Autizm üçün Gəzinti

Son yeniliklər

2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı hər il 2 aprel tarixini "Ümumdünya Autizm Günü", aprel ayınınsa "Autizm Ayı" kimi qeyd edilməsini qərara alıb. Elə bu səbəbdən də "Birgə və Sağlam" İctimai Birliyi “Lider Qadınlar" İctimai Birliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə birgə hər il cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi, habelə ictimaiyyətin və hökumətin diqqətinin autik spektr pozğunluqları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəldilməsi məqsədilə həm Autizm Gününü, həm də Autizm Ayını çoxsaylı tədbirlərlə qeyd edir.

Bu tədbirlərdən biri Dənizkənarı Milli Parkda müxtəlif dövlət və özəl qurum nümayəndələrinin iştirak edəcəyi "Autizm üçün Gəzinti" olacaqdır. Məqsəd ictimaiyyətin diqqətini cəmiyyətimizdə ildən-ilə aktuallaşan autizm probleminə yönəltməkdir. Tədbirə gəzinti və havaya mavi (dünyada autizmin rəngi kimi qəbul edilib) şarların və Çin fənərlərinin buraxılması daxildir. Mavi rəngli köynəklər geyən dəvətlilər əllərindəki şarlar ilə bulvarın “Park Bulvar” AVM olan hissəsindəki yerindən Azneft meydanı istiqamətində gəzintiyə başlayacaqlar. Ən son dayandıqları hissədə mavi rəngdə olan şarları və dilək hava fənərlərini havaya buraxıb həmin zaman mavi rəngdə işıqlanacaq olan Alov Qüllələri, “Bakı Kristal Zalı”, ABŞ-ın Azərbaycandakı Səfirliyinin binası və Qız Qalası önündə çəkiliş olduqdan sonra tədbirimizə son veriləcəkdir.

2 aprel - Ümumdünya Autizm Günündə saat 18.30-dan 20.30-dək Dənizkənarı Milli Parkda baş tutacaq olan "Autizm üçün Gəzinti"də arzu edən şəxslər iştirak edə bilərlər. Gəzintidə iştirakçı sayı 100 ilə kifayətləndiyi üçün iştirak edə biləcək şəxslərin iştiraklarını öncədən bu səhifənin https://www.facebook.com/Aprel-D%C3%BCnya-Autizm-Maarifl%C9%99ndirm%C9%99-ay%C4%B1-286666988157617/?ref=ts&fref=ts mesaj bölməsinə yazıb göndərmələri arzuolunandır.

Tədbir günü isə aşağıdakı telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz:

Səadət Abdullazadə - 055-598-72-19