Beynəlxalq Həkim Günü

Son yeniliklər

Hər il oktyabr ayının 3-ündə dünyanın bir çox ölkələrində “Beynəlxalq həkim günü” qeyd olunur. Bu gün dünya həkimlərinin həmrəylik və aktiv fəaliyyətlər günü hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi-humanitar təşkilatı bu bayramın təşəbbüskarları kimi çıxış etmişlər. Bu peşə bayramında müxtəlif seminarların, sərgilərin və təqdimatların keçirilməsi qəbul edilmişdir.

Həkimlik işi çətin və məsuliyyətli olub, hələ qədimdən çox dəyərləndirilən və hörmətlə yanaşılan və hər zaman ehtiyac duyulan peşələrdəndir. Hər insan həyatında heç olmasa bir dəfə həkimə müraciət edir, çünki gündəlik həyatı həkimlərsiz təsəvvür etmək çətindir.Hazırda təbabət bir elm kimi inkişaf etməklə çox irəliləmişdir. İnsanlar xolera, çiçək, vərəm, sibir xorası kimi ağır xəstəliklərə qalib gəlməşlər. Bütün bunlar isə insan həyatının orta davam müddətini artırmağa və bir çox insanların əziyyətini yüngülləşdirməyə imkan yaratmışdır.

Azərbaycan həkimləri peşə bacarıqlarına görə bu gün dünya həkimlərilə demək olar ki, bir səviyyədə durur, onların aktiv fəaliyyətləri sayəsində nəinki müxtəlif xəstəliklərin müalicəsi, həmçinin QİÇS və narkomaniyaya qarşı mübarizə, qeyri-infeksion xəstəliklərin profilaktika və maarifləndirməsi və s. üzrə də ölkəmizdə geniş işlər aparılır.