Baş həkim: Antibiotiklərdən kor-koranə istifadə etmək bizi mikroblar qarşısında “silahsız” qoya bilər

Son yeniliklər

Türkiyədə antibiotiklərə dair keçirilən konqresdə ölkəmizi Azərbaycanı Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının baş həkimi, dosent Ramin Bayramlı təmsil edib. O, beynəlxalq tədbirdə bölmələrdən birinə sədrlik etməklə yanaşı, həm də konqresin təşkilat komitəsinin üzvü olub. Ramin Bayramlı Türkiyədən qayıtdıqdan sonra konqresdə müzakirə olunan məsələlərlə bağlı təəssüratlarını bölüşüb.

AZƏRTAC ATU-nun mətbuat xidmətinə istinadla həmin müsahibəni təqdim edir.

- Konqresin mahiyyəti “ağıllı antibiotik istifadəsi”nin elmi-praktiki cəhətlərini və bu istiqamətdə yenilikləri mütəxəssislərin biri-biri ilə paylaşmasından ibarət idi. Antibiotiklər bəzi bakteriyaların səbəb olduğu infeksiyaların müalicəsində istifadə olunan, bakteriyaları öldürən və ya onların çoxalmasını dayandıran maddələrdir. Antibiotiklər ilk dəfə 1928-ci ildə alman alimi Aleksandr Fleminq tərəfindən kəşf olunub. Bir misalla antibiotiklərin əhəmiyyətini izah edə bilərik. Əgər bu maddələr kəşf olunmasaydı, İkinci Dünya müharibəsində ölənlərin sayı yüz milyonlarla olardı.

Dünya Səhiyyə Təşkilatının (DST) 1985-ci ildə Nairobidə keçirdiyi toplantı "ağıllı dərman istifadəsi" mövzusunu gündəmə gətirib və tədqiqatlara başlanılıb. DST-nin məlumatlarına görə, dünya miqyasında bütün dərmanların təxminən 50 faizinə uyğun olmayan formada resept yazılır və satılır. Bütün xəstələrin isə təxminən yarısı dərmanlarını qeyri-dəqiq formada qəbul edir. “Ağıllı antibiotik istifadəsi” dedikdə isə hər hansı bir şəxsin xəstəliyinə və fərdi xüsusiyyətlərinə görə seçilmiş antibiotiki uyğun müddətdə, dozada və ən aşağı miqdarda təyin etmək anlaşılır.

- Bəzi insanlar hərarəti yüksələn kimi antibiotiklərdən istifadəetməyə başlayırlar. Sizcə, bu nə dərəcədə düzgündür?

- Çox acınacaqlı haldır. İnsanlar bilməlidir ki, antibiotiklər dedikdə əsasən bakteriyalara təsir edən maddələr nəzərdə tutulur. Hərarətə isə digər mikroorqanizmlər, əsasən də viruslar səbəb olur. Bundan başqa, onlarla revmatoloji, onkoloji və sair xəstəliklər zamanı da bədən hərarəti yüksəlir. Qeyd edim ki, antibiotiklər viruslara təsir etmir. Bu maddələr antipiretik deyil, yəni qızdırmanı salmır. Bu maddələri kor-koranə istifadə etmək bizi getdikcə antibiotiklərə qarşı davamlılıq qazanan mikroblar qarşısında "silahsız" qoya bilər.

- Antibiotiklərə qarşı davamlılıq da problemlər yaradır?

- İlk antibiotik olan penisillinin ötən əsrin 40-cı illərində istifadəsinə başlanılandan çox qısa müddət sonra davamlılıq (bunu rezistentlik də adlandıra bilərik) problemi meydana çıxdı. Məhz bu səbəbdən yüzlərlə yeni antibiotik molekulunun kəşfi üçün tədqiqatlara başlanıldı, ancaq bunlardan istifadəyə uyğun olanları azdır, yəni işə yarayan molekul o qədər də çox deyil. XX əsrin sonlarından etibarən kəşf olunan antibiotiklərin sayı sürətlə azalmağa başladı. Son illər isə demək olar ki, yeni heç nə yoxdur. Bu, o deməkdir ki, biz həqiqətən də bakteriyalar qarşısında tam silahsız, çarəsiz qala bilərik. Dünyada tibbi manipulyasiyaların bu qədər sürətlə inkişaf etməsi özü ilə bərabər yoluxma riskini də artırır. Bəzi xəstəxanalar deyir ki, biz müasirik, xəstəxanamızda hər şey yüksək səviyyədədir. Amma vacib olan məqamlardan biri də budur ki, tibbi xidmətlər nə qədər müasirdirsə, nə qədər çox müasir əməliyyatlar aparılırsa, bir o qədər də yoluxma ehtimalı artır.

- Siz xəstəxana daxilində yayılan infeksiyaları nəzərdə tutursunuz?

- Tamamilə haqlısınız. Bu infeksiyalar çox təhlükəlidir. Xəstəxana daxilində olan infeksiyaların törədiciləri əhali arasında yayılan mikroblardan kəskin fərqlənir. Xəstəxana daxilində yayılan mikroblar antibiotiklərə qarşı daha çox davamlı olurlar. Sadə dildə desək, bu mikroblar daha çox antibiotiklərlə qarşılaşdığı üçün çoxlu sayda da antibiotiklərə davamlılıq qazanır, yəni həmin antibiotik molekullarını parçalaya bilən genetik, biokimyəvi və digər mexanizmlər qazanır. “Ağıllı antibiotik istifadəsi” bunun üçün lazımdır. Bakteriya nə qədər çox antibiotiklə qarşılaşarsa, bir o qədər də çox antibiotik istifadəyə yararsız olacaqdır.

- Çıxış yolu nədədir?

- Söhbətimizin əvvəlində bəhs etdiyimiz konqresdən bir qədər kənarlaşdıq. Konqresdə çıxış yollarını bu sahənin mütəxəssisləri ilə birgə müzakirə etdik. Bir neçə vacib məsələnin hər bir ölkədə öz həllini tapmasının vacibliyi vurğulandı. Birincisi, antibiotiklərin istifadəsini idarə etmək üçün xüsusi proqram hazırlanmalıdır. İngiliscə "Antimicrobial Stewardship" adlandırılan, mənası "Antibiotiklərin idarə olunması" anlamına gələn bu proqramların hazırlanması hər bir ölkə üçün milli təhlükəsizlik məsələsidir. ABŞ-da 2015-ci ilin iyununda "Antibiotiklərin idarə olunması"na dair forum keçirilib. Prezident Barak Obamanın göstərişi ilə Ağ evdə Federal Antimikrob Rezistentlik Alyansı tərəfindən "Antibiotiklərə rezistent bakteriyalarla mübarizə üçün milli Fəaliyyət Planı" işlənib hazırlanıb. Həmçinin Amerika İnfeksion Xəstəliklər Cəmiyyəti tərəfindən antibiotiklərin istifadəsini idarə etmək üçün xüsusi protokollar hazırlanıb. İngiltərədə də 2015-ci ildə "England guidelines for antimicrobial stewardship" adlandırılan protokollar hazırlanıb. Avropa ölkələrinin əksəriyyəti son illər ölkələrinin milli təhlükəsizliyi baxımından ən yüksək səviyyədə öz fəaliyyətlərini tənzimləyir. Hesab edirəm ki, ölkəmizdə bu istiqamətdə işlər görülməlidir. İkincisi, ən vacib məsələ antibiotiklərin kimlər, yəni hansı mütəxəssislər tərəfindən təyin olunması məsələsidir. Qonşu Türkiyədə və əksər Avropa ölkələrində bu məsələ artıq həllini tapıb. Antibiotikləri yalnız həkim-infeksionistlər, yəni yoluxucu xəstəliklər üzrə mütəxəssislər təyin edə bilər. Burada bəzi istisnalar ola bilər, məsələn, cərrahi profilaktika məqsədilə əməliyyatdan əvvəl tək doza verilən antibiotiklər istisna təşkil edir. Bütün bunlar da müvafiq protokol və qanunvericiliklərlə tənzim olunmalıdır. Bir məsələni də vurğulayım ki, ölkəmizdə yoluxucu xəstəliklər üzrə həkim-mütəxəssislərin hazırlığına xüsusi diqqət ayrılmalıdır. Üçüncüsü, antibiotiklərin reseptsiz satışı məsələsinə baxılmalı, bu məsələ də müvafiq qaydalarla tənzimlənməlidir. Bu baxımdan elektron resept nüsxələrinin tətbiqi məsələyə nəzarət etməyə imkan verə bilər. Ölkəmizdə elektron səhiyyənin fəaliyyətə başlaması təqdirəlayiq haldır. Hesab edirəm ki, dərmanların yazılmasına nəzarət də həllini tapmalıdır. Çünki son zamanlar təkcə xəstəxana daxilində deyil, eləcə da əhali arasında antibiotiklərə davamlı mikrobların yayılması ciddi narahatlıq doğurur. Bir daha deyirəm, belə davam edərsə, əlimizdə mikroblara təsir edə biləcək antibiotik qalmayacaq. Çünki yeniləri kəşf olunmur. Dördüncüsü, xəstəxanalarda ən müasir müalicə protokolları tətbiq olunmalı, konkret xəstəliklərə uyğun dozalar müəyyən edilməli və standartlaşdırma üçün bütün bunlar xəstəxanaların kompyuter bazasına daxil edilməlidir. Xəstəxanaların daxilində isə "İnfeksiyaya nəzarət" və "Antibiotik istifadəsinə nəzarət" komitələri qurulmalıdır. Çox sadə bir məsələ, əl gigiyenasına düzgün riayət olunması xəstəliklərin yayılmasının qarşısını alır. Bu, çoxlarına sadə görünə bilər, ancaq inanın ki, sizinlə birlikdə test etsək, əksər tibb işçilərinin bunu düzgün icra edə bilməyəcəyinin şahidi olacağıq. Beşincisi, bütün xəstəxanaların müasir mikrobioloji laboratoriyası olmalı, bu laboratoriyalarda mövcud standartlar tətbiq edilməlidir. Hazırda qəbul edilmiş 2 standart var: ABŞ Klinik və Laborator Standartlar İnstitutunun, bir də Avropa Antibiotiklərə Həssaslıq Testləri Komitəsinin standartları. Təəssüflə qeyd etməliyəm ki, bu standartların tətbiq olunduğu laboratoriyalarımız azdır. Ancaq rezidentura pilləsində yetişməkdə olan gələcəyin klinik mikrobiologiya mütəxəssisləri ilə bu boşluğu doldurmaq mümkündür.

Qeyd etdiyim kimi, virus xəstəlikləri kimi qeyri-bakterial xəstəliklər zamanı antibiotikdən istifadə olunmamalıdır. Bunun üçün dəqiq diaqnostik üsullar olmalıdır. Məsələn, uşaqlarda respirator virusları təyin edən sürətli üsullar mövcuddur. Uşaqlar arasında ishalların başlıca səbəbi rota və adeno viruslarıdır və bunları təyin edən üsullar vardır. Həmçinin yüksək hərarətlə müşayiət olunan bir sıra revmatik xəstəliklərə də asanlıqla diaqnoz qoymaq mümkündür. Bu xəstəliklər zamanı qətiyyən antibiotik istifadə olunmamalıdır. Bakterial infeksiyaların ən mükəmməl markerləri hesab edilən C-reaktiv protein, prokalsitonin kimi testləri bütün xəstəxanaların icra etmək imkanları olmalıdır.

Bunlardan başqa, baytarlıq praktikasında antibiotiklərin istifadəsinə ciddi nəzarət olunmalıdır. Heç kimə sirr deyil ki, bəzən baytarlıq apteklərindən kiloqramlarla antibiotik alınır. Heyvan mənşəli məhsulların tərkibində biz bu antibiotikləri qəbul etmiş oluruq. Həmçinin heyvanlar arasında da davamlı bakteriyalar yayılır.

- Müsahibənin yekunundan belə anlayırıq ki, antibiotiklər ölkələr üçün strateji əhəmiyyətli dərman maddələridir.

- Doğrudur. Bizim ölkəmizdə də antibiotiklərin istifadəsinin idarə olunmasına dair Dövlət Proqramı hazırlanmalıdır. Antibiotikləri istifadə edən bütün sahələrin mütəxəssisləri ən qısa müddətdə bir araya gələrək bu milli məsələyə öz töhfələrini verməlidirlər.