UNFPA reproduktiv sağlamlıq xidmətləri ilə bağlı Azərbaycan hökumətinə dəstək göstərir

Son yeniliklər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu Azərbaycanda səmərəli fəaliyyət göstərir. Fond ölkənin reproduktiv sağlamlıq xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Azərbaycan hökumətinə davamlı dəstək göstərir.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri komitənin sədri Tahir Budaqov BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə yeni təyin olunmuş regional direktoru Karl Kulessa ilə görüşündə deyib.

T.Budaqov Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondu arasındakı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib. “Əhali Fondu ölkənin reproduktiv sağlamlıq xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Azərbaycan hökumətinə davamlı dəstək göstərir. Eyni zamanda, əhali və inkişaf üzrə məlumatın toplanması və təhlili, əhali və gender məsələləri ilə bağlı dövlət qurumlarının təşkilati və texniki bacarıqlarının gücləndirilməsinə də yardım edir”, - deyə T.Budaqov qeyd edib.

Karl Kulessa Azərbaycanda dövlətin demoqrafiya və əhali sakinliyi sahəsinə xüsusi diqqət ayırmasından, respublikanın müsbət demoqrafik göstəricilərindən məmnunluğunu ifadə edib. Eyni zamanda, K.Kulessa uşaqların cinsə görə nisbətinin pozulması məsələsinə toxunaraq bildirib ki, bu məsələ cəmiyyətdə mənfi fəsadların yaranması ilə nəticələnə bilər. Ona görə də dünyanın hər yerində uşaqların cinsə görə nisbətinin pozulması məsələsi ilə mübarizə aparılmalıdır.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.