14 noyabr - Ümumdünya Diabetlə Mübarizə Günüdür

Son yeniliklər

Ümumdünya Diabetlə Mübarizə günü  1991-ci ildə Beynəlxalq Diabet Federasiyası (World Diabetes Day)  və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bütün dünyada şəkərli diabet xəstəliyinin artmasının qarşısını almaq məqsədi ilə yaradılıb.

Tarixdə ilk dəfə 1922-ci ildə gənc Kanada alimi Frederik Bantinq  şəkərli diabetin ağır formasından əziyyət çəkən  14 yaşlı oğlana insulin inyeksiyası tətbiq edərək həyatını xilas edib. Həmən ildə İnsulin preparatının hazırlanması üzrə hüquqları Kanada Tibbi araşdırmalar mərkəzi öz üzərinə götürərək preparatın satışını həyata keçirdi və XX əsrin biokimya və tibb sahəsinin ən böyük nailiyyəti kimi F.Bantinq Nobel mükafatı ilə  təltif olundu. Bantinq və onun həmkarı Çarlz Bestin bu kəşfi milyon insanın həyatını xilas etdi.

Hazırda dünyada 371 milyon insanda ŞD diaqnozu qeyd olunur. Güman olunur ki, 50 %-i öz xəstəliyi haqqında məlumatsızdır. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı bu ilin göstəricilərinə görə 182 min nəfər təşkil edir.

Bu xəstəliyin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirir.

Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilmişdir. Növbəti illər üzrə Nazirlər Kabinetinin 2010-ci il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanmış və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılmışdır.

Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artmışdır.

Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir.