Mingəçevir və Yevlax icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər seçilib
Son yeniliklərNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aparılmış araşdırmalar və əlaqədar dövlət qurumları ilə müzakirələr nəticəsində Mingəçevir şəhərini və Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçib.
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən xəbərə görə, pilot ərazilərin müəyyən edilməsi zamanı ərazilərin demoqrafik göstəriciləri, o cümlədən uşaqların, pensiyaçıların və iqtisadi fəal əhalinin sayı, mövcud tibbi xidmət şəbəkəsi və tibb müəssisələrinin (xüsusilə də xəstəxanaların) maddi-texniki vəziyyəti, tibbi personalla təchizatı, dövlət büdcəsindən ayrılan səhiyyə xərcləri nəzərə alınıb.
Bildirilib ki, rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə pilot layihənin tətbiqini sınaqdan keçirəcək. Bununla əlaqədar agentlik pilot ərazilərdə yaşayan əhalinin və tibb ictimaiyyətinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi və yeni maliyyələşmə sistemindən istifadəsini asanlaşdırmaq məqsədilə icbari tibbi sığortanın tətbiqi istiqamətində yerlərdə hazırlıq işlərinə başlayıb.
Qeyd edək ki, pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirməkdir.