2 oktyabr - Beynəlxalq Qeyri-Zorakılıq Günüdür

Son yeniliklər

2007-ci il 15 iyun tarixdən etibarən hər il 2 oktyabr “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd edilir. Bu tarix BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum gününə  təyin edilib. Qəbul olunmuş qətnamədə bu beynəlxalq günün məqsədi – sülh, dözümlülük, anlayışını və zorakılıqdan imtina mədəniyyətini insanlara çatdırmaqdır.

Müəyyən zamana qədər Azərbaycanda qadınlara qarşı zorakılıq və ya gender zorakılığı şəxsi və ya ailə daxili məsələlər kimi qəbul olunurdu.  Lakin son illər bu problem dövlət səviyyəsində müzakirəyə çıxarılır, qanunlar qəbul olunur, qadınlar üçün sığınacaqlar yaradılır, tibb işçilərinə tibbi və psixoloji yardım göstərilməsi üçün seminarlar təşkil olunur.

Azərbaycan Respublikası qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində, o cümlədən uşaqlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizəyə dair normativ hüquqi aktlar qəbul etmişdir.

2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, bu qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. 2012-ci ildə isə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında qanun qəbul edilmişdir. Bu qanun məişət zorakılığına məruz qalmış şəxslərə cinayət olmayan əməllərdən belə qorunmağa imkan verir (cinayət tərkibinin əlamətləri  olmayan şikayətlərə: pisixi təsir göstərmə, iqtisadi asıllılıqda saxlama, təhqir, təhdid, ictimai təcrid etmə və s. mənəvi zorakılıq halları daxildir).

Qəbul olunmuş qanunvericiliyə əsasən məişət zorakılığına məruz qalmış şəxslər dövlət vəsaiti hesabına (pulsuz) tibbi, psixoloji və hüquqi yardım əldə edə, müəyyən müddətədək polis tərəfindən təhlükəsizliyi təmin edilə, məişət zorakılığına məruz qalmış şəxslər üçün yaradılmış dövlət yardım mərkəzlərinə (sığınacaqlara) müraciət edə bilərlər.

Təəssüflə qeyd olunmalıdır ki, müasir dövrdə mövcud olan zorakılıq, sosial ədalətsizlik, terrorizm, müxtəlif ölkələr arasında toqquşmalar, silahlı münaqişələr bu tarixin vacibliyindən, mühüm əhəmiyyət kəsb etdiyindən və aktuallığından xəbər verir.