Spirtli içkilərdən istifadənin sağlamlığa təsiri
Son yeniliklərSpirtli içkilərin zərəri
Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur. Məsələn, 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə səbəb olmuşdur. Bu isə dünyada bütün ölüm hallarının 3.8%-na bərabərdir.
Spirtli içkilərdən məsuliyyətsiz və təhlükəli səviyyədə istifadə nəticəsində baş verən xəstəliklər qlobal miqyasda bütün xəstəliklərin ümumi yükünün 4.5%-ni təşkil edir.
Qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsi riski arasında bir başa əlaqə vardır. Alkoqolun qəbulu ilə ürəyin işemik xəstəliyi və beyin-damar xəstəliyinin inkişafı arasında münasibətlər daha mürəkkəbdir. Burada əsas amil kimi qəbul edilən alkoqolun həcmi və qəbulu xüsusiyyətləri çıxış edir.
Bəzi inkişaf etmiş ölkələrdə aparılmış epidemioloji tədqiqatlardan məlumdur ki, alkoqolun az qəbulu əhalinin bəzi qrupları arasında müəyyən xəstəliklərin profilaktikasına müsbət təsir göstərə bilər. Lakin, hətta qısa müddət ərzində çoxlu miqdarda spirtli içkilərdən istifadə qeyd edilmiş müsbət təsiri yox etmiş olur.
Baxmayaraq ki, spirtli içkilərin qəbulu bir çox mədəniyyətlərdə və cəmiyyətlərdə ənənədir, dünya əhalisinin 45%, qadınların isə 55% heç zaman alkoqol qəbul etməmişdir.
Qeyri-infeksion Xəstəliklər baxımından spirtli içkilərdən istifadə xərçəng xəstəliyi, ürək-damar xəstəlikləri və qaraciyər xəstəliklərinin yaranması və inkişafı ilə bağlıdır. Spirtli içkilərdən istifadə həm də bir sıra psixi pozuntularla əlaqəlidir.
Spirtli içkilər və xərçəng xəstəliyi
Xərçəng xəstəlikləri nəticəsində baş verən ölüm hallarının 35%-i doqquz aparıcı ətraf mühit faktorları və davranış riskləri (yüksək BKİ, meyvə və tərəvəzin az qəbulu, fiziki aktivliyin azlığı, tütünçəkmə, hava çirklənməsi və səhiyyə sistemində yayılan inyeksiyalar) ilə bağlıdır.
Bununla yanaşı 2007-ci ildə ARC (Ümumdünya Səhiyyə Təşkilatının Xərçəngin Tədqiqatı üzrə Agentliyi) qeyd etmişdir ki, spirtli içkilərdən istifadəninin ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və süd vəzi xərçəngi ilə bağlılığına dair kifayət qədər sübutlar var. Bütün sadalanmış xərçəng xəstəlikləri spirtli içkilərin qəbul edilmiş həcmi ilə düz mütənasiblik təşkil edir. Belə ki, qəbul edilən spirtli içkilərin həcmi artdıqca, xərçəng riski də artmış olur.
Tədqiqatlar göstərir ki, bir sıra xərçəng xəstəliklərinin baş verməsi spirtli içkilərin istifadəsi zamanı əmələ gələn asetaldehid adlı metabolitlə bağlıdır. Maraqlıdır ki, müntəzəm olaraq təmiz spirt ekvivalentində 50 qram alkoqollu içkilərdən istifadə kolorektal xərçəngin yaranmasının riskini 10-20% artırmış olur. Udlaq, qırtlaq və qida borusu xərçənginə gəldikdə isə xərçəngin əmələ gəlməsinin riski 100-200% artmış olur.
Spirtli içkilərin qəbulu ilə bağlı 2004-cü ildə baş vermiş ölüm hallarının 20%-i xərçəng xəstəlikləri ilə əlaqəli olmuşdur.
Xronik, çox miqdarda alkoqoldan istifadə ürək-damar xəstəlikləri riskinin artmasına, o cümlədən, ürəyin işemik xəstəliyi, dilatasion kardiomiopatiya, ürək aritmiyaları və hemorragik insult (beyinə qan sızma) hallarının baş verməsi ilə əlaqəlidir.
Ürək aritmiyalarının bəzi növlərinin (məs, qulaqcıqların səyrici aritmiyası) 30-60%-i məhz spirtli içkilərin qəbulu ilə bağlı olduğu məlumdur. Tədqiqatlar göstərir ki, hər gün spirtli içkilərin qəbulu ürək aritmiyalarının yaranmasına səbəb olur. Bu isə ürək xəstəliklərinin inkişaf riskini artırmış olur.
Spirtli içkilərin qəbulu ilə bağlı 2004-cü ildə baş vermiş bütün ölüm hallarının 22%-i məhz ürək-damar xəstəlikləri səbəbindən olub. Spirtli içkilərin sağlamlığa olan müsbət təsirinə dair spekulyasiyalar geniş yayılıb.
Alkoqollu qaraciyər xəstəliyi
Alkoqolun qəbulu müxtəlif qaraciyər xəstəliklərinin inkişafı ilə bağlıdır. Bunların sırasında qaraciyərin piylənməsi, alkoqollu hepatit və sirroz ən geniş yayılmışlardır. Alkoqollu qaraciyər xəstəliyinin inkişafı alkoqolun qəbulu müddəti və onun həcmi ilə birbaşa əlaqələndirilir.
Kişilər arasında gündə 30 qram alkoqolun (təmiz alkoqol ekvivalentində) qəbulu nəticəsində qaraciyər sirrozundan ölümün nisbi riski 2.8-ə bərabərdir (qadınlarda isə nisbi risk 7.7-dir). Gündə 50 qram alkoqolun qəbulu nəticəsində qaraciyər sirrozunun inkişafının nisbi riski 2.3-dür. Həm ölüm, həm də xəstələnmə gündəlik qəbul edilən alkoqolun həcmi artdıqca artmış olur
Pankreatit və alkoqol qəbulu
Gündə 48 qram və daha çox alkoqol qəbulu pankreatitin inkişafı riskini artırmış olur. Bir daha xatırlanmalıdır ki, qəbul olunan alkoqolun gündəlik həcmi artdıqca pankreatitin riski də artmış olur.
Şəkərli diabet və alkoqol qəbulu
Alkoqolun qəbulu ilə tip 2 şəkərli diabetin inkişafı arasında əlaqə daha mürəkkəbdir. Bəzi tədqiqatlar az miqdarda alkoqoldan istifadənin qadınlar arasında şəkərli diabet riskinin azalmasını göstərib. Lakin bu sahədə daha dərin tədqiqatların aparılması tələb olunur.