3 mart – Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığı Günü

Son yeniliklər

Hər il martın 3-ü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilmiş “Beynəlxalq Qulaq və Eşitmə Günü” kimi qeyd olunur.

Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin ən geniş yayılmış sezici (sensor) forması sayılır. ÜST-nin məlumatlarına görə, 275 milyondan artıq insan eşitmə qabiliyyətinin itirilməsi və pozulmasından əziyyət çəkir. Qulağın xroniki infeksiyaları (məxmərək, qızılca, parotit, meningit xəstəlikləri nəticəsində yaranan), həmçinin bəzi dərman preparatları və ətraf mühitin zərərli faktorları eşitmə qabiliyyətinin itirilməsinin və ağır eşitmənin əsas səbəbləri hesab edilir.

Eşitmə qabiliyyətini necə qoruyub saxlamaq olar?

 

  • Qan təzyiqinizə nəzarət edin. Arterial təzyiqi yüksək olan insanlarda başqalarından fərqli olaraq, eşitmə ilə bağlı problemlər, qulaqda küy və cingilti kimi xoşagəlməz əlamətlər daha çox yaranır. Bir neçə ay ərzində təzyiq normallaşmırsa, həkimə müraciət etmək vacibdir.

  • Qanda şəkərin səviyyəsinə nəzarət edin. Diabet xəstəliyi olan insanlarda eşitmə qabiliyyətinin pozulması halları sağlam insanlardan fərqli olaraq, 5 dəfə artıqdır.

  • Akustik travmalardan çəkinin. Daimi səs-küy, gurultu eşitmə itiliyini tədricən aşağı salır. 60 desibel və ondan artıq intensivlikdə olan güclü səsin təsiri akustik mikrotravmalara gətirib çıxarır.

  • Musiqini qulaqlıqlar vasitəsilə çalışın az dinləyin.

  • Profilaktik məqsədlə heç olmasa ildə bir dəfə otolorinqoloq müayinəsindən keçin. Çünki qulaqda yaranan tıxaclar da eşitmə keyfiyyətini aşağı salır.

 

Valideynlərin nəzərinə!

Uşağın qulağının təmizliyinə necə nəzarət etməli?

 

Qulaq özünü təmizləmə qabiliyyətinə malik orqan olduğundan xüsusi təmizləməyə ehtiyac yoxdur. Qulaqları yalnız xaricdən təmizləmək lazımdır. Yalnız tibb işçisinin göstərişi ilə qulaqlara hər hansı maye damızdırmaq olar.

Uşaqda qulaq ağrısı hansı səbəblərdən yarana bilər?

 

  • qulaq çirkindən tıxac yarandıqda

  • xarici qulaq keçəcəyində kəskin infeksiya olduqda

  • qulaq pərdəsində kəskin infeksiya olduqda

  • orta qulaqda maye olduqda 

Problemi müəyyən etmək üçün uşağı mütləq həkim müayinə etməlidir. Qulaq ağrısına ciddi yanaşmaq lazımdır, çünki bu, ciddi problemlərə gətirib çıxara bilər.

Uşaqda qulaq infeksiyasının qarşısını necə almaq olar?

 

  • Fikir vermək lazımdır ki, qulaqlara çirkli su düşməsin.

  • Uşağın qulaqlarını şapalaqlamaq olmaz, belə ki, bu, qulaq pərdəsinin zədələnməsinə səbəb ola bilər.

  • Qulaqda ağrı, eşitmənin zəifləməsi, qulaqda ifrazat kimi problemlərə sayıqlıq göstərməklə, qulaq infeksiyalarının erkən diaqnozunun qoyulmasını təmin edin.

  • Uşaqlara öyrədin ki, qulaqlara hansısa bir əşya (karandaş, pozan, saç sancaqları və s.) salmaq olmaz.

 

Qulaqların müalicəsində xalq təbabətindən və bitki vasitələrindən istifadə etmək olarmı?

 

Xeyr, olmaz! Çünki onlar xarici qulaq keçəcəyinin, orta qulağın qıcıqlanmasına və infeksiyanın yaranmasına gətirib çıxara bilər.

 

Uşağı hansı hallarda həkimə göstərmək lazımdır?

 

  • Qulaqda ağrı olduqda

  • Qulaqda ifrazat varsa

  • Eşitmə zəifləyibsə

  • Uşağın nitqinin inkişafında problem varsa

  • Tam ifadə etdiyiniz sözü uşaq anlamırsa