləsinin içəriyə dartılması bir və ya hər iki döş vəzində müşahidə edilə bilər və həm qazanılmış, həm də anadangəlmə ola bilər. Qazanılmış hallar həm xoşxassəli, həm də bədxassəli səbəblərdən baş verə bilər. Xoşxassəli proseslərdə döş giləsinin inversiyası uzun müddət ərzində tədricən baş verir. Sürətlə baş verən inversiya adətən ya döş vəzi axarının ektaziyası, cərrahi müdaxilədən sonrakı toxuma dəyişiklikləri, piy toxumasının nekrozu və ya bədxassəli proses ilə bağlı ola bilər. Döş giləsinin inversiyası müəyyən edildikdə, xəstənin mammoqrafiya və US-lə müayinəsi aparılmalıdır.