Qeysəriyyə əməliyyatı. Planlaşdırılmış qeysəriyyə əməliyyatı ilə təbii doğuşların müqayisəsi
Son yeniliklərQeysəriyyəəməliyyatı olduğu halda bunun gələcək həyatınıza və uşağınıza mümkün olan təsiri haqqında hərtərəfli düşünməlisiniz. Qeysəriyyə əməliyyatının planlaşdırılması adi doğuşla müqayisədə sizdə işlərinizin nəzarət altında olması hissini yaratsa da, unutmayın ki bu, cərrahiyyə əməliyyatıdır və burada da ağırlaşma halları mümkündür. Adi doğuş zamanı baş verən ağrılardan azad olmuş olsanız belə, əməliyyatdan sonrakı yara nahiyəsində bir neçə gün ağrılar olacaqdır. Narahatlıq hissi isə bir neçə ay davam edə bilər.
Qeysəriyyə əməliyyatı seçiminə sizi bu səbəblər təhrik edə bilər:
-
Keçmişdə ağırlaşmalarla keçən vaginal (uşaqlıq yolu vasitəsilə) doğuşunuz olubsa. Ehtiyat etmək lazım bildiyiniz fikirləri tibb işçisi ilə bölüşmək və müzakirə etməklə ola bilsin ki, nəticədə fikrinizi dəyişəsiniz.
-
Qeysəriyyə əməliyyatının ən təhlükəsiz olduğu vaginal doğuş zamanı sizin və uşağınızın zədələnmə riskinin artması fikri
-
İlk doğuşunuz olduğuna görə narahatlıq hissi keçirməyiniz. Ağrıların aradan qaldırılması və ya azaldılması üçün yanaşmaların mövcud olması haqqında həkimdən ətraflı məlumat aldığınız halda ola bilsin ki, fikrinizi dəyişəsiniz.
-
Uşağınızın dünyaya gəlməsi vaxtı ilə bağlı müəyyən arzularınız var. Məs.: həyat yoldaşınızın uzun müddət ölkədə olmayacağı səbəbindən (onun evdə olduğu müddətdə hamiləliyinizi bitirmək arzusunda olaraq qeysəriyyə əməliyyatına seçim verməyi düşünürsünüz). Bu fikrinizi tibb işçilərinə bildirsəniz, belə halın sizə və uşağınıza göstərə biləcək müxtəlif təsirləri barədə onlardan məlumat ala bilərsiniz.
-
Sizdə vaginal doğuşa qarşı fobiya (qorxu) var. Bu halda da tibb işçiləri vaginal doğuş və qeysəriyyə əməliyyatının riskləri və üstünlükləri barədə sizə məlumat verəcək və vaginal doğuşa hazır olmaq məsələsində fikrinizin formalaşmasına kömək edəcəklər.
Planlaşdırılmış qeysəriyyə əməliyyatı bu halların olma ehtimalını azaldır:
- doğuşdan sonra qarın və aralıq nahiyəsində üç gün ərzində ağrıların olmasını
- uşaqlıq yolunun zədələnməsini
- doğuşdan sonra qanaxmanı
- mamalıq şokunu
Planlaşdırılmış qeysəriyyə əməliyyatı qadınlar üçün bu halların olma ehtimalını artıra bilər:
- doğum evində daha uzun müddət qalmanı
- doğuşdan sonrakı qanaxma ilə əlaqədar histerektomiya (uşaqlığın götürülməsi) aparılmasını
- ürəyin dayanmasını
Planlaşdırılmış qeysəriyyə əməliyyatı doğulan uşaqlarda sonradan intensiv terapiya şöbəsində göstəriləcək yardıma zərurət ehtimalını artıra bilər.
Diqqət! Əziz xanımlar, hamiləsinizsə və hamiləliyinizi qeysəriyyə əməliyyatı yolu ilə bitirməyi düşünürsünüzsə, bunu həkiminizlə məsləhətləşin. O, məsələləri sizinlə müzakirə edəcək və məlumatlandırdıqdan sonra qərar verməyinizə yardımçı olacaqdır. Həkim qeysəriyyə əməliyyatına olan tibbi göstərişlər, onun riskləri və üstünlükləri, gələcək hamiləliklərə və doğuşlara təsiri haqqında sizə məlumat verəcəkdir.
Qeysəriyyə əməliyyatı ilə bağlı əsas risklər hansılardır?
-
Yara nahiyəsinin infeksiyası daha çox rast gəlinən ağırlaşma halı olduğu üçün sağalma vaxtı bir neçə həftə tələb edə bilər.
-
Aşağı ətraf venalarında trombların (laxtaların) əmələ gəlməsi və onların ağciyərlərə ötürülməsi (ağciyərdə emboliya) ehtimalı
-
Qanaxmalar
Bədən çəkiniz normadan artıq olduğu halda və ya sizdə təkrar qeysəriyyə əməliyyatı aparıldıqda yuxarıda göstərilən ağırlaşmaların ehtimalı daha da artır.
Qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn yenidoğulmuşlarda da müəyyən ağırlaşmaların yaranma ehtimalı artır. Buraya aiddir:
- yenidoğulmuşun nəfəsalmasında müvəqqəti çətinliyin yaranması (bu, ilk növbədə yaranan ağırlaşmadır)
- intensiv palatada xidmət göstərilməsinə daha çox zəruriyyətin olması
- uşaqlıq dövründə astma və artıq bədən çəkisinin əmələ gəlmə ehtimalının daha yüksək olması
Qeysəriyyə əməliyyatının gələcək doğuşlara təsiri
Doğuşunuz qeysəriyyə əməliyyatı yolu ilə aparılarsa, gələcək doğuşlarınız da çox güman ki, qeysəriyyə əməliyyatı yolu ilə olacaqdır. Üç və daha çox sayda qeysəriyyə əməliyyatı olunanlar arasında aşağıda göstərilənlərin riski artır:
- bağırsaq və ya sidik kisəsinin, sidik axarının zədələnməsi
- qan köçürülməsi və ya qanaxma səbəbindən uşaqlığın çıxarılması (hər növbəti qeysəriyyə əməliyyatı zamanı bu risk daha da artır)
- gələcəkdə hamiləliyin ölüdoğulma ilə nəticələnməsi
Doğuşdan sonrakı müddət baxımından təbii (vaginal) doğuşların qeysəriyyə əməliyyatından fərqi
Vaginal doğuş təbii doğuş üsuludur, xüsusən ondan əvvəl artıq vaginal doğuş olubsa. Doğuşdan sonra uşaqlıq yolu və aralıq nahiyəsində müəyyən müddətdə olan ağrı və narahatlıq hissi normal haldır. Vaginal doğuşlarda da ağırlaşmalar ola bilər və doğuş zamanı maşa və ya vakuum-ekstraktordan istifadəyə zərurət yarana bilər. Uşaqlıq yolunda cırılmalar səbəbindən də qeysəriyyə əməliyyatına ehtiyac yarana bilər. Doğuşdan sonra ilk günlərdə uşaqlıq qanaxmaları ola bilər.
Vaginal doğuşun üstünlüyü nədədir?
Doğuşunuz vaginal yolla tamamlanarsa:
- Doğuşdan dərhal sonra uşağınızla bilavasitə dəri təmasında olmaq və döşlə qidalandırmanı erkən başlamaq ehtimalınız artar.
- Orqanizminizin bərpa olunması daha sürətlə gedər və gündəlik fəaliyyətinizə daha tez qayıtma imkanınız olar.
- İlk doğuşunuz vaginal doğuş olarsa, növbəti doğuşlarınız, adətən, daha asan keçər və uşaq üçün gözlənilən risklər minimum səviyyəyə enər.
Gələcək doğuşunuz haqqında qərar verməzdən əvvəl bu seçiminiz barədə tibb işçilərindən ətraflı məlumat alın.
Hansı hallarda qeysəriyyə əməliyyatının planlaşdırılması məqsədəuyğundur?
-
Sağrı gəliş. Bir döl ilə hamilə olan qadınlara sağrı gəlişi olduğu hallarda əks-göstəriş olmadıqda dölün xaricdən çevrilməsi təklif olunur. Əks-göstəriş olduğu və ya xaricdən çevriliş baş tutmayan hallarda qeysəriyyə əməliyyatı təklif olunur. Bu hallarda qeysəriyyə əməliyyatı neonatal xəstələnmə və perinatal ölüm ehtimalını azaldır.
-
Çoxdöllü hamiləlik