Donuz qripi
Son yeniliklər“Donuz qripi” tənəffüs yollarının xəstəliyi olub H1N1 virusu ilə yoluxma səbəbindən inkişaf edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, virus “donuz qripi” adlansa da, əslində müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Belə ki, “donuz qripi” virusunun C və A qrip serotiplərinin – H1N1, H1N2, H2N1, H3N1, H3N2, H2N3 kimi ştammları da mövcuddur. Bu səbəbdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür.
“Donuz qripi” virusuna, adətən, fermer təsərrüfatı ilə məşğul olan insanlar yoluxur. Virusun donuzdan-donuza və donuzdan-insana yoluxmasına daha çox rast gəlinir. Yoluxmuş insanın nəfəsalması, asqırması zamanı virus hava ilə sağlam insanın burun boşluğuna və ya gözlərinə düşə bilər ki, bu da yoluxmanı təmin edir. Buna baxmayaraq, xəstə insandan digər insana yoluxma hallarına daha az rast gəlinir. Virusa yoluxmamaq üçün fermer təsərrüfatında mütəmadi profilaktika işləri görülməli, donuz əti və ondan hazırlanmış məhsullar mütləq şəkildə bişirilərək istifadə olunmalıdır. Belə olduqda, virusa yoluxma baş vermir.
“Donuz qripi”nin əlamətləri bunlardır:
- Hərarət
- Öskürək
- Boğaz ağrısı
- Əzələ ağrıları
- Baş ağrısı
- Ümumi zəiflik
Bəzən isə:
- İshal
- Ürəkbulanma
- Qusma
Profilaktika məqsədilə aşağıda göstərilənlərə əməl etmək tövsiyə olunur:
- Yeməkdən əvvəl əlinizi ən azı 20 saniyə isti su ilə yuyun.
- Əlinizi üzünüzdən uzaq saxlayın.
- Əllə görüşmədən qaçın.
- Görüşən zaman öpüşmədən qaçın.
- Ovucunuza və ətrafa deyil, qollar arasına öskürün və ya asqırın. Öskürək və ya asqıraq əllərinizə və paltarınıza düşübsə, yumaqla təmizləyin.
- Bədən müqavimətini yüksəldin.
- Tez-tez əllərin toxunduğu səthləri (qapı, stol, telefon və s.) təmiz saxlayın.
- Zəiflik hiss edirsinizsə, evdə qalmağa çalışın.
Ev şəraitində xəstəyə qulluq qaydaları:
- Xəstəni ayrıca otaqda izolə etmək.
- Xəstəyə qulluq zamanı birdəfəlik maska və ya respiratordan istifadə etmək, dörd saatdan bir onları dəyişmək.
- Xəstə ilə hər kontaktdan sonra əlləri sabunla yumaq.
- Xəstə olan otağın havasını vaxtaşırı dəyişmək.
- Otağı təmiz saxlamaq və ətrafı nəm üsulla yığışdırmaq.
“Donuz qripi”nin spesifik müalicəsi yoxdur. Virus əleyhinə dərmanlar istifadə edilə bilər. Amma virus tez bir zamanda bu dərmanlara qarşı tolerantlıq formalaşdırır. Odur ki, dərmanları yalnız ağır hallarda istifadə etmək məqsədəuyğundur. Virusa qarşı vaksinasiya da mövcuddur. Xəstəlik tez aşkarlandığı halda heç bir təhlükə törətmədən müalicə olunur.