10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günüdür
Son yeniliklərPsixi sağlam olmaq sağlamlığın ən önəmli hissəsidir. Bu, sağlamlığın elə bir rifah halıdır ki, bu zaman insan öz bacarıqlarını uğurla həyata keçirir, gündəlik həyatda stresslərə tab gətirə və iş fəaliyyəti ilə səmərəli məşqul ola bilir. Ona görə də psixi sağlamlıq sosial-iqtisadi, bioloji və ətraf-mühitdə olan faktorlarla bilavasitə əlaqəlidir. Məsələn, sosial-iqtisadi vəziyyətin aşağı olması cəmiyyətdə ayrı-ayrı şəxslər üçün psixi sağlamlığa təsir edən risk faktoru hesab edilir. Bu hal maddi vəziyyətin və təhsil səviyyəsinin aşağı olması ilə əlaqədar yaranır. Psixi pozğunluq həmçinin işdə stressli şərait, gender diskriminasiyası, sosial təcrid, sağlam olmayan həyat tərzi, zorakılıq riskləri və fiziki sağlamlığın itirilməsi, insan haqqlarının pozulması kimi sürətli sosial dəyişiklərlə də bağlıdır. Bioloji səbəbələrdən olan genetik faktor və beyində kimyəvi maddələrin disbalansının yaranmasından da insan həmçinin psixi pozğunluq qarşısında aciz qalır.
2013-cü ildə Ümumdünya Səhiyyə Assambleyası 2013-2020-ci illər üçün “Pisixi sağlamlıq sahəsində kompleks tədbirlərin görülməsi üzrə fəaliyyət planı”-nı təsdiq etmişdir. Plan psixi sağlamlığın qorunması və bu sahədə qlobal məqsədlərə çatmaq istiqamətində ÜST-ün bütün üzvlərinin həyata keçirməli olduqları konkret tədbirlərin qətiyyətini özündə əks etdirir. Faəliyyət planının həyata keçirilməsində əsas diqqət insan və vətəndaş cəmiyyətinin hüquqlarının qorunmasına, və ilkin səviyyədə tibbi yardımın göstərilməsinin möhkəmləndirilməsinə yönəlib.
Ölkəmizdə isə əhalinin psixi sağlamlığının qorunması üçün 23 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” qəbul olunmuşdur. Bu Strategiyanın həyata keçirilməsi üçün Səhiyyə Nazirliyinin Fəaliyyət planı mövcuddur ki, əhalinin psixi sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür.