20 noyabr Ümumdünya Yol - Nəqliyyat Hadisələri Qurbanlarının Xatirə Günü

Son yeniliklər

BMT-nin Baş Assambleyasının 2005-ci ilin oktyabr ayında qəbul etdiyi qətnaməyə əsasən hər il 20 noyabr Ümumdünya Yol - Nəqliyyat Hadisələri Qurbanlarının Xatirə Günü (World Day of Remembrance for Road Traffic Victims) qeyd edilir. Bütün dünyada gün ərzində yol qəzası zamanı üç mindən çox insan dünyasını dəyişir, 100 minə yaxın insan isə müxtəlif növ ciddi bədən xəsarətləri alır.

Bu gün yol qəzaları zamanı dünyasını dəyişən insanların xatirəsi anılır, ailə üzvlərinə başsağlığı ifadə olunur.

BMT-nin məlumatlarına əsasən hər il 1 milyin 300 min nəfər insan yol-nəqliyyat hadisələrində həyatını itirir, 50 milyona qədər insan isə müxtəlif növ bədən xəsarətləri alır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına görə 2020-ci ildə yol-nəqliyyat hadisələri zamanı ölən və yaralananların faiz göstəricisi əsas ölüm səbəblərinin üçüncü sırasında dayanacaq. Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri yüksək surət, sərxoş vəziyyətdə nəqliyyatı idarə etmə, sürücü və sərnişinlərin təhlükəsizliyini təmin edən nəqliyyat vasitələri və  avadanlıqlarının texniki baxış proqramlarının mövcud olmamasıdır.

Yol-Nəqliyyat Hadisələri Qurbanlarının Xatirə Günü proqramı çərçivəsində hər il müxtəlif tədbirlər keçirən ölkələrin sayı getdikcə artmaqdadır.