Siqaret çəkmək sağlamlıq üçün təhlükəlidir!

Son yeniliklər

Yadda saxlayın!

Siqaret çəkmək sağlamlıq üçün təhlükəlidir!

Beynəlxalq tütünçəkmədən imtina günü!

Tütün epidemiyası və tütünlə qlobal mübarizə strategiyaları

 

Tütünçəkmə dünyanı bürümüş qlobal problemlərdən biridir və onunla mübarizə beynəlxalq səviyyədə aparılır.

Beynəlxalq Tütünçəkmədən İmtina Günü noyabr ayının üçüncü çərşənbə axşamı qeyd olunur. Bu tarix 1977-ci ildə Amerikanın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilmişdir.

1988-ci ildə ÜST Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilmişdir.

Dünyanın 50-dən artıq ölkəsinin imzaladığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 21 may 2003-cü il tarixli Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına Azərbaycan da 2005-ci il noyabrın 1-də qoşuldu. Bu Konvensiya tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən bəşəriyyətin ilk beynəlxalq razılaşmasıdır ki, ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının hər hansı formada reklamını qadağan edir.

Siqaret çəkənlərin sayının artım dinamikası narahatlıq doğurur. Bununla yanaşı, ictimai yerlərdə siqaret çəkildikdə ətrafdakılar özgəsinin siqaret tüstüsünü udmaqla passiv siqaret çəkməyə məruz qalırlar.

Son illər Avropa ölkələrində siqaretçəkməyə qarşı rəsmi səviyyədə sərt tədbirlər görülür. Bu tədbirlər əhalinin passiv siqaretçəkmədən xilas olunmasına yönəldilib.

Azərbaycanda da tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların, yeniyetmələrin və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istehlakının zərərli təsirinin azaldılması məqsədi daşıyır.

Dünya miqyasında, tütün məmulatlarından istifadə geniş vüsət almaqdadır, lakin tütünlə əlaqədar baş verən xəstəlik və ölüm epidemiyasının qarşısını almaq hələ də gec deyil.

 

ÜST-nin “MPOWER” adlı strategiyalar məcmusunda, tütün epidemiyasının qarşısını ala biləcək altı ən effektli strategiya əks olunub.

1-ci strategiya: tütündən istifadənin və profilaktika strategiyalarının monitorinqi

Tütündən istifadə və onun təsirinin qiymətləndirilmə sistemini gücləndirmək vacibdir. Hal-hazırda, dünya ölkələrinin yarısında (inkişaf edən ölkələrin 2/3-də) gənclər və yaşlılar arasında tütündən istifadəyə dair hətta minimum məlumat belə yoxdur.

2-ci strategiya: insanların tütün tüstüsündən qorunması

Dünya əhalisinin 2/3-i dövlət idarələrində və digər qapalı yerlərdə tütün çəkməyə icazə verilən ölkələrdə yaşayır. İş yerlərində tütün çəkmənin qadağan olunması siyasəti iqtisadi inkişaf etmiş ölkələrdə işçilər arasında tütündən istifadənin 29% azalmasına şərait yaratmışdır.

3-cü strategiya: tütündən imtina olunması məqsədilə yardımların təklif edilməsi

Tütünün təhlükələri barədə bilən tütün çəkənlərin 3/4-ü bu vərdişlərdən imtina etmək arzusundadır. Tütündən asılılığı müalicə edən kompleks xidmətlər dünya əhalisinin yalnız 5%-i üçün əlçatandır. Bu asılılığın aradan qaldırılması üçün tütün çəkənlərə yardım və dəstək göstərmək əksər insanlara faydalı olacaq.

4-cü strategiya: tütünlə bağlı təhlükələr barədə xəbərdarlıqların edilməsi

Tütün məmulatlarının qutularında olan xəbərdarlıqlar tütündən istifadənin qarşısını ala bilir. Yalnız dünya əhalisinin 6%-i yaşadığı 15 ölkədə qutuların üzərinə xəbərdarlığın yerləşdirilməsi  üçün azı 30% yer ayrılmasına məcbur edilir, “yüngül”, “qətranı az olan” kimi yanlış və aldadıcı yazıların qarşısını almaq üçün tədbir görülmədiyi ölkələrdə isə dünya əhalisinin 40%-i yaşayır.

5-ci strategiya: tütün məmulatlarının reklamı, satışının stimullaşdırılması və sponsor-luğuna qadağaların qoyulması

Dünyada yaşayan uşaqların təxminən yarısı tütün məmulatlarının pulsuz yayılmasına qadağa qoyulmayan ölkələrdə yaşayır. Tütün reklamına qoyulan qadağalardan əvvəl və sonra aparılan tədqiqatlar göstərdi ki, qadağadan sonra tütündən istifadə 16% azalıb.

6-cı strategiya: tütün məmulatlarına qoyulan vergilərin artırılması

Tütün məmulatlarına qoyulan vergilərin 10% artırılması adətən, yüksək gəlir səviyyəsi olan ölkələrdə tütündən istifadəni 4%, gəliri aşağı və orta səviyyədə olan ölkələrdə isə təxminən 8% azaldır. Tütün məmulatlarının qiymətlərinin 70% artırılması, tütünlə əlaqəli bütün ölüm hallarını azı ¼-dək azalda bilər.

Siqaret çəkməyə alüdəçilik çox vaxt yeniyetmə və gənc yaşlarında baş verir.  Yeniyetmələr  adətən özlərini böyüklərə oxşatmaq üçün əllərinə siqaret alır, sonra isə onu ata bilmir. Gənclər əsasən bekarçılıqdan, bir-birinin bəhsinə siqaret çəkməyə əl atır və getdikcə ona vərdiş edir. Əksər hallarda tütündən istifadə nəticəsində sağlamlığa dəyən zərər illər və hətta onilliklər keçdikdən sonra özünü büruzə verir. 

Beynəlxalq Tütünçəkmədən İmtina Günü bir daha öz sağlamlığımız, yaxın və doğmalarımızın sağlamlığı barədə düşünməyə vadar edir.

Bir gün siqaret çəkməkdən imtina etmək sağlam həyat tərzi istiqamətində və bu təhlükəli vərdişlə mübarizədə ilk addım ola bilər.