Qarın nahiyəsində ağrı
Son yeniliklərQarında ağrı çox təsadüf olunan bir haldır. Adətən, bu ağrı uzun müddət davam etmir və çox zaman bağırsaq infeksiyası, ya da adi xırda narahatlıq səbəbindən əmələ gəlir. Lakin ağrıların bir çox digər mümkün səbəbləri ola bilər. Kəskin və uzun müddət keçməyən ağrılar zamanı həkimə müraciət etmək vacibdir. Qarın ağrısının ən çox təsadüf olunan səbəbləri aşağıda qeyd edilmişdir.
Qarın nahiyəsində ağrı nə deməkdir?
Qarın bədənin qabırğa qövsü ilə çanaq arasındakı hissəsidir. Buradakı ağrını qarın nahiyəsindəki ağrı adlandırırlar. Adətən, bu nahiyədə hiss etdiyiniz ağrı mədə-bağırsaq traktındakı (həzm sistemindəki) problemlərlə bağlı olur. Bəzən də qarında ağrı digər orqanlarda yaranan problemlər səbəbindən meydana çıxa bilər.
Mədə-bağırsaq traktı nədir?
Mədə-bağırsaq traktı (həzm yolu) ağız boşluğundan başlanır və anal dəliyində qurtarır. Ağız boşluğunda çeynənilmiş və ağız suyu ilə isladılmış qida horrası qida borusu ilə mədəyə daxil olur. Mədə boşluğunda xeyli dərəcədə həzmə məruz qalan qida horrası sonra reflektoru olaraq hissə-hissə onikibarmaq bağırsağa evakuasiya olunduğu zaman burada həzm şirələrinin, mədəaltı vəzin ifraz etdiyi pankreas şirəsinin və qaraciyərin hasil etdiyi ödün təsirinə məruz qalır və nazik bağırsağa ötürülür.
Nazik bağırsaq həzm traktının ən uzun hissəsidir. Burada qida maddələri həzm olunaraq sorulur. Maye şəklində olan qida qalıqları daha sonra yoğun bağırsağa daxil olur. Yoğun bağırsağın əsas hissəsi 150 sm uzunluğundadır və dörd hissəyə bölünür: qalxan, köndələn, enən çəmbər bağırsaqlar və S-ə bənzər bağırsaq. Yoğun bağırsaqda duzların və suyun bədənə sorulması prosesi başa çatır. Yoğun bağırsağın son hissəsini təşkil edən düz bağırsağın uzunluğu 15-20 sm olur. Orqanizm tərəfindən həzm olunmamış qida qalıqları kütlə şəklində yığılır, bərkiyir (nəcis) və bağırsağın peristaltikası (dalğavari hərəkəti) nəticəsində orqanizmdən xaric edilmək üçün anal (arxa) dəliyə doğru hərəkət etdirilir.
Burada hansı növ ağrılar olur?
Həkimlər xəstənin hiss etdiyi ağrıları müxtəlif terminlərlə (sözlərlə) ifadə edirlər. Geniş yayılmış, çox kəskin xəncərvari, sancışəkilli və ya yayılmış küt ağrılar ola bilər. Sancı vaxtaşırı kəskinləşir, sonra keçib gedir. Bu, davamlı surətdə baş verə bilər.
Həkimləri maraqlandıran digər cəhət də ağrıların yayıldığı hissədir. Bunlarla yanaşı, digər məlumatlar da (xəstədə qusma və ya ishalın olması və s.) həkimə diaqnozu dəqiqləşdirməyə yardım edir.
Qəflətən baş verən ağrıya kəskin ağrı deyilir. Uzun müddət davam edənə isə xronik ağrı deyilir.
Həzm traktındakı ağrılar nə səbəbdən ola bilər?
Bu siyahı ağrının bütün səbəblərini əhatə etmir. Lakin ağrının bəzi mühüm, çox təsadüf olunan səbəbləri aşağıdakılardır:
Həzmin pozulması
Həzmin pozulması insanlar tərəfindən müxtəlif cür qəbul olunur. Narahatlıq qarının yuxarı hissəsində və ya döş sümüyünün arxasında hiss oluna bilər. Bu ağrılar müəyyən qidaların qəbulundan sonra, qidanın miqdarı çox, ya da yağlı olduğundan meydana çıxa bilər. Bu zaman çoxsaylı gəyirmə və ağızda xoşagəlməz acı dad hiss oluna bilər. Bu, adətən, bir neçə saat davam edə bilər. Bir çox insanlar aptekdən aldıqları sadə dərmanlarla bu vəziyyətdən çıxırlar.
Ahıl yaşdasınızsa və ya ürək xəstəliklərindən əziyyət çəkirsinizsə, yorğunluq, yaxud da stress nəticəsində həzm pozulması tipli ağrılar əmələ gəlibsə, bu, narahatedici haldır.
Bəzən həzm pozulmasını stenokardiyadan, ya da infarktdan fərqləndirmək çox çətin olur. Sizdə çənəyə, çiyinə, sol qolun aşağısına yayılan ağrılar varsa, bu, stenokardiyanın əlaməti ola bilər. Ağrının tez keçməsinə baxmayaraq, bu vəziyyəti mütləq həkiminizlə bölüşün. Ağrı davam edərsə, təcili tibbi yardım xidmətinə müraciət edin!
Köp (bağırsaqlarda qazın yığılması)
Yeməkdən sonra qarında əmələ gələn yayılmış spastik ağrıların səbəbi köp ola bilər. Qarın nahiyəsində gərginlik, şişkinlik hissi əmələ gəlir. Qazlardan azad olmaqla və ya ayaqyoluna getdikdən sonra rahatlıq hissi yaranır. Bu şikayət aradan qalxmırsa, həkim ağrını azaltmaq üçün bəzi dərman vasitələri tövsiyə edə bilər.
Qəbizlik
Qəbizlik çox rast gəlinən bir haldır. Deffekasiya (nəcis ifraz etmə) tezliyinin həmişəkindən daha az olması, nəcisin sərtləşməsi, ağrılı və narahatedici olmasına qəbizlik deyilir. Bəzən qarının aşağısında spastik ağrılar müşahidə olunur. Sizdə çox zaman qarında ağırlıq, şişkinlik, ağrı hissiyyatı olursa, deməli, ciddi qəbizlik probleminiz var.
Qıcıqlanmış Bağırsaq Sindromu (QBS)
QBS geniş yayılmış mədə-bağırsaq patologiyasıdır. QBS-in səbəbi tam bəlli deyil. Simptomlar (əlamətlər) olduqca dəyişkən olur. Əsasən qarın nahiyəsində xronik ağrı ilə xarakterizə olunaraq və bağırsaq fəaliyyətinin pozulması, yəni köp, ishal və ya qəbizlik ilə özünü göstərir. Əlamətlər təkrarlanmağa meyllidir. QBS-i tamamilə müalicə etmək mümkün olmasa da, aparılan müalicə tədbirləri əlamətlərin şiddətini azaltmağa kömək edir.
Apendisit
Apendisit kor bağırsağın soxulcanabənzər çıxıntısının (apendiksin) iltihabına deyilir. Apendiks bağırsaq divarında olan, kor qurtaracaqlı, boruşəkilli çıxıntıdır, qarının sağ qalça çuxurunda yerləşir. Apendisit çox təsadüf olunan haldır. Əsas əlamətlərinə 6-24 saat ərzində getdikcə artan və ağırlaşan qarın ağrıları və qusma daxildir. Əvvəlcə ağrı qarının mərkəzindən başlayır və tədricən sağ qalça nahiyəsinə yığılır. Bəzi insanlarda əsas əlamətlər daha az olur.
Böyrək daşı
Beldən başlayaraq qarına, sonra da qasığa yayılan ağrı böyrək daşı sancısı ola bilər. Ağrılar çox kəskin və tutma xarakterlidir. Bu, böyrək sancısı adlanır. Ağrı daş düşdükdən sonra sakitləşir. Bəzən daş düşə bilmir və xəstəxanada xırdalanması tələb olunur. Sidikdə qan da görünə bilər.
Sidik yollarının iltihabı
Bu, qadınlarda qarın boyu yayılan ağrıların əsas səbəblərindən biridir. Kişilərdə nisbətən az rast gəlinir. Ağrı ilə bərabər siz halsızlıq və tərləmə hiss edə bilərsiniz. Sidik ifrazı zamanı iti, kəsici ağrılar və sidikdə qan da ola bilər.
Çanaq orqanlarının iltihabi xəstəlikləri
Çanaq orqanlarının iltihabi xəstəliklərinə uşaqlıq və uşaqlıq artımlarının iltihabı aiddir. Müalicə antibiotiklərlə aparılır. Qarının aşağı hissəsində, yəni çanaqda ağrılarla müşayiət olunur. Zəif ağrılarla başlayaraq getdikcə güclənir. Cinsi əlaqə ağrılı olur. Qadınlarda həmçinin uşaqlıq yolundan ifrazat ola bilər.
Öd daşı
Bir çox insanların özlərində öd daşlarının olduğundan belə xəbərləri olmur. Qarının sağ yuxarı nahiyəsində şiddətli (kəskin) ağrılarla başlayan hal – öd sancıları adlanır. Adətən, ağrı sağ ələ və qabırğadan aşağıya yayılır. Daş öd yollarına keçdikcə ağrı azalır və ya keçir (adətən, daş bağırsaqla xaric olunur), yaxud da geri – öd kisəsinə düşə bilər. Öd sancıları bir neçə dəqiqə çəkə bilər, ancaq çox zaman saatlarla davam edir.
Kəskin ağrı həyatınızda bir dəfə müşahidə olunar və ya vaxtaşırı təkrarlana bilər. Bəzən küt göynədici ağrılar yağlı qida qəbulundan sonra, yəni öd kisəsinin maksimal yığıldığı zaman müşahidə olunur.
Aybaşı ağrıları
Bir çox qadınlarda aybaşı ağrılarla müşayiət olunur. Bəzi qadınlarda ağrılar onların gündəlik fəaliyyətinə təsir edəcək qədər şiddətli olur. Ağrı o qədər kəskin olur ki, onların məktəbə və ya işə getməsinə çətinlik yaradır. Yaş artdıqca ağrıların şiddəti azalır. Ağrı adi spazmolitik (ağrıkəsici) dərman vasitələrinin biri ilə (hansının sizə uyğun olmasını seçmək üçün həkiminizlə məsləhətləşin) aradan qaldırılır.
Qida zəhərlənmələri
Qida zəhərlənmələri dedikdə, biz adi qastroenterit və bağırsaq infeksiyaları haqqında düşünürük. Bunlar çox zaman qusma ilə müşayiət olunan və yaxud da olunmayan ishalla özünü göstərir. Adətən, tutma şəkilli qarın ağrıları baş verir. Ağrılar vaxtaşırı ishal olduqca azalır.
Mədə və onikibarmaq bağırsağın xoraları
Xora ağrıları tutmaşəkilli olur. Ağrılar bağırsaqların yuxarı şöbələrindən başlayır və tədricən bel nahiyəsinə yayılır. Ağrı gecə başlayır və xəstəni yuxudan oyadır. Qida qəbulu bəzi xoralarda ağrıların kəskinləşməsinə, digərlərində isə sakitləşməsinə səbəb olur.
Kron xəstəliyi
Kron xəstəliyi bağırsaqlarda xoraların əmələ gəlməsinə səbəb olan xəstəlikdir. Xəstəlik vaxtaşırı kəskinləşir. Əlamətlər bağırsağın zədələnmə şöbəsindən və xəstəliyin kəskinləşmə dərəcəsindən asılı olaraq dəyişir. Əsas əlamətlər qanlı ishal, qarın nahiyəsində ağrı, ümumi halsızlıqdır.
Qarın ağrısına səbəb ola biləcək bütün hallar bu siyahıya daxil edilməyib. Bunlar daha çox təsadüf olunan səbəblərdir. İnsanlar çox zaman ağrıların şiş mənşəlli olmasından narahatdırlar. Bağırsaq xərçənginin ən çox rast gəlinən forması, yəni yoğun bağırsaq xərçənginin əlamətləri tamamilə fərqlidir. Bunlara arıqlama, qanitirmə və bağırsaqların fəaliyyətindəki dəyişikliklər aiddir.
Qastrit
Qastrit (mədə divarının daxili qatının iltihabı) qarının yuxarı şöbələrində ağrı ilə müşayiət olunur (döş sümüyünün bilavasitə altında təsbit edilir). Ağrı mədədə yanma hissi kimi təsvir edilir. Digər simptomlardan ürəkbulanma, qusma və qida qəbulundan sonra mədənin dolma hissi kimi hallar da müşahidə olunur.
Hansı müalicə üsulları məsləhət görülür?
Bəzi hallarda hər hansı müayinəyə ehtiyac olmur. Başqa sözlə, müayinə üsulları mədə-bağırsaq sisteminin hansı hissəsinin zədələnməsindən asılıdır.
Hansı müalicə nəzərdə tutulur?
Bu, ağrınızın başvermə səbəbindən asılı olur. Ağrıların bəziləri asanlıqla aptekdən aldığınız vasitələrlə müalicə edilir, bəziləri isə xəstəxana şəraitində müalicə tələb edir.
Növbəti addımınız nə olmalı?
Sizdə baş verən ağrının növünü buradakı təsvirlərə uyğun ayırd etməyi bacarmalısınız. Tezliklə sakitləşməyən və öhdəsindən gələ bilmədiyiniz ağrılar varsa, ailə həkiminizə müraciət etməlisiniz.
Mədə-bağırsaq traktını sağlam saxlamaq üçün nə etmək lazımdır?
Meyvə-tərəvəzə üstünlük vermək
Gün ərzində ən azı beş dəfə meyvə, yaxud da tərəvəzlə zəngin olan qida qəbul edilməlidir. Meyvə və tərəvəz çox qəbul etdikdə ürək-damar xəstəlikləri, insultlar və bağırsaq xərçənginin inkişaf etmə ehtimalı dəfələrlə azalır.
Meyvə və tərəvəzlər həmçinin:
- Təbii liflərlə zəngindir ki, bu da bağırsaqları sağlam saxlamağa kömək edir. Qəbizlik və divertikulyar xəstəlik (bağırsağın deşilməsini və peritonit təhlükəsi yarada bilən) kimi problemlər daha az təsadüf olunur.
- Orqanizmin sağlam fəaliyyəti üçün ehtiyac duyduğu vitamin və minerallarla zəngindir.
- Tərkiblərində yağların az olması ilə fərqlənirlər.
- Kalorisi aşağı olması ilə yanaşı, toxluq hissi yaradır.
Kobud lifli qidaya üstünlük vermək
Liflər qidanın həzm olunmayan hissəsidir. Kalorisi aşağı olmaqla yanaşı, toxluq hissi yaradır. Bağırsağın hərəkətini tənzimləyir, qəbizlik və digər problemlərin qarşısını alır. Liflər həmçinin xolesterol səviyyəsini endirməyə kömək edə bilər.
Sellülozalı qidalar, meyvə və tərəvəzlər kobud liflərlə zəngindir. Siz rəndələnməmiş düyü, ələnməmiş undan hazırlanan makaron məmulatı, kəpəkli çörək ilə qidalanırsınızsa, kobud lif ehtiyacını ödəmiş olursunuz. Paxlalılar da həmçinin liflərlə zəngindirlər. Gündəlik rasionunuz kobud liflə zəngindirsə, çoxlu maye qəbul etməlisiniz (gün ərzində ən azı 6-8 fincan).