2–ci tip şəkərli diabeti olan insanların qidalanması

Son yeniliklər

2–ci tip ŞD–in əsasını insulinə qarşı bədən toxumalarının rezistentliyi təşkil edir. Bədən çəkisi normadan çox artıq olan (o cümlədən, piylənmə) və çox miqdarda qida qəbul edən şəxslərdə 2-ci tip şəkərli diabetin inkişaf riski artmış olur. İnsulindən asılı olmayan 2–ci tip ŞD-in müalicəsində əsas məqsəd karbohidrat mübadiləsini normallaşdırmaqdır. Bu tip ŞD–in əsas səbəbi hüceyrələrin insulinə həssaslığının azalması və ya rezistentliyidir və müalicənin də əsas məqsədi hüceyrələrin insulinə həssaslığını yaxşılaşdırmaqdır. 2–ci tip ŞD zamanı düzgün qidalanma və gündəlik fiziki aktivliklə hüceyrələrin insulinə həssaslığını artırmaq mümkündür. 

2–ci tip şəkərli diabeti olan insanların çox hissəsi artıq çəkili olur və həkim– endokrinoloq tərəfindən fərdi şəkildə təyin olunan pəhrizin əsasında da çəkinin azaldılması durur. Pəhriz təyin olunarkən insanın yaşı, cinsi və fiziki aktivliyi, yanaşı xəstəlikləri nəzərə alınır.

2–ci tip ŞD zamanı əsas məqsədlərdən biri çəkinin azaldılması olduğu üçün hər bir xəstəyə tələb olunan gündəlik kalori ehtiyacı fərdi olaraq hesablanmalıdır. Bədən çəkisinin hər kiloqramına qadınlarda 20 kalori, kişilərdə 25 kalori götürülür. Məsələn, 70 kq çəkisi olan qadının gündəlik kalori tələbatı 1400-ə bərabər olmalıdır (70 kq x 20 kalori  = 1400 kalori).

2–ci tip ŞD-li xəstələr daima pəhrizdə olduqları üçün qida rasionunun dadlı və rəngarəng olmasına diqqət yetirilməlidir. Həmçinin, qanda qlükozanın miqdarını artıra biləcək yüksək kalorili yemək və məhsulların qəbulunu məhdudlaşdırmağa çalışmalıdırlar. ŞD-i olan xəstələrin pəhrizi bitkilər və su ilə zəngin qida rasionundan ibarət olmalıdır. 

Şəkərli diabet zamanı “pəhriz masası №9”

Bu pəhriz masası yüngül və orta ağırlıqlı diabet xəstələri üçün nəzərdə tutulub, lakin həkim - dietoloqlar bütün diabet xəstələrinin xüsusi sistemli qidalanmasını vacib hesab edirlər. 9-№-li pəhriz masası özündə aşağı enerjili qidalanmanı əks etdirir. Bu pəhrizə əsasən zülalın normal qəbulu, yağların miqdarının azaldılması, karbohidratların isə nəzərəçarpan dərəcədə azaldılması nəzərdə tutulur. Bu qida rasionunda  şəkər, duz və xolesterin məhdudlaşdırılır.

ŞD zamanı istifadəsinə icazə verilən qidalar:

•  Göbələk və tərəvəz supu, doğramac, yağsız balıq bulyonu
•  Yağsız mal əti, dana əti, dovşan əti, toyuq
•  Çovdar və buğda çörəyi, kəpəkli çörək, 2–ci dərəcəli buğda unundan hazırlanan çörək
•  Buxarda bişmiş və bəzən qızardılmış yağsız balıq, konserv balıq (yalnız öz şirəsində olarsa)
•  Yağsız pendir, qaymaqsız süd, digər süd məhsulları, yoqurt
•  Həftədə 2 dəfə yumurtanın ağı (yumurtanın sarısını yemək məhdudlaşdırılır)
•  Darı, arpa, qarabaşaq və yulaf yarması
•  Kahı, balqabaq, xiyar, pomidor, kələm, badımcan. Tərəvəzləri bişmiş və ya qaynadılmış formada yemək olar. Bişməmiş (çiy) halda yeməyə üstünlük verilməlidir. Kartof gündəlik karbohidrat miqdarına uyğun olaraq qəbul edilməlidir.
•  Şirin olmayan meyvə və giləmeyvələr. Sorbitol və saxarinli jele, kompot və konfet
•  Çay, şirə və tərəvəz, meyvə və giləmeyvə həlimləri