3 oktyabr Ümumdünya Alkoqolizmlə Mübarizə günüdür

Son yeniliklər

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan dünyasını dəyişir. Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb etmək və həll yollarını müəyyən etmək üçün hər il 3 oktyabr tarixi Ümumdünya Alkoqolizmlə Mübarizə günü kimi qeyd edilir.

Spirtli içkilərə həddən artıq aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Bu gün alkoqolizm ürək-damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir. Alkoqoldan kəskin istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxara bilər. Alkoqolizm nəticəsində mədənin selikli qişası, onun fermentasiya funksiyası pozulur. Spirt xüsusən qaraciyərə zərər vurur. Alkoqol qəbul etmə fonunda hepatit xəstəliyi ağır keçir, qaraciyər serrozu daha tez özünü biruzə verir, pankreatit müşahidə olunur və mədəaltı vəzinin zədələnməsi ilə diabet xəstəliyinin əmələ gəlmə ehtimalı xeyli artmış olur. Müntəzəm olaraq içki içən kişilərin təxminən 1/3 hissəsi impotensiyadan əziyət çəkir, qadınlarda reproduktiv funksiyanın fəaliyyəti  zəifləyir, dünyaya gətirdikıəri uşaqlar ağır qüsurlarla və ya ölü doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən  pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır. Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25%-i alkoqol istifadəsi ilə əlaqədardırdır.

Alkoqol aludəçiliyi sağlamlığa vurduğu zərərdən əlavə həm də bütövlükdə cəmiyyətin sosial və iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə  mənfi təsir göstərir.

Alkoqoldan zərərli istifadənin azaldılmasında həyata keçirilən qlobal strategiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üzvlərinin və dövlətlərin ümumi öhdəliyi hesab olunur. ÜST spirtli içkilərin təsirindən əmələ gələn xəstəliklərin qlobal yükünü azaltmaqda daimi fəaliyyət göstərir. Bu istiqamətdə ölkələrin əsas vəzifəsi alkoqoldan zərərli istifadənin azaldılmasına yönəlmiş siyasətin formalaşdırılması, monitorinq və qiymətləndirmənin həyata keçirilməsidir. Strategiyanın həm siyasi, həm də iqtisadi cəhətdən qəbul edilməsi və həyata keçirilməsi ilə insanların həyat və sağlamlıqlarını qorumaq olar.

Bu strategiyada yer alan önəmli bəndlərdən bir neçəsi:

  • Alkoqol içkilərinin marketingininin nizamlanmasının düzgün həyata keçirilməsi (əsasən gənclərə münasibətdə);

  • Alkoqolu rahat əldə etməkdə məhdudiyyətlərin qoyulması;

  • Sərxoş vəziyyətdə nəqliyyat vasitələrindən istifadənin qadağan olunmasında daha ciddi siyasətin həyata keçirilməsi;

  • Vergilərin və qiymətlərin ağırlaşdırılması ilə içkiyə olan təlabatın azaldıması;

  • İnformasiyalaşdırılma və siyasətə dəstəyin artırılması;

  • Alkoqol aludəçiliyi və pozulmalarında baha olmayan tibbi müayinə və müalicənin təmin edilməsi;

  • Alkoqol qəbulunun ziyanı və təhlükələri barədə skirininq proqramının və tədbirlərinin həyata keçirilməsi və s.