Siqaret, yoxsa sağlamlıq
Son yeniliklərTütün və ikincili tütün tüstüsünün təsirləri haqqında 10 fakt
Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır – onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. İnsanın təmiz, tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür.
İkincili (ətrafa yayılan) tütün tüstüsünün qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir. O, yaşlı insanlarda xərçəng, ürək və digər ciddi xəstəliklərin inkişaf etməsinə gətirib çıxarır. Dünyadakı uşaqların demək olar ki, yarısı tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alırlar. Bu isə, astma xəstəliyi zamanı vəziyyəti ağırlaşdırır və təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Hər il ən azı 200 000 insan işlədikləri müəssisələrdə ikincili tütün tüstüsünü qəbul etmələri səbəbindən ölürlər.
Tütün tüstüsünün törətdiyi ölümcül təhlükələrdən yeganə qorunma yolu kimi tütün tüstüsündən AZAD mühitin yaradılması aşağıdakı FAKTLARA əsaslanır.
Fakt 1. Tütün dünyada böyüklərin hər on nəfərindən birinin ölməsinin səbəbkarıdır. Tütünün törətdiyi xəstəliklər nəticəsində 2005-ci ildə 5,4 milyon insan vəfat etmişdir. Başqa sözlə, tütün səbəbindən orta hesabla hər 6 saniyədə bir nəfər həlak olur. İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək ölənlərin sayının ildə 8 milyona çatacağı gözlənilir.
Fakt 2. Tütün, ondan mütəmadi şəkildə istifadə edənlərin demək olar ki, yarısını öldürür. Orta hesabla dünya əhalisinin 29%-i siqaret çəkənlərdən ibarətdir. Siqaretçəkmə qadınlara nisbətən (10,3%) kişilər arasında (47,5%) daha çox yayılıb.
Fakt 3. Dünyada 1 milyarda yaxın olan siqaret çəkənlərin 80%-i gəlirləri aşağı və orta səviyyədə olan ölkələrdə yaşayırlar. Əgər təcili tədbirlər görülməsə, 2030-cu ilədək tütünlə əlaqəli ölüm hallarının 80%-i inkişaf edən ölkələrin payına düşəcək.
Fakt 4. XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olmuşdur. Belə tendensiyaların davam etməsi XXI əsrdə bu səbəbdən 1 milyard insanın ölümü ilə nəticələnəcək.
Fakt 5. Tütün məhsullarının yanması nəticəsində yaranan tüstü ikincili tütün tüstüsü və ya ətraf mühitdə tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu adətən passiv siqaretçəkmə adlandırılır.
Fakt 6. İkincili tütün tüstüsü ilə nəfəs almaq sağlamlıq üçün TƏHLÜKƏLİDİR! Müəyyən olunmuşdur ki, tütün tüstüsündə 4000 zərərli kimyəvi maddələr vardır. Passiv siqaretçəkmə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və bu da sonda ölümlə nəticələnə bilir.
Fakt 7. Hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyadakı bütün uşaqların demək olar ki, yarısı) tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alırlar. Tütün tüstüsünün ikincili qəbulu uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn, astmanın) ağırlaşmasına gətirib çıxarır.
Uşaqları qoruyun:
Tütün tüstüsü ilə nəfəs almağa şərait yaratmayın! Onların təmiz nəfəs almaq hüququ var!
Fakt 8. Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən, hər il ən azı 200 000 işləyən insanlar iş yerlərində məruz qaldıqları tütün tüstüsünün təsiri nəticəsində həlak olurlar. Amerika Birləşmiş Ştatlarının Ətraf Mühitin Qorunması Agentliyinin məlumatlarına əsasən, siqaret çəkməyən insanlar arasında ağciyərin xərçəngi xəstəliyindən hər il ölkədə 3000 nəfər insan həlak olur. Bunu törədən səbəb isə ikincili tütün tüstüsünün təsiridir.
Fakt 9. İkincili tütün tüstüsünün təsiri, eləcə də səhiyyənin birbaşa və dolayı xərcləri şəklində ayrı-ayrı insanların, müəssisələrin və ümumilikdə cəmiyyətin iqtisadi xərcləri və məhsuldarlıq itkiləri ilə nəticələnir.
Fakt 10. İkincili tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir filtr, hətta birlikdə istifadə olunduqda belə qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz.
Yalnız siqaretçəkmədən 100% azad olan yerlər effektli təhlükəsizliyi təmin edə bilər!
YADDA SAXLAYIN!
Siqaret çəkmək sağlamlıq üçün təhlükəlidir!